Bir vaxtlar Üzeyir
Hacıbəylinin söylədiyi: "Bəşəriyyət
tarixində elə sənətkarlar və şəxsiyyətlər
var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə
bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək
və tərəqqisinə səbəb olmaq üçün
yaranıblar. Bu cür adamlar nəinki
sağlığında, öləndən sonra da camaata mənfəət
veriblər" - fikri bu gün ilk növbədə dahi sənətkarın
öz ünvanına aid edilir. Çünki bəstəkarın
əsərləri - "Leyli və Məcnun",
"Koroğlu", "Arşın mal alan", "O
olmasın, bu olsun" və digər operettaları Parisdə,
Londonda, Ankarada, Nyu-Yorkda, Çikaqoda və başqa iri şəhərlərdə
tamaşaya qoyularaq bəşəriyyət tarixinə
düşüb. Əbədilik qürur ünvanımız
olan Üzeyir bəyin adı xalqımızın dilində həmişə
iftixarla səslənir. Hər il sentyabrın 18-i bəstəkarın
doğum günü, həm də milli musiqi günü kimi
qeyd olunur. Ənənəvi olaraq bu il də bütün mədəniyyət
ocaqlarında Üzeyir bəyə həsr olunmuş tədbirlər
keçirilir.
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası da Beynəlxalq musiqi həftəsi çərçivəsidə
"Azərbaycanın görkəmli şəxsiyyətləri"
seriyasından "Üzeyir Hacıbəyli. Biblioqrafiya"
kitabının təqdimat mərasimini keçirdi.
Layihənin rəhbəri
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevdir.
Tədbiri kitabxananın
direktoru Kərim Tahirov açaraq bəstəkarın həyat
və fəaliyyətinin bütün dövrlərini əks
etdirən biblioqrafiyasının əhəmiyyətindən
geniş söz açdı. Bildirdi ki, kitabxananın əməkdaşları
tərəfindən tərtib edilmiş biblioqrafik kitabda dahi bəstəkarın
həyat və yaradıcılığı hərtərəfli
işıqlandırılmışdır. Onu da qeyd etdi ki, bu
kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən
1985-ci ildə hazırlanmış biblioqrafiyanın yenidən
işlənilmiş və artırılmış nəşridir
və 1905-ci ildən 2008-ci ilədək olan dövrü əhatə
edir və dörd bölmədən ibarətdir.
Bölmələrə
bəstəkarın həyat və
yaradıcılığının əsas məqamları,
yaradıcılıq yolunun ümumi xarakteristikasına həsr
olunmuş oçerk, bəstəkarın musiqi əsərləri
ayrı-ayrı məcmuələrdə, jurnallarda, qəzetlərdə
dərc olunmuş məqalələri, eləcə də
Üzeyir Hacıbəyli haqqında ədəbiyyat daxildir.
Sonra respublika Mədəniyyət
və Turizm Nazirliyi aparatının rəhbəri Firudin
Qurbanov, Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi,
S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymur və kitaba
ön söz yazmış AMEA-nın müxbir üzvü
Zemfira Səfərova Üzeyir Hacıbəyli irsi barədə
geniş söhbət açdılar. Vurğuladılar ki, belə
biblioqrafiyalar bəstəkarlar, musiqişünaslar, tədqiqatçılar,
Azərbaycan Dövlət Musiqi Akademiyasının müəllim
və tələbə heyəti, ictimaiyyət, musiqisevərlər
üçün çox dəyərli töhfədir.
Tədbirin sonunda bəstəkarın
əsərlərindən, onun haqqında yazılan kitablardan
ibarət geniş sərgiyə baxış keçirildi.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 9.