"Əsrin müqaviləsi" - yüksəliş yolunun uğurlu təməli

 

Qloballaşan dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amillərdən biri də zəngin enerji resursları üzərində nəzarətin təmin olunması və neft-qaz ehtiyatlarının təhlükəsiz marşrutlarla dünya bazarına çatdırılmasıdır. Belə kəskin rəqabət mühitində təbii sərvətlərin zənginliyi heç də bütün dövlətlərə iqtisadi nailiyyətlər və xoşbəxtlik gətirmir. Tarixi təcrübə sübut edir ki, neftlə zəngin bir çox dövlətlər uğursuz iqtisadi siyasətin məntiqi nəticəsi kimi həqiqi müstəqilliklərini itirərək mahiyyətcə müstəmləkəyə çevrilmiş, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşmişlər.

Bu günün özündə də neftlə zəngin bir çox ölkələrin qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənmə nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi bədnam təcrübə mövcuddur. Bu reallıqlar fonunda hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Əks təqdirdə, neftin zənginliyi dövlətlər üçün iqtisadi inkişaf və tərəqqi deyil, yalnız arzuolunmaz problemlər gətirir.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində neft diplomatiyası sahəsində yeridilən naşı və yarıtmaz siyasətin fəsadlı nəticələri bu qənaətin həqiqiliyini bir daha təsdiqləyir. SSRİ-nin süqutundan sonra iqtisadi potensialına görə müstəqil yaşamaq imkanlarına malik üç respublikadan biri sayılan Azərbaycan müstəqillik əldə edərkən təbii sərvətlərinə sahib çıxmaq və Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək baxımından ciddi problemlərlə üzləşmişdi. 1991-1993-cü illərdə daxildə ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla hər hansı əməkdaşlıqdan çəkindirirdi. Birillik hakimiyyəti dövründə AXC-Müsavat iqtidarının apardığı uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə isə dövlətin və xalqın mənafelərinə qətiyyən cavab vermirdi. Bu qüvvələr qısamüddətli hakimiyyətləri dövründə hazırladıqları ilk neft müqaviləsində ümumi payın düz 60 faizini yalnız bir şirkətə - Böyük Britaniyanın bp şirkətinə ayrılmasına razılıq vermişdilər. Saziş layihəsində bir tərəfdən Azərbaycanın payı yolverilməz dərəcədə aşağı həddə göstərilmiş, eyni zamanda, hasil olunacaq səmt qazının respublikamıza satışı nəzərdə tutulmuşdu.

1999-cu ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimdə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsini tutan cənab İlham Əliyev haqlı olaraq demişdir: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir".

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə vacib olan neft sektorunun böhranlı vəziyyətdən çıxarılması, milli maraqlara və praqmatizmə əsaslanan neft diplomatiyasının həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. Hələ 70-80-cı illərdə respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur. Əsrlər boyu zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmiş və halal haqqını təmin etmişdir.

Böyük öndərin ciddi diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. AXC-Müsavat hakimiyyəti dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq olmuşdur. 1993-cü ilin iyun ayının 18-də ABŞ-ın nüfuzlu "Çikaqo tribun" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdir. "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq", - deyən ümummilli liderin qətiyyətli addımları nəticəsində Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycanın mənafeyinə cavab verən müqavilənin imzalanması istiqamətində danışıqlara başlanılmışdır.

Qərb şirkətləri ilə aparılan danışıqların müsbət nəticə verəcəyinə təkcə xaricdə deyil, həm də daxildə müəyyən şübhələr var idi. O zaman ümummilli liderin yeritdiyi siyasətə xəyanət yolu tutan yüksək vəzifəli bəzi bədxah məmurlar "Əsrin müqaviləsi"nin gerçəkləşməsi əleyhinə dolayı təbliğat aparmaqdan belə çəkinmirdilər. Dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, atəşkəs rejiminin kövrək xarakter daşıdığı, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması bir çoxlarına qeyri-real görünürdü.

Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Qərb şirkətləri milyardlarla dollar sərmayəni mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycana yatırmağı riskli hesab edirdilər.

Bu tərəddüdlərə, aşkar-gizli maneələrə məhəl qoymayan ümummilli lider Heydər Əliyev hələ 1994-cü il fevralın 4-də "Azərbaycanın dəniz və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında" sərəncam imzalamaqla qətiyyətli lider olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda, danışıqlar prosesi üçün hüquqi prinsiplər müəyyənləşdirmişdir. Mühüm tarixi əhəmiyyət kəsb edən həmin sərəncamda dənizdəki karbohidrogen ehtiyatlarının ölkənin ümumi mənafeləri çərçivəsində istismarını sürətləndirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi, xarici neft şirkətləri və beynəlxalq konsorsiumlarda əlverişli müqavilələrin bağlanması üçün effektli tədbirlər görülməsinin vacibliyi vurğulanır, ümumilikdə, sərəncam neft-yataqlarının işlənilməsinin əsas prinsiplərini müəyyənləşdirirdi.

1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi isə xalq və dövlət naminə düzgün seçim olmaqla ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb şəraitlərdə belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.

2009-cu il sentyabrın 15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bu müqavilənin imzalanmasının ölkəmizin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdi: "Mən o günləri çox yaxşı xatırlayıram. 1994-cü ildə danışıqların son mərhləsi gedirdi və Azərbaycan tərəfi çalışırdı ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun və Azərbaycana böyük investisiya axını təşkil edilsin. Bu gün, 15 il keçəndən sonra deyə bilərəm ki, bu 15 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz böyük dərəcədə 15 il bundan əvvəl imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər işləyən və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər də gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir ölkədir, Azərbaycanla işləmək xeyir gətirir. Bu gün də əminəm ki, əməkdaşlıqdan həm biz, həm də ki, bizim xarici tərəfdaşlar razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın çox gözəl nümunəsidir".

"Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi ilə barışmaq istəməyən müəyyən xarici və daxili qüvvələr hər vəchlə rəsmi Bakıya təzyiq göstərməyə, onu bu yoldan döndərməyə çalışırdılar. Ölkə rəhbərliyinin bütün diplomatik səylərinə baxmayaraq, Kremldəki bəzi imperialist dairələrin Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəlmiş addımlarını davam etdirmək xəttindən əl çəkə bilməməsi də özünü daha qabarıq büruzə verirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artdığı belə bir mərhələdə Qərb şirkətləri ilə başlanmış danışıqları sona çatdırmaq ölkə iqtidarından ciddi siyasi iradə və əzmkarlıq tələb edirdi. Fəqət, ümummilli lider Heydər Əliyev xalqın dəstəyi ilə bu maneələri inamla dəf edərək 14 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən növbəti fərmanı imzaladı. Bu fərmanda müqavilənin imzalanması üçün hazırlanmış saziş layihəsi müsbət qiymətləndirilir, Azərbaycanın belə bir layihəyə imza atmasının əhəmiyyəti önə çəkilirdi. Həmin saziş layihəsində isə yataqların işlənilməsi üçün tələb olunan investisiyaların 80 faizinin ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri tərəfindən qoyulacağı göstərilmişdi. Layihə sazişin qüvvəyə minməsindən sonra ilk neftin 18 ay ərzində çıxarılmasını nəzərdə tuturdu. İmzalanacaq müqavilədə əsas yataqlarda neft hasilatına 48 aydan gec olmamaq şərtilə başlanması da ümdə prinsiplərdən biri kimi əksini tapmışdı. Sənəddə həmçinin Azərbaycan neftinin dünya bazarına səmərəli yolla çıxarılmasını təmin edən neft kəmərinin tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, neftlə birgə çıxan və ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən səmt qazının da Azərbaycana verilməsi müqavilədə dəqiq şəkildə göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının istismarı hüququ da məhz Azərbaycana verilmişdi.

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə həqiqətən də heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə gedən danışıqların məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması, ərsəyə gəlməsi təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda, region dövlətləri əsas ixrac boru kəmərinin məhz onların ərazisindən keçməsinə, beləliklə də külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda, alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Məsələnin aktuallığı həm də Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi, xüsusən də birincinin geosiyasi baxımdan əlverişli olmaması ilə şərtlənirdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir", - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.

2003-cü ilin 15 oktyabrında ulu öndərin layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail oldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrildi. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakıyla BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olundu. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi. Dövlət başçısı İlham Əliyevin həmin mərasimdə bəyan etdiyi kimi, bu kəmər məhz ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində gerçəkləşmişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır.

Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Geyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".

Son 10 ildə ölkədə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. 2006-cı ildə əfsanədən gerçəkliyə qovuşan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya əhəmiyyətli strateji layihələr olmaqla, nəinki respublikamızın, bütövlükdə Avropanın fasiləsiz enerji ilə təminatına geniş imkanlar açır.

Respublikanın yalnız "Şahdəniz" yatağındakı qaz ehtiyatları 1 trilyon 200 milyard kubmetrdən çox qiymətləndirilir. 2012-ci ilədək bu yataqdan ildə təxminən 8,4 milyard kub metr qaz və gündə 40 min barel kondensat (neftlə qazın qarışığı) çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olmuşdur. 2007-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan son 2 ildə məhz "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

Bu gün Azərbaycan Türkiyə və Gürcüstanın mavi yanacağa olan tələbatının əhəmiyyətli qismini ödəyir. Xatırladaq ki, 2006-cı ilin dekabrında Gürcüstanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan hökuməti qonşu dövlətə mavi yanacaq satışına razılıq vermiş və bununla əlaqədar ikitərəfli saziş imzalanmışdır. Gürcüstanın dövlət başçısı M.Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin bu qətiyyətli qərarını alqışlamış və qəhrəmanlıq nümunəsi kimi qiymətləndirmişdir.

Respublikamız neft kəmərlərini şaxələndirilməsi siyasətini həyata keçirir və bu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli təşkilinə xidmət edir. Hazırda Azərbaycan nefti üç kəmər - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk xətti vasitəsilə Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə "Sarmatiya" adlı müştərək şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə işarədir. Hazırda şirkət layihənin texniki-iqtisadi əsaslandırma işlərini həyata keçirir. Bu layihə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regionlarında yerləşən dövlətlər arasında səmərəli regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin son illərdə hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2009-cu ildə dövlət büdcəsinin 2003-cü ildəki 1,2 milyard dollardan 10 milyard manata yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 18 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi vacibliyini önə çəkir.

"Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik", - deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə qeyri-neft sektorunun, istehsal sahibkarlığının, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu strategiyada neftdən qazanılan vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Hazırda dünyanı sarsıdan qlobal böhran, habelə neftin qiymətlərinin 4 dəfəyədək aşağı düşməsi cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin düzgünlüyünü bir daha təsdiqləyir. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında Azərbaycan iqtisadiyyatının bütün sahələrdə sürətli inkişaf etdiyini və neftdən asılılığının tədricən aradan qaldırıldığını dövlət başçısı İlham Əliyev xüsusi diqqətə çəkmişdir.

"Bizim uğurlarımızı bəzi bədxahlar, yaxud da ki, bizdə olan vəziyyəti yaxından bilməyən, ya da ki, hansısa paxıllıq hissləri ilə yaşayan insanlar bəzi hallarda neft amilinə bağlamaq istəyirlər. Əlbəttə ki, Azərbaycanın uğurlu neft strategiyası ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynamışdır. Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir. Bizim enerji siyasətimiz ölkəmizə çox böyük fayda gətiribdir. Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir", - deyən dövlət başçısı İlham Əliyev həmçinin vurğulamışdır ki, Dünya Bankının 2008-ci ilin yekunlarına görə, Azərbaycanı bir nömrəli "islahatçı ölkə" elan etməsi ölkədə həyata keçirilən siyasətin düzgünlüyünü və uğurunu bir daha təsdiqləyir.

Bir sıra dünya ölkələrinin iqtisadiyyatının qlobal maliyyə böhranı ilə əlaqədar ciddi böhran keçirməsinə rəğmən, 2009-cu ildə Azərbaycanın bir sıra mühüm nailiyyətlərə imza atması və makroiqtisadi sabitliyin qorunub saxlanılması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının uğurlu nəticəsi kimi yadda qalmışdır. Sosialyönümlü mahiyyət daşıyan bu inkişaf strategiyası iqtisadi yüksəliş prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı tərəqqisinin sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsi kimi vacib məqamları özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması, sənayenin və kənd təsərrüfatının stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmini də hökumətin ötən ildəki iqtisadi siyasətinin prioritet istiqamətlərini təşkil etmişdir.

Regionlara göstərilən diqqət nəticəsində ötən beş ildə sənaye istehsalı 3,7, investisiyalar 2,4, strateji valyuta ehtiyatları 9,8, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7, qeyri-neft məhsullarının ixracı 2,2, orta aylıq əməkhaqqı 2,7, pensiyaların orta aylıq məbləği 4 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir.

Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cı ilin 6 ayında da sosial liberalizm xəttinə sadiq qalmış, qlobal böhranın vətəndaşların mənafeyinə ziyan vurmaması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümumilikdə, sosial məsələlərin həlli hökumətin son illərdəki fəaliyyətinin başlıca məqsədinə çevrilmiş, dövlət büdcəsindən bu məqsədlə vəsaitlərin ildən-ilə artırılması müşahidə edilmişdir. Yürüdülən siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə geniş dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

Bir çox dövlətlərdən fərqli olaraq, qlobal maliyyə böhranı respublikada aztəminatlı təbəqənin sosial rifah halına heç bir təsir göstərməmiş, əksinə, ərzaq malları üzrə inflyasiyanın cəmi 2,1 faiz olması fonunda əhalinin pul gəlirlərinin 19 faiz artması alıcılıq qabiliyyətinin yüksəlməsinə imkan yaratmışdır. Bu dövrdə əhalinin real gəlirlərinin artımı 15-16 faiz təşkil etmiş, orta aylıq əməkhaqqı 15 faiz artmışdır. Bundan əlavə, regionların inkişafına xidmət edən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində respublikada 35 min yeni iş yeri açılmışdır və bunun da 25 mini daimidir.

Dövlətdən ünvanlı sosial yardım alan vətəndaşların sayının 800 minə çatması, orta hesabla hər ailəyə 100 manat məbləğində yardımın göstərilməsi, habelə ipoteka kreditləşməsinin bərpası da hökumətin sosialyönümlü siyasətinin bariz göstəricilərindəndir. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, yoxsulluğun azaldılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir: "Bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda, sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir. Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər görülən tədbirlər davam etdirilməlidir. Hələ ki demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir. Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların, məktəblərin tikintisi və s. ilə bağlı proqramlar, büdcədə nəzərdə tutulmuş investisiya layihələri icra olunmalıdır".

Azərbaycan Prezidenti İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun təzahürü kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən daha da güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 6.