Beynəlxalq kinofestival çərçivəsində
müsəlman ölkələrinin
filmləri nümayiş
etdirilir
Bakıda keçirilən
bu möhtəşəm kinofestivalda iştirakından məmnun
olduğunu bildirən almaniyalı kinoşünas və tənqidçi
Hans Yoahim Şleqel Azərbaycanda böyük səmimiyyət
və qonaqpərvərliklə
qarşılandığını demişdir. Hazırda biz
bir-birindən maraqlı filmləri izləyirik. Bu gün
dünya kinosunda baş verən mühüm yeniliklər
İslam ölkələrinin rejissorları tərəfindən
çəkilmiş filmlərdə də özünü
göstərir. Bu ekran əsərləri olduqca zəngin
süjet xətti ilə diqqəti cəlb edir. Filmlərdə
islami dəyərlərin təbliği ilə yanaşı, bəşəriyyəti
narahat edən problemlərə də xüsusi yer
ayrılmışdır.
Qonaq demişdir ki, 2009-cu
ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunması ilə festivalın coğrafiyası
genişlənmişdir. Çox sevindirici haldır ki, burada
İslam ölkələrini təmsil edən gənc və
istedadlı rejissorların filmlərini izləməklə
yanaşı, həm də onların bəziləri ilə
yaxından tanış ola bilirik.
Sonra türkiyəli
rejissor Özür Kızıltanın 2006-cı ildə
çəkdiyi "Takva" filmi nümayiş
etdirilmişdir. İslam dininin hər kəsi saflaşmağa
çağıran müqəddəs ehkamlarından,
insanı daim bütövlüyə, ülviliyə,
saflığa səsləməsindən, xoş amallar naminə
birləşən insanların bir-birinə sonsuz sevgisindən
bəhs edən bu ekran əsəri iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır.
Qeyd edək ki, festival
çərçivəsində təşkil olunmuş
müsəlman ölkələri filmlərinin panoramasında
rejissorlar Elçin Musaoğlunun "Qırxıncı
qapı" (Azərbaycan), Rüstəm Abdraşevin
"Stalinə hədiyyə" (Qazaxıstan), Rəsul Sədrəməlinin
"Hər gecə tənhalıq", Firuzə Xosrovaninin
"Manekenlər" (İran), Əyub Şahobiddinovun
"Yurta" (Özbəkistan), Filipp Dibinin "İtmiş
ruhun axtarışında" (Misir), Nurəddin Laxmarinin
"Kasaneqra" (Mərakeş) və Fadhel Cəzirinin
"Otuzuncular" (Tunis) ekran əsərlərinin
nümayişi nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 6.