Çexiya Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir

 

Sentyabrın 23-də Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Prşemısl Sobotka hava limanında jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi ölkələrimiz arasında mövcud olan siyasi və iqtisadi münasibətləri, eləcə də parlamentlərarası əlaqələri daha da genişləndirmək və dərinləşdirməkdir. Olduqca maraqlı və zəngin səfər proqramı olduğunu vurğulayan qonaq səfər çərçivəsində çoxlu görüşlər keçirəcəyini bildirmişdir.

Çexiya Senatının sədri qeyd etmişdir ki, onun ölkəsi Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasına xüsusi önəm verir. Çexiyanın Avropa İttifaqına sədrliyi dövründə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bu məsələyə böyük diqqət yetirirdik. Biz yenə də məsələyə həssaslıqla yanaşırıq və istəyirik ki, bu məsələdə daha da irəli gedək.

Səfər çərçivəsində Çexiya Senatının sədri Milli Məclisdə, Nazirlər Kabinetində bir sıra görüşlər keçirəcək, Heydər Əliyev Fondunda və Bakı Slavyan Universitetində olacaq, Azərbaycan-Çexiya biznes forumunun açılışında iştirak edəcəkdir.

Prşemısl Sobotka Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  24 sentyabr.- S. 3.