Azərbaycanın xarici işlər naziri
Nyu-Yorkda işgüzar səfərdədir
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
sentyabrın 22-də nazir Elmar Məmmədyarov dünyanın
ən nüfuzlu təhsil müəssisələrindən olan
Nyu-Yorkdakı Kolumbiya Universitetinin Beynəlxalq və
İctimai Məsələlər Məktəbində
(SİPA) "Azərbaycanın xarici siyasəti: təsir edən
amillər və prioritetlər" mövzusunda
çıxış etmişdir.
Nazir E.Məmmədyarov
təqdimatında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin acı nəticələri,
problemin həll olunmamasının regional və beynəlxalq vəziyyətə
təsiri, nizamlanma prosesi və bununla bağlı ölkəmizin
mövqeyi haqqında danışmışdır.
E.Məmmədyarov xarici
siyasətimizə təsir edən digər amillər kimi Azərbaycanın
geosiyasi mövqeyini və zəngin təbii ehtiyatlarını
qeyd etmişdir. Nazir
dövlət rəhbərliyi tərəfindən bu iki amildən
istifadə edərək ölkənin regional və beynəlxalq
əməkdaşlığının, iqtisadi
inkişafının və sosial rifahının təmin edilməsi
istiqamətində həyata keçirilən strategiya barədə,
habelə Azərbaycanın təşəbbüskarı və
iştirakçısı olduğu regional və beynəlxalq əhəmiyyətli
enerji və infrastruktur layihələri haqqında məlumat
vermişdir.
Ölkəmizin xarici
siyasət idarəsinin rəhbəri beynəlxalq təhlükəsizliyin
və asayişin təmin olunmasına Azərbaycanın verdiyi
töhfə, əsasən də Əfqanıstan və
İraqda beynəlxalq sülhyaratma əməliyyatları
çərçivəsində apardığı fəaliyyəti,
habelə həyata keçirdiyi mülki-infrastruktur, humanitar
layihələr barədə danışmışdır.
Nazir E.Məmmədyarov,
həmçinin Azərbaycanın Avratlantika strukturları,
xüsusilə də NATO və Avropa İttifaqı ilə əməkdaşlıq
çərçivəsində mövcud planlar və
proqramlar barədə məlumat vermişdir.
Sonra o,
iştirakçıların çoxsaylı suallarını
cavablandırmışdır.
Tədbiri ABŞ-ın
sabiq dövlət katibi Madlen Olbraytın yeni müstəqil
dövlətlər üzrə xüsusi elçisi,
SİPA-nın professoru, səfir Stefen Sestanoviç
aparmışdır.
Həmin gün nazir E.Məmmədyarov
Sloveniyanın xarici işlər naziri Samuel Sboqan ilə
görüşmüşdür. Görüşdə Azərbaycan ilə
Sloveniya arasında münasibətlərin hazırkı vəziyyəti
və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar,
o cümlədən BMT, habelə Azərbaycan-Avropa
İttifaqı, xüsusilə də Aİ-nin "Şərq
tərəfdaşlığı" proqramı çərçivəsində
əməkdaşlıq barədə fikir mübadiləsi
aparılmışdır.
Görüşdə Cənubi
Qafqaz regionundakı vəziyyət də əsas müzakirə
mövzusu olmuşdur.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir
E.Məmmədyarov problemin həlli ilə bağlı
danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin
mövqeyi barədə məlumat vermişdir.
Bundan əlavə,
sentyabrın 22-də E.Məmmədyarov Avropa İttifaqı
Şurasının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Piter Semnebi ilə
görüşmüşdür.
Görüşdə Azərbaycan
ilə Aİ arasında müxtəlif sahələr üzrə
münasibətlərin hazırkı vəziyyəti və
inkişaf perspektivləri, Aİ-nin "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlıq,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması, Cənubi Qafqazdakı vəziyyət,
habelə enerji və digər mövzular üzrə məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 3.