I.Böhranın təsirlərindən müdafiədə
effektiv Azərbaycan nümunəsi
2008-ci il sentyabrın
15-i dünya maliyyə bazarında "qara bazar ertəsi"
kimi həkk olundu.
Məhz həmin gün qlobal miqyasda
investisiya fondunun nəhəngi sayılan ABŞ-ın
"Lehman Brothers" bankının özünü müflis
elan etməsi ilə dünyanı lərzəyə salan qlobal
maliyyə böhranının başlandığı məlum
oldu. "Lehman Brothers"in müflislik barədə
elanından dərhal sonra dünyanın ən aparıcı
fond birjalarında indekslər sürətlə
ucuzlaşmağa başladı. Elə ilk gündə "Dow
Yones" indeksi 4,42 faiz, NASDAQ 3,6 faiz, S&P 4,71 faiz
ucuzlaşdı. Aparıcı sənaye və maliyyə
şirkətlərinin səhmləri dəyərdən
sürətlə düşdü və qısa zaman ərzində
bu hadisə domino effekti verərək bütün
dünyanı bürüdü.
Qlobal maliyyə böhranına gedən yol
Qlobal maliyyə
böhranı ipoteka bazarının çökməsilə
başladı. Aşağı faizlərlə kredit verən
bütün şirkətlər demək olar ki, eyni vaxtda zərərə
düşdüklərini bildirdilər. Bir sıra ipoteka
operatorları isə bazardan çəkildiklərini, digərləri
müflis olduqlarını elan etdilər. Bəs nəyə
görə ABŞ-da ipoteka bazarı birdən-birə belə
sürətlə inkişaf etməyə və sonradan
heç kimin gözləmədiyi halda çökməyə,
bununla da qlobal maliyyə böhranı kimi ağır bir
problemin yaranmasına yol açdı?
Araşdırmalar
göstərir ki, ABŞ-da ipotekanın belə geniş
vüsət almasına əsas səbəb 2000-2001-ci illərdə
informasiya və yüksək texnologiyalar üzrə
ixtisaslaşmış şirkətlərin səhmlərinə
qoyulan vəsaitlər hesabına maliyyə sisteminin
böyük itkilərlə üzləşməsidir. Belə
şirkətlərin səhmlərinin müəyyən
müddət üçün ucuzlaşması sonda
investorların diqqətini real mülkiyyətə - mənzilə
və digər növ daşınmaz əmlak növlərinə
yönəltməsilə nəticələnib.
Ümumiyyətlə, həmin
dövr üçün daşınmaz əmlak
bazarının cəlbediciliyi üç başlıca səbəblə
əlaqələndirilir. Əvvəla, inflyasiya prosesilə
bağlı olaraq burada daim yaşanmaqda olan bahalaşma belə
inam yaradırdı ki, daşınmaz əmlakın qiyməti
qarşıdakı illər ərzində də yüksələcək.
Ona görə də bu sahə istər-istəməz
investorların diqqətini daha çox cəlb etməkdə
idi. İkinci tərəfdən daşınmaz əmlak
bazarında aktivliyin sürətlə artmasında
mühüm rol oynayan ipoteka kreditləşməsinin şərtlərinin
asanlaşdırılması və bankların bunun
üçün külli miqdarda pul ayırması
sözügedən bazarda qazanc imkanlarını xeyli
artırdı. Ən nəhayət, yaşayış mənzillərinin
qiymətinin durmadan artacağına yaranan inam bu sahənin
investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə
artırmaqda idi.
Bu şəraitdə
bankların müştərilərin verilən kreditləri nə
dərəcədə qaytarmaq imkanına malik
olduqlarını araşdırmaması, onların
etibarlılıq dərəcəsini yoxlamaması ipoteka
bazarında gələcək böhranın əsasını
qoyurdu. Əvvəllər banklar ipoteka ilə alınan mənzilin
dəyərinin 70 faizindən artığının pulunu verməkdən
imtina edirdi. Sonralar isə ipotekaya tələbin artması
fonunda banklar mənzillər üçün ilkin ödəniş
olaraq 80, az sonra 90, bir qədər keçdikdən sonra isə
100 faiz həcmində kredit verməyə başladılar. Hətta
bəzi banklar evin dəyərinin 105-110 faizi həcmində
kredit verirdi və əlavə 5-10 faiz mənzili mebellə təmin
etməyə hesablanırdı. Bu, müştəri gətirmək
üçün cəlbedici bir metod idi. Sözügedən
ipoteka krediti bumu 2006-cı ilə qədər davam etdi. Məhz
2006-cı ildən etibarən məlum oldu ki, müştərilərin
heç də hamısı banklardan ipoteka məqsədilə
aldıqları kreditləri geri qaytarmaq iqtidarında deyil. Elə
bu da kredit verən bankların maliyyə sarıdan ciddi problemlərlə
üzləşməsinin əsasını qoydu. Lakin əsl
problemlər hələ qabaqda idi. Belə ki, 2007-ci ildən
başlayaraq dünyada yanacaq-enerji
daşıyıcılarının və ərzağın
qiymətlərinin sürətli artımı aşağı
gəlirli ipoteka borclularının durumunu daha da
ağırlaşdırdı. Bu vəziyyətdə banklara
ipoteka kreditlərinin ödənilməsi ilə bağlı
yaranan problemlərin miqyası təbii olaraq artmağa
başladı və onların əksəriyyətinin ödənməsinin
mümkün olmadığı üzə çıxdı. Yaranmış
durumda maliyyə bazarlarında mövqeləri laxlayan
bankların getdikcə daha ağır vəziyyətə
düşməsi iqtisadi inkişafın əsas əngəlləyici
faktoruna çevrilirdi.
Problemdən
çıxış yolu olaraq banklar ilk növbədə
ipoteka altında olan evləri təkrar satış bazarına
qaytarmağa başladı. Artıq 2 trilyon dollar dəyərinə
çatan mənzillər yeni sahibkar axtarırdı. Bu dəfə
təklifin tələbi əhəmiyyətli dərəcədə
üstələməsi daşınmaz əmlak bazarında
qiymətlərin xeyli düşməsi ilə nəticələndi
və 2008-ci ilin ortalarına doğru ABŞ mənzil
bazarının 3 trilyon dollardan artıq kapital itirdiyi məlum
oldu.
Milliləşdirmə siyasətinin
başlanğıcı
Problemin daha
acınacaqlı tərəflərindən biri isə
bankların ipoteka altında olan evləri təkrar
satış bazarına çıxarması fonunda onların
qiymətinin həddən artıq aşağı olması
idi. Əslində tələb və təklif arasında nisbət
pozulduğundan banklar belə mənzilləri aşağı
qiymətlə təklif etməyə məcbur idilər. Bu səbəbədən
ilkin mərhələdə evlərin ucuz satılması
bankların 10 milyard dollardan çox itkiylə üzləşməsinə
səbəb oldu. Nəticədə ABŞ-ın ipoteka
bazarının təxminən yarısına sahib olan Federal
Milli İpoteka Assosiasiyası ("Fannie Mae") və Federal
Mənzil İpoteka Krediti Korporasiyası ("Freddie Mak")
kimi iri investisiya fondları iflas təhlükəsilə
üzləşdi. ABŞ-da ipoteka sövdələşmələrinin
təxminən 70 faizi məhz bu fondlar vasitəsilə həyata
keçirilirdi. İpoteka böhranı sahəsində yaranan
böhrandan sonra isə "Fannie Mae" və "Freddie
Mak"ın birgə itkisi 14 milyard dollara çatırdı.
Həmin investisiya fondlarının çöküşü
isə ABŞ-ın dünyadakı maliyyə nüfuzunun
sarsılması və ona olan inamın məhvi demək idi. Digər
tərəfdən investisiya fondlarının iflası qlobal
iqtisadiyyatda ABŞ üçün ciddi problemlərə yol
aça bilərdi. Çünki dünyanın bir çox
dövlətləri, məsələn, Rusiya, Çin, Avropa, ərəb
ölkələrinin bu fondlarda dəyəri milyardlarla
ölçülən səhm və sərmayələri
mövcud idi. Həmin sərmayələrin batması isə
qlobal miqyasda ABŞ-ın qiymətli kağız bazarına
olan inamın ölməsi demək idi. Buna yol verməmək
üçün artıq dövlət proseslərin gedişinə
daha yaxından müdaxilə etməyə başladı. 2008-ci
il sentyabrın 7-də o vaxtkı Prezident Corc Buş "Fannie
Mae" və "Freddie Mak"ın dövlət tərəfindən
alınması haqda qərar verdi və bu məqsədlə
200 milyard dollar ayrıldı və investisiya fondlarının
hər ikisi milliləşdirildi.
Lakin dünyanın ən
iri investisiya fondu kimi dəyərləndirilən "Lehman
Brothers"lə bağlı problemin həlli məqsədilə
aparılan danışıqlar uğursuz alındı. Bankın
səhmlərinin satılmasına dair sövdələşmənin
baş tutmaması sonda "Lehman Brothers"in səhmlərinin
bazar dəyərinin dəfələrlə azalması ilə
nəticələndi. Vəziyyətdən heç bir
çıxış yolunun olmadığını görən
və böhran nəticəsində 60 milyard dollar itirən
"Lehman Brothers" ötən ilin sentyabrın 15-də
müflis olduğunu elan etmək məcburiyyətində
qaldı. 1850-ci ildə Alabamada Lehman qardaşları tərəfindən
qurulan və sonradan milyardlarla dollarlıq dövriyyəsi olan
dünyanın bu maliyyə nəhənginin müflis olduğu
günü Amerika mediası "qara bazar ertəsi" kimi səciyyələndirdi.
Çünki "Lehman Brothers"in
çöküşü ABŞ-ın özündə maliyyə
böhranını dərinləşdirməklə
yanaşı, onun daha böyük sürətlə dünya
iqtisadiyyatına təsir etməsi demək idi. Elə bu səbəbdən
"Lehman Brothers"in müflis olduğu gün həm də
qlobal maliyyə böhranının başlandığı
dövr hesab olunur. "Lehman Brothers"in müflislik barədə
elanından dərhal sonra dünyanın ən aparıcı
fond birjalarında indekslər sürətlə
ucuzlaşmağa başladı. Elə ilk gündə "Dow
Yones" indeksi 4,42 faiz, NASDAQ 3,6 faiz, S&P 4,71 faiz
ucuzlaşdı. Vəziyyətin daha da kəskinləşəcəyindən
ehtiyatlanan ABŞ hökumətinin tövsiyəsi ilə
"Bank of America" maliyyə problemi yaşayan "Merrill
Lynch"i 50 milyard dollara satın aldı. Bundan başqa,
ABŞ hökuməti təcili olaraq 700 milyard dollarlıq
"Polson planı" adlanan xilas paketini qəbul etdi. Ancaq
böhranın təsirləri genişləndi və nisbətən
kiçik bankların bir çoxu buna tab gətirməyərək
müflis olduqlarını elan etdilər.
ABŞ-dakı böhran dünyaya niyə təsir
göstərdi?
ABŞ-da başlanan
böhranın hansı səbəbdən dünyanın digər
dövlətlərinə, o cümlədən Avropaya, Rusiyaya,
Çinə təsir göstərməsinin səbəbləri
də kifayət qədər maraqlıdır. Həmin səbəblər
barəsində danışarkən ilk növbədə xarici
dövlətlərin ABŞ-ın maliyyə və qiymətli
kağızlar bazarında olan payına diqqət çəkilir.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən
ilin sonlarına olan məlumata görə, Çin
ABŞ-ın xəzinə veksellərinə 653 milyard
dolları vəsait yatırıb, daha 400 milyard dollara isə
müxtəlif ABŞ şirkətlərinin uzunmüddətli
öhdəliklərini alıb.
Ümumilikdə ötən
ilin sonunda o da məlum olub ki, Çinin qızıl-valyuta
ehtiyatlarının təxminən 70 faizi ABŞ-da
saxlanılır. Həmin dövr üçün Rusiyanın
ABŞ-dakı ehtiyatlarının həcmi 150 milyard dollardan
çox olub. Eyni sözləri ərəb və bir sıra
Avropa dövlətləri barəsində də söyləmək
mümkündür. Deməli, ABŞ-ın maliyyə və
qiymətli kağızlar bazarında yaşanan ağır
durum digər dünya dövlətlərinə də təsir
göstərdi.
İkinci tərəfdən
o da nəzərə alınmalıdır ki, ABŞ-ın
investisiya fondlarının, banklarının, sığorta
şirkətlərinin və digər müəssisələrinin
dünya üzrə yüzlərlə filialı olub. Məsələn,
qlobal maliyyə böhranının təsirindən
qorunması üçün ABŞ hökumətinin xilas etməyə
çalışdığı "Citigroup" bankı
dünyanın 107 ölkəsində filial şəbəkəsinə,
365 min işçiyə malik idi və 2,2 trilyon dollar məbləğ
olan fondlara nəzarət edirdi. 275 milyard dollar aktivə, 30 mindən
çox işçiyə, London və Tokio kimi iri şəhərlərdə
filiallara malik "Lehman Brothers", həmçinin dünya
üzrə filiallarının sayı kifayət qədər
böyük olan "Merrill Lynch" və digər nəhəng
ABŞ banklarının böhranın təsiri nəticəsində
maliyyə itkilərinə məruz qalması sonda onların
filiallarına və beləliklə, həmin filialların əhatə
etdiyi ölkələrə də təsir göstərirdi. Belə
ki, filialların fəaliyyət göstərdiyi ölkələrin
maliyyə bazarlarında artım əvvəlki kimi aktiv deyildi.
Elə bu səbəbdən belə filialların bir çoxu
öz fəaliyyətini dayandırmaq məcburiyyətində
qaldı. Bu da onların çalışdıqları ölkələrin
maliyyə bazarına öz təsirini göstərməyə
bilməzdi.
Ən nəhayət,
Amerika banklarının bir çoxu digər dünya dövlətlərinin
maliyyə müəssisələri üçün əsas
kreditorlardan biri kimi çıxış edirdi. Yəni
dövlətlərin maliyyə müəssisələri
ABŞ banklarından aşağı faizlə
götürdükləri borcları bir qədər yüksək
faizlə öz ölkələrində kreditlər şəklində
verirdi. Ancaq ABŞ banklarının çökməsi digər
dünya ölkələrinə kreditlər verilməsində
problemlər yaratdı. Beləliklə, bu amil üzrə də
ABŞ-dakı maliyyə böhranı digər ölkələrin
iqtisadiyyatına öz təsirini göstərməyə
başladı.
Dünya maliyyə böhranındadır
Dünya dövlətləri
ABŞ-dakı maliyyə böhranının ilk təsirlərini
hələ 2007-ci ilin ikinci yarısından hiss etməyə
başladı. Məhz həmin dövrdə ABŞ-ın
kredit bazarında başlanan böhran Avropaya yayıldı. Bunun
nəticəsi idi ki, Avropa bankları və dünya maliyyə
sistemi artıq 2007-ci ilin avqustunda likvidlik kəsiri problemi ilə
daha qabarıq şəkildə üzləşdi. Vəziyyətdən
çıxış yolu kimi Avropa dövlətlərinin, eləcə
də ABŞ-ın, Kanadanın, Avstraliyanın, Yaponiyanın,
Rusiyanın, Yeni Zelandiyanın mərkəzi banklarının
gördüyü qabaqlayıcı tədbirlər istənilən
səmərəni vermədi. Böhranın təsir
miqyası durmadan genişləndi. 2007-ci ilin noyabr-dekabr
aylarında ABŞ hökumətinin hazırladığı
antiböhran tədbirləri də problemin aradan qalxmasında
hər hansı ciddi rol oynamadı.
2008-ci ilin yanvarında
isə Avropada yaşanan bank böhranının miqyası
sürətlə genişlənməyə başladı. Qitənin
əsas birja indekslərindən olan "DY Euro Stoxx Banks"
iki həftədə 10 faiz aşağı düşdü. Həmin
ilin mayında ABŞ-ın beşinci ən böyük
investisiya bankı olan "Bear Stearns"ın böhran nəticəsində
fəaliyyətini dayandırdığını elan etməsi
isə Avropa və digər ölkələrin maliyyə
müəssisələrinin də vəziyyətini xeyli
çətinləşdirdi. Bütün bunlar Avropanın
daşınmaz əmlak bazarında xoşagəlməz vəziyyətin
yaranmasına, eyni zamanda bu sahədə qiymətlərin
sürətlə aşağı düşməsinə gətirib
çıxarırdı. "Goldman Sachs" maliyyə müəssisəsinin
bu dövrdə apardığı tədqiqatlardan isə məlum
oldu ki, Avropa bankları artıq 90 milyard avroya qədər
likvidlik problemi yaşayır. Problemdən
çıxış yolu kimi bir sıra Avropa dövlətləri
də iri bankları, investisiya fondlarını milliləşdirməyə
başladılar. Məsələn, Böyük Britaniya
hökuməti ölkənin maliyyə nəhəngləri
olan "Northern Rock" və "Bradford & Bingley"
ipoteka banklarını milliləşdirdi. Həmçinin
ötən ilin oktyabrında Avropanın, ABŞ-ın, eləcə
də Kanadanın, İsveçrənin, İsveçin mərkəzi
bankları koordinasiya olunmuş şəkildə uçot dərəcələrini
0,5 faizə kimi endirərək bank sektorunda yaranmış
problemin aradan qaldırılması üçün qərar qəbul
etdilər. Ancaq bütün bu tədbirlər böhranın təsirlərini
aradan qaldırmaq üçün kifayət etmədi və
dünya birjalarında əsas indekslərin düşməsi
davam etdi.
Böhran MDB-də
Belə vəziyyət
MDB dövlətlərinə də öz təsirini göstərməyə
bilməzdi. ABŞ-da yaşanan ipoteka böhranı ilk olaraq
öz təsirlərini Rusiya və Qazaxıstanda hiss etdirdi. Artıq
2007-ci ildən başlayaraq Rusiyada ipoteka kreditlərinin faiz dərəcələri
artmağa və banklara borcu olanlara qarşı tələblər
sərtləşməyə başladı. Maliyyə vəsaiti
cəlbində problem yaşayan bir sıra banklar isə ipoteka
bazarından çəkilmək məcburiyyətində
qaldı. Ötən ilin fevralında isə Rusiyanın Mərkəzi
Bankı bir sıra yerli kommersiya banklarının likvidlik
problemi yaşadığını rəsmən etiraf etməli
oldu. Bunun ardınca Rusiya banklarının bütün kreditlər
üzrə faiz dərəcələrini qaldırması
kredit bazarında böhran yaşanmasına gətirib
çıxardı. Həmçinin bu ölkədə də
ticarət indekslərində ciddi çöküş qeydə
alınmağa başladı. Təkcə sentyabr ayında
ölkənin əsas maliyyə qurumları sırasında yer
alan "Sberbank" və "Vneştorqbank"ın səhmləri
30 faiz ucuzlaşdı. Yaranmış vəziyyətdə
ölkənin maliyyə sistemini xilas etmək üçün
Prezident Dmitri Medvedev ötən ilin oktyabrın 7-də banklara
950 milyard rubl həcmində vəsaitin ayrılması haqda
göstəriş verdi.
Lakin Rusiyada səhmlərin
ucuzlaşması bütün aparıcı dünya
birjalarındakı ucuzlaşmadan xeyli sürətlə
gedirdi. Məsələn, oktyabrda keçirilən
birjaların birində bir neçə saat ərzində səhmlər
orta hesabla 19 faiz ucuzlaşmış və ölkə
iqtisadiyyatı təxminən 110 milyard dollar itirmişdi. Artıq
Rusiya səhm bazarı tamamilə çökmək təhlükəsilə
üz-üzə idi. Belə vəziyyətdə Prezident Dmitri
Medvedevin maliyyə sistemini xilas etmək üçün 950
milyard rubl, yəni təxminən 37 milyard dollar kreditin
ayrılmasını bəyan etməsi bu çöküşün
qarşısını nisbətən ala bildi. Həmin məbləğin
500 milyard rubla qədərini "Sberbank", 200 milyard rublunu
"Vneştorqbank", qalanını isə başqa banklar
aldı. Lakin görülən tədbirlərə baxmayaraq,
bir sıra banklar müflis olmaqdan yaxa qurtara bilmədi.
Qazaxıstan
banklarının xaricdən, o cümlədən ABŞ-dan
böyük həcmdə borclar götürməsi və
böhran fonunda onların daha tez geri qaytarılması ilə
bağlı tələblər isə bu ölkənin maliyyə
sisteminə böyük təhlükə yaradırdı. Ötən
ilin sonlarında Qazaxıstan banklarının xarici borcu 40
milyard dolları keçirdi ki, onun da 12 milyard dolları elə
həmin il qaytarılmalı idi.
Kredit faizlərinin kəskin
şəkildə yüksəlməsi, ölkədən
güclü kapital axınının başlanması nəticəsində
isə milli valyuta olan tengə əhəmiyyətli dərəcədə
məzənnəsini itirdi. Aparılan hesablamalar göstərir
ki, böhran nəticəsində Qazaxıstandan 7 milyard dollar
həcmində kapital çıxarılıb.
İstehlakçı tələbinin
kəskin şəkildə aşağı düşməsi
isə bankların durumunu bir qədər də
ağırlaşdırdı. Ötən ilin yekunları isə
böhranın Ukraynanın fond birjasının 73 faizini öz
cənginə aldığını meydana
çıxardı. Milli valyuta olan qrivnanın devalvasiyaya
uğraması isə idxal məhsullarını əhəmiyyətli
dərəcədə bahalaşdırdı. Cəmi 3 ay ərzində
qrivna ABŞ dolları qarşısında iki dəfədən
çox dəyər itirdi. Strateji əhəmiyyətli sənaye
sahələrində istehsal kəskin şəkildə
azaldı, banklar fəaliyyətlərində ciddi çətinliklərlə
üzləşdi.
Ötən ilin
yekunları göstərdi ki, maliyyə böhranı MDB
ölkələri arasında daha çox Ermənistanı
iflic vəziyyətinə salıb. Ölkəyə xaricdən
transfer edilən pulların əhəmiyyətli dərəcədə
azalması, sənaye müəssisələrinin öz fəaliyyətini
dayandırması, valyuta ehtiyatlarının yoxluğu,
antiböhran tədbirlərinin görülməməsi və
bu qəbildən olan digər amillər ötən ildən
başlayaraq Ermənistan iqtisadiyyatını
çökdürməyə başladı və bu proses indi
də davam edir.
Belarusda da maliyyə
böhranı özünü ilk olaraq bank sektorunda hiss etdirməyə
başladı. Bankların resurs bazası və likvidlik
göstəriciləri əhəmiyyətli dərəcədə
azaldı. Bu ölkənin əsas ticarət tərəfdaşı
olan Rusiyanın böhranın təsirlərinə məruz
qalan əsas dövlətlərdən biri olması isə
Belarusun durumuna mənfi təsir göstərdi. Sənaye
istehsalında da müəyyən geriləmənin qeydə
alınması böhranın Belarusa da ciddi təsir göstərdiyini
meydana çıxardı.
Qırğızıstanda
da maliyyə böhranı özünü bank sektorunda
göstərməklə yanaşı, miqrantların ölkəyə
göndərdiyi pulun əhəmiyyətli dərəcədə
azalması ilə büruzə verdi. Ölkənin istehsal məhsullarına
tələbat aşağı düşməyə
başladı, yatırılan xarici investisiyaların həcmi
xeyli azaldı.
Qlobal maliyyə
böhranı demək olar ki, analoji formada özünü
Tacikistanda da göstərdi.
Azərbaycan qlobalböhranın sınaqlarından
uğurla çıxır
2008-ci ilin yekunları
göstərdi ki, Azərbaycan dünyanın bir çox
ölkələrindən fərqli olaraq qlobal maliyyə
böhranının təsirlərindən effektiv müdafiə
olunan dövlətlər sırasındadır. Bunun
başlıca səbəblərindən biri ötən il ərzində
qlobal iqtisadi böhranın ölkəmizə təsirini
minimuma endirmək üçün vacib əhəmiyyət
daşıyan bir sıra qabaqlayıcı tədbirlərin
görülməsiydi. Digər tərəfdən ilin sonuna
olan məlumatlar göstərdi ki, ölkənin strateji valyuta
ehtiyatları 18 milyard dollardan artıqdır. Bu, dövlət
borcundan 3 dəfədən, özəl sektorun da borcu nəzərə
alınmaqla, məcmu xarici borcdan 2 dəfədən
çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və
xidmət idxalını 27 ay ərzində maliyyələşdirmək
üçün kifayət edirdi. Toplanmış ehtiyatlar
ölkənin ən kritik qlobal şəraitdə belə
yaxın illər ərzində öz maliyyə
ehtiyaclarını fasiləsiz ödəmək iqtidarında
olduğunu göstərirdi.
Bütün bunların
nəticəsidir ki, Dünya Bankının Bakı
bürosunun rəhbəri Qreqori Yedjeycak Azərbaycanın
qlobal maliyyə böhranını dəf etmək imkanında
olduğunu qeyd edirdi: "Azərbaycan şanslı ölkələrdəndir
ki, qlobal maliyyə böhranı ona çox az təsir edib. Azərbaycanda
nə alıcılıq qabiliyyətinə, nə də
müəssisələrin vəziyyətinə qlobal maliyyə
böhranı əhəmiyyətli dərəcədə təsir
edə bilməyib".
Dünya Bankının
rəsmisi onu da qeyd edirdi ki, bunun üç səbəbi var:
"Birincisi, ona görə ki, Azərbaycanın iri maliyyə
ehtiyatları var. İkincisi, Azərbaycanın bankları və
müəssisələri o qədər də borclanma səviyyəsinə
malik deyildilər. Bundan başqa, bank sistemi ilə bağlı
çevik siyasət yeridilir, bu da öz səmərəsini
verir".
Beynəlxalq Valyuta
Fondunun (BVF) ötən ilin dekabrında Azərbaycanda səfərdə
olmuş missiyasının hesabatı da istər qlobal
böhranla mübarizə, istərsə də bank sektorunda
görülən tədbirlərin effektivliyini bir daha sübut
etdi. Fondun hesabatında bildirilirdi ki, qlobal maliyyə
böhranının ilk əlamətləri üzə çıxan
zamandan Azərbaycanın güclü iqtisadi vəziyyətdə
olması və qlobal maliyyə sisteminə məhdud inteqrasiya
olunması səbəbindən ölkəmizin cari iqtisadi siyasəti
ilə böhranın qısamüddətli təsirinə
davamlı olacağı gözlənilir. Maliyyə bazarına
gəldikdə, hesabatda Azərbaycan Mərkəzi
Bankının maliyyə tənzimlənməsi və likvidlik
vəziyyətinin yaxşılaşdırılması istiqamətində
apardığı siyasət xüsusilə təqdir olunurdu. Banklarda
faiz dərəcələrinin aşağı
salınmasının vaxtında atılmış
düzgün addım olduğu vurğulanırdı.
Ötən ilin
yekunları əhalinin pul gəlirlərinin 36 faiz
artdığını göstərdi. 2008-ci ilin yekunlarına
görə, Azərbaycanda yoxsulluğun səviyyəsi daha da
aşağı düşdüyü və 13,2 faiz təşkil
etdiyi məlum oldu. Həmçinin, 2008-ci ildə minimum əməkhaqqı
və minimum pensiyaların baza həddi 50 faiz
artırıldı ki, bu da Azərbaycanda orta əməkhaqqının
335 dollar, orta pensiyanın 120 dollar səviyyəsində
olması demək idi. Həm də 2008-ci ildə 120 mindən
çox yeni iş yeri açılmışdı.
Artımı təxminən
11 faiz təşkil edən ümumi daxili məhsulda (ÜDM)
isə özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil
etmişdi. İl ərzində ÜDM-in real artımı 10,8
faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft
sektoru üzrə isə 15,7 faiz olmuşdu. ÜDM-in
adambaşına düşən nominal həcmi 2003-cü ilə
nisbətən 5 dəfə artaraq 4440 manat təşkil
etmişdi. İqtisadi yüksəlişin əsas bazası
olan sənaye sahəsində 2008-ci ildə istehsal olunmuş məhsulun
həcmi 28 milyard manat təşkil etməklə, il ərzində
7 faiz, son beş ildə isə 2,5 dəfə
artmışdı.
Bütün bunlar qlobal maliyyə
böhranının özünü daha qabarıq şəkildə
büruzə verməsinə baxmayaraq, Azərbaycana məhdud
miqyasda təsir etdiyini göstərirdi. Ötən dövr
iqtisadi inkişaf baxımından Azərbaycanın öndə
getdiyini təsdiqləyir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 4.