Azərbaycanın iqtisadi qüdrəti artır
Hər bir dövlətin
demokratiklik əmsalı siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi,
cəmiyyət qarşısında götürdüyü
öhdəliklərə sadiqliyi ilə yanaşı,
sosial-iqtisadi inkişaf göstəricilərilə də
müəyyən edilir. Son beş il yarımda ölkə rəhbərliyinin
bu prinsipi əsas götürərək hər bir vətəndaşın
mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi
islahatlar xəttini uğurla davam etdirməsi böyük nəticələrə
gətirib çıxarmışdır. Azərbaycanda elmi əsaslar üzərində
gerçəkləşdirilən sosial-iqtisadi strategiya sabit
iqtisadi və siyasi sistemin yaradılmasına, sosial problemlərin
həllinə, əhalinin maddi rifah halının,
alıcılıq qabiliyyətinin yüksəlməsinə
imkan yaratmışdır.
Azərbaycanın
davamlı iqtisadi inkişafı dünya miqyasında
nüfuzunun yüksəlməsinə, özünüifadəsinə
geniş imkanlar yaratmışdır. Ölkəmizdə qlobal və regional
layihələrin reallaşdırılması, bölgələrin
tarazlı inkişafına hesablanan dövlət proqramlarının
təsdiq edilməsi, qeyri-neft sektorunun daha da möhkəmlənməsi
məqsədilə dövlət tərəfindən
ardıcıl tədbirlərin davam etdirilməsi
bugünkü uğurlarımzı şərtləndirmişdir.
Respublikamızda sosial problemlərin həlli - işsizliyin,
yoxsulluğun aradan qaldırılması, infrastrukturun
bütün sahələrdə yeniləşdirilməsi
istiqamətində atılan addımlar mühüm nəticələrə
gətirib çıxarmışdır. Bazar iqtisadiyyatı
prinsiplərinin cəmiyyətdə özünə dayaqlar
tapması, özəl sektorun inkişafı, iqtisadiyyatın
liberallaşdırılması uğurlu iqtisadi siyasətin
müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının,
büdcə təşkilatlarında çalışan
işçilərin məvaciblərinin, sosial pensiya və
müavinətlərin davamlı artırılması dövlətin
vətəndaşlara olan diqqət və
qayğısının bariz təcəssümüdür. Azərbaycanın
bölgələri arasında inkişaf fərqinin aradan
qaldırılması istiqamətində atılan addımlar
böyük nəticələr vermişdir.
Azərbaycanda
görülmüş qabaqlayıcı tədbirlər nəticəsində
dünyanın inkişaf etmiş ölkələrinin
iqtisadiyyatına ciddi təsir göstərən qlobal maliyyə
böhranından da yan keçmək mümkün olmuşdur.
Əldə olunan nəticələr
ölkə rəhbərliyinin apardığı iqtisadi
inkişaf strategiyasının alternativsizliyini sübuta yetirir.
Prezident İlham Əliyev bildirmişdir:
Azərbaycan iqtisadiyyatı
çox güclüdür. Bu böhranlı aylara, -
bütün dünyanı maliyyə böhranı
bürüyüb, - baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə
gedir. Bu ilin altı ayında təxminən 4 faiz iqtisadi
artım vardır. Bizim büdcə gəlirlərimiz də
lazımi səviyyədədir, büdcə xərcləri də
vaxtında icra olunur. Sosial siyasətin uğurla davam etdirilməsi
üçün əlbəttə ki, Azərbaycanda iqtisadi
islahatlar davam etdirilməlidir. Son illər ərzində
bütün bölgələrdə böyük quruculuq
işləri aparılır. Bütün bölgələrdə
müasir infrastruktur - məktəblər, tibb ocaqları,
elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri,
su kəmərləri çəkilir, yəni insanın
yaşaması üçün hər şey edilir".
2009-cu ilin altı
ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 41 şəhər və rayonda 770 sahibkarlq
subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə
45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da
regionlarda 3400-ə yaxın yeni iş yerinin
açılmasına imkan verəcəkdir. Bu il sahibkarlığın
inkişafı üçün daha böyük vəsaitin
ayrılması nəzərdə tutulur. Dövlət tərəfindən
ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi
olaraq kənd təsərrüfatının inkişafı
üçün subsidiyalar nəzərdə tutulmuşdur.
Cari ilin yeddi ayında əsas
kapitala yönəldilən ümumi investisiyanın 73,3 faizindən
qeyri-neft, 26,7 faizindən neft bölmələrində istifadə
edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə qeyri-neft bölməsinə yönəldilən
investisiyanın həcminin 4,5 faiz çoxalması deməkdir.
Ötən müddətdə
iqtisadi və sosial sahələr üçün bütün
maliyyə mənbələrindən əsas kapitala 4082,5 milyon
manat vəsait yönəldilib. Əsas kapitala yönəldilən
daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib.
Belə ki, əsas kapitala yönəldilən vəsaitin 82,7
faizini daxili, 17,3 faizini isə xarici investisiyalar təşkil
edib. Daxili investisiya əvvəlki ilin müvafiq
dövrünün səviyyəsinə nisbətən 6,8 faiz
artıb və bu investisiyanın 69,7 faizi dövlət, 30,3
faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin
payına düşür.
Mərkəzi Bankın
məlumatına görə, avqustun 1-nə kredit təşkilatlarında
yerləşdirilmiş depozit və əmanətlərin
ümumi məbləği 4 milyard 154 milyon manat təşkil
etmişdir. Bunun 1
milyard 999,3 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir
ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 13,2 faiz çoxdur. Depozitlərin 2 milyard
154,7 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının
payına düşür. İqtisadiyyatın sahələr
üzrə cəmi kredit qoyuluşları 7 milyard 229,2 milyon
manat təşkil etmişdir.
Dünyanın
nüfuzlu beynəlxalq qurumları da öz hesabatlarında Azərbaycan
iqtisadiyyatındakı dinamik inkişafı müsbət qiymətləndirərək
bu inkişaf tendensiyasının davamlı olacağını
proqnozlaşdırırlar. Ölkəmiz Dünya İqtisadi Forumunun reytinqində
mövqeyini daha da möhkəmləndirmişdir. Dünya
İqtisadi Forumunun "2009-2010-cu illərdə dünya
ölkələrinin rəqabət qabiliyyətli
iqtisadiyyatları haqqında Hesabat"ında Azərbaycan bu
ilin nəticələrinə görə 18 pillə irəliləmiş
və iqtisadi göstəricilərinə görə bir
çox inkişaf etmiş dövlətləri də geridə
qoymuşdur. Sənəddə qeyd edilir ki, "Azərbaycan
makroiqtisadi sabitlik, yüksək milli yığımlar,
böyük büdcə profisiti və dövlət borcunun
azaldılması ilə səciyyələnir".
Sənəddən
görünür ki, Azərbaycan ötən ilki 34-cü pillədən
13-cü pilləyə yüksəlmişdir. Əmtəə bazarı üzrə
göstəricilərdə isə 18 pillə - 89-cu pillədən
71-ci pilləyə sıçrayış qeydə
alınmışdır. İnkişaf göstəriciləri
sırasında fərdi biznesin qeydiyyatı üçün
müddətin 30 gündən 16 günə, tələb
olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi
də müsbət amil kimi qeyd olunmuşdur.
Bu günlərdə
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasınn
tərtib etdikləri sahibkarlıq fəaliyyəti
üçün əlverişli şərait reytinqi də
("Biznesin aparılması 2010: çətin vaxtda
islahatlar", "Doing Business-2010")
açıqlamışdır. Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutmuşdur.
Ekspertlər hesab edirlər ki, biznes sahəsində aparılan
son islahatlar ölkəmizdə sahiblkarlıq fəaliyyəti
üçün əlverişli şərait
yaratmışdır.
Hesabatda Azərbaycan
biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci,
biznesin başlanmasına görə 17-ci, işə qəbula
görə 33-cü, əmlakın qeydiyyatına görə
9-cu, kreditlərin alınmasına görə 15-ci,
investorların qorunmasına görə 20-ci, müqavilələrin
icrasının təmin edilməsinə görə 26-cı
olmuşdur.
Beynəlxalq maliyyə
qurumlarının son hesabatları Azərbaycan
iqtisadiyyatının sürətli inkişafını bir daha
nümayiş etdirməklə, ölkəmizdə özəl
sektorun möhkəmləndiyini və əlverişli biznes
mühitinin olduğunu sübuta yetirdi. Ölkə rəhbərliyinin yeni mərhələdə
uğurla davam etdirdiyi iqtisadi islahatlar xətti Azərbaycanın
beynəlxalq aləmdə mövqelərini gücləndirməkdədir.
Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 1.