"Əsrin müqaviləsi" yeni layihələrə yol açdı
"Əsrin müqaviləsi"
imzalandıqdan cəmi üç il sonra - 1997-ci il noyabrın
əvvəllərində İlkin Neft Layihəsi (İNL)
çərçivəsində "Çıraq"
platformasından hasilata başlandı. Bu hadisə göstərdi
ki, "Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarından dünya bazarına neft ixrac etmək
mümkün olacaq. Qarşıda "Azəri", "Dərinsulu
Günəşli" yataqlarının üç mərhələdə
işlənməsi dururdu. Odur ki, AÇG-dən hasilatın
getdikcə artacağı şəksiz idi. Bu isə
çıxarılan karbohidrogenlərin dənizdən sahilə
nəql olunması, ilkin emalı, yerləşdirilməsi və
nəhayət, alıcıya, sifarişçiyə
çatdırılması üçün yeni infrastrukturun
yaradılmasını tələb edirdi. Beləliklə, istər
"Əsrin müqaviləsi" çərçivəsində,
istərsə də bilavasitə ona bağlı olan yeni-yeni
layihələrin həyata keçirilməsi zərurətə
çevrilirdi. "Əsrin müqaviləsi"nin 15-ci
ildönümünə həsr olunmuş təntənəli
mərasimdə ölkə Prezidenti cənab İlham Əliyevin
dediyi kimi, kontraktın icrası nəticəsində Azərbaycana
milyardlarla, on milyardlarla xarici investisiya qoyulmağa
başlamışdı. Bizim bütün neft-qaz
infrastrukturumuz yeniləşdi.
Xəzərdə sualtı kəmərlər çəkildi
İlk növbədə
Xəzərin Azərbaycan bölməsindəki sualtı xətlərin
şəbəkəsi genişləndirilməyə
başladı. "Azəri" yatağının neftini və
səmt qazını sahilə nəql etmək
üçün ayrıca kəmərlər inşa olundu. Dənizdən
Səngəçaladək hərəsinin uzunluğu 187
kilometr olan 30 düymlük iki neft və 28 düymlük bir
qaz kəməri çəkildi.
İşlər
çox mürəkkəb şəraitdə gedirdi. Dənizin
dibi ilə kəmər çəkmək o qədər də
asan məsələ deyil. Təkcə "Mərkəzi Azəri"
yatağında boru xətləri keçən sahədə
suyun dərinliyi bəzən 180 metrə çatırdı. Lakin
mütəxəssislər və fəhlələr
"İsrafil Hüseynov" borudüzən barjının,
"Akademik Tofiq İsmayılov" dalğıc gəmisinin
və digər su nəqliyyatının qoynunda əsl hünər
göstərərək bu vəzifənin öhdəsindən
layiqincə gəlirdilər. Dənizdə havaların tez-tez dəyişməsinə
baxmayaraq, gün ərzində bəzən 2,5 kilometr boru
düzülürdü.
Xatırladaq ki, "Azəri"
yatağının özü üç hissədən - mərkəzi,
qərb və şərq hissələrindən ibarətdir. Ona
görə də hərəsi ayrılıqda bir yataq olan bu
hissələr arasında çoxsaylı daxili kəmərlər
inşa edildi və sonra qaynaq vasitəsilə bir-birinə
calandı. Bir sözlə, təkcə "Azəri" yatağı
üçün çəkilən sualtı boru xətlərinin
ümumi uzunluğu 600 kilometrə çatdı.
Daha sonra "Dərinsulu
Günəşli"dən də sualtı borular çəkildi
və onlar mövcud neft və qaz kəmərlərinə birləşdirildi.
Beləliklə, "Azəri" yatağı işlənməyə
başlandığı dövrdən Xəzərin Azərbaycan
bölməsində çəkilən kəmərlərin
ümumi uzunluğu 1000 kilometri ötdü (Buraya "Şahdəniz"dən
çəkilən və ümumi uzunluğu 274 kilometr təşkil
edən qaz, kondensat və monoetil-qlikol kəmərləri də
daxildir).
Sualtı kəmərlərin
sayı 21-ə çatdı. Bu kəmərləri çəkmək
üçün ümumi çəkisi yarım milyon tondan
çox olan borulardan istifadə edildi.
Səhrada möhtəşəm terminal tikildi
Sualtı borular nefti və
qazı Səngəçal terminalına gətirir. Saysız-hesabsız
qurğular karbohidrogenləri texnoloji emal edir. Neftin və lay
sularının saxlandığı nəhəng çənlər
uzaqdan diqqəti cəlb edir. Bu gün terminal həm də
regionumuzun neft-qaz ixracı mərkəzinə çevrilib.
Terminal Bakıdan 55 kilometr cənubda yerləşir. Cəmi
on il qabaq yarımsəhra zonada belə bir möhtəşəm
obyektin yaranacağını bəlkə də
çoxları heç gözü önünə gətirə
bilməzdi. Lakin "Əsrin müqaviləsi" çərçivəsində
görülən bir sıra misilsiz işlər
sırasında bu da mümkün oldu.
Terminalın genişləndirilməsinə
2002-ci ilin əvvəlində başlandı. Proqram, az qala, yeddi
illik bir dövrü əhatə etdi və bunun müqabilində
görülən işlərin miqyası da ölçüyəgəlməzdir.
Azərbaycan neftinin və
qazının dünyaya yolu buradan başlanır. Başqa
sözlə, bir neçə neft və qaz ixracı kəməri
öz başlanğıcını buradan götürür. Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
birinci və ən böyük nasos stansiyası məhz
terminalın ərazisində yerləşir. BTC-nin keçdiyi
yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət
buradan, Səngəçaldan həyata keçirilir.
Səngəçalda
ayrıca "Şahdəniz" sahəsi var. Yataqdan
daxil olan qaz burada texnoloji emaldan keçirilir. Sonra "Şahdəniz"
qazı Cənubi Qafqaz Boru Kəmərinə vurulur. Bunlarla
yanaşı, Səngəçalda elə kəmərlər
də var ki, AÇG-nin səmt qazını və
"Şahdəniz"dən çıxarılan qazı Azərbaycandakı
istehlakçılara çatdırır.
Terminalın
böyüklüyünü və möhtəşəmliyini
təsəvvür etmək üçün digər faktlar və
rəqəmlər də dəstəkçimiz ola bilər. Məsələn,
onun ərazisi 542 hektar sahəni əhatə edir. Layihənin əməliyyatçısı
olan bp şirkətində müqayisələri çox sevirlər.
Odur ki, terminalın ərazisinin 600-dən çox futbol
meydançasının sahəsinə bərabər
olduğunu hesablayıblar.
Səngəçal
terminalında Bakıdakı "Qız qalası"ndan iki dəfə
hündür olan bir yüksəklik də var. Bu, "Şahdəniz"
qaynar neft qızdırıcısının
çatdığı ən hündür nöqtədir.
Daha bir maraqlı fakt. Hesablanıb
ki, təkcə 2007-ci ildə terminalda emaldan keçmiş
neft Azərbaycan ərazisini ən azı 1,5 metr
qalınlığında örtməyə kifayət edər.
Bir sözlə, terminalın ərazisi o qədər
böyükdür ki, bp-nin və
podratçılarının işçiləri bir ay ərzində
burada 75 min kilometr məsafə qət edirlər. Bu, ekvator xəttinin
uzunluğunu göstərən rəqəmdən, az qala, iki dəfə
çoxdur.
Üçüncü minilliyin nəhəng mühəndis
qurğusu yaradıldı
İldən-ilə artan
neft həcmlərini nəql etmək üçün
Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin
gücü, təbii ki, kifayət deyildi. Bu səbəbdən
də yeni, qlobal bir ixrac marşrutunun yaradılması zərurəti
ortaya çıxdı. Beləliklə, müəllifi
ümummilli lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan kəmərinin
çəkilməsi reallaşmağa başladı.
BTC bir çox sınaqlardan keçdi və ulu öndər Heydər Əliyevin səyi, mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi. Bədxahlarımız deyirdilər ki, bu kəmər çəkilsə də, rentabelli olmayacaq. Guya Azərbaycanın onu doldurmaq üçün yetərincə nefti yoxdur. Lakin 2005-ci ilin fevral ayında "Azəri" yatağının mərkəzi hissəsindən neft alındı. Növbəti ilin əvvəlində "Qərbi Azəri", sonunda isə "Şərqi Azəri" neft verdi. 2005-ci ilin may ayından AÇG nefti BTC-yə vurulmağa başladı.
Keçən ilin aprel ayından "Dərinsulu Günəşli" yatağından da neft hasil olunur. Hazırda AÇG-dən gün ərzində 900 min bareldən çox neft çıxarılır və əsasən BTC kəməri ilə dünya bazarlarına göndərilir. "Əsrin müqaviləsi"nin 15 illik yubileyində Prezident İlham Əliyev bu boru xəttinin əhəmiyyətini bir daha vurğulamışdır: "Azərbaycan dövlətinin iradəsi, xarici neft şirkətlərinin uğurlu fəaliyyəti, beynəlxalq dəstək nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri müvəffəqiyyətlə tikildi, istismara verildi və bu gün Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır".
Bir ilə yaxındır ki, kəmərə Qazaxıstanın "Tengiz" yatağından çıxarılan müəyyən qədər neft də vurulur. Yaxın gələcəkdə bu ölkə BTC-yə, həmçinin, "Kaşaqan" dəniz yatağından çıxardığı neftin bir hissəsini də qoşacaq.
BTC Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Hazırda onun gündəlik ötürücülük gücü 1,2 milyon barelə çatdırılıb. AÇG yataqlarında yeni quyular qazıldıqca və hasilat artdıqca kəmərlə hər gün bu qədər nefti nəql etmək də mümkün olacaq.
Dövlətimizin başçısı neft-qaz layihələrinin son 15 ildə Azərbaycana gətirdiyi iqtisadi qüdrət və siyasi nüfuzdan bəhs edərək demişdir: "Böyük investisiya layihələri Azərbaycanı dünya birliyinə tanıtdı. Ondan sonrakı dövrdə xarici neft şirkətləri ilə imzalanmış digər layihələr də Azərbaycana böyük uğurlar gətirdi".
Xəzərin Azərbaycan sektorunda yeni yataqlar kəşf edilir. Ölkəmiz yeni neft və qaz layihələrinə imza atır. "Əsrin müqaviləsi"ndən başlanan yol uğurla irəlilədikcə, Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən ölkə kimi şöhrətini artırır. Bütün bunlar ölkəmizə öz zəngin karbohidrogen ehtiyatlarının nəql marşrutlarını diversifikasiya etməyə, şaxələndirməyə imkan yaradır.
Flora SADIQLI
Azərbaycan.- 2009.- 20
sentyabr.- S. 7.