Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün komissiyanın tərkibinin təsdiq edilməsi haqqında

 

Son illərdə Azərbaycan Respublikasında neft-qaz strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Bu əsasən neft hasilatının sabitləşdirilməsi, təbii və səmt qazlarının hasilatının kəskin şəkildə artırılması və bunun hesabına ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir.

Hazırda fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələri hasil olunan karbohidrogen resurslarının emalı hesabına respublika iqtisadiyyatının tələbatını əsasən ödəyir.

Lakin son illərdə neftin emal dərinliyinin xeyli artaraq dünya standartları səviyyəsinə çatdırılmasına baxmayaraq, təbii və səmt qazlarının emalı, neft-kimya sənayesi müəssisələrinin səviyyəsi, neft məhsullarının çeşidləri və keyfiyyəti dünya standartlarına hələlik cavab vermir.

 Bununla bağlı neft-qaz sənayesində olan problemlərin həlli üçün karbohidrogen resurslarının müasir standartlara uyğun kompleks şəkildə emalının təşkil edilməsi zərurəti yaranır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişafı yollarının əsas prioritet istiqamətini müəyyənləşdirmək və iqtisadi, ekoloji cəhətdən əsaslandırılmış təkliflər hazırlamaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya təsdiq edilsin:

 

Komissiyanın sədri:

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Şahin Mustafayev -Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov -Azərbaycan Respublikasının maliyyə naziri

Natiq Əliyev -Azərbaycan Respublikasının sənaye və energetika naziri

Hüseynqulu Bağırov -Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kərəm Həsənov -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Mahmud Kərimov -Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

Məcid Kərimov -Azərbaycan Respublikasının "Azərikimya" Dövlət Şirkətinin prezidenti

Rasim Dadaşov -Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri

2. Komissiya üç ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 1.