Aktrisalıqdan akademikliyə gedən yol
Azərbaycan mədəniyyət
tarixinə, kino sənətinə adı əbədi həkk
olunmuş İzzət Orucova görkəmli alim, məşhur
kimyaçı və akademik idi. Amma buna baxmayaraq, onu
xatırlayanda kino sənətinin yaradıcıları
sırasında şərafətli yeri olan, cəsarəti ilə
seçilən bir xanımın həyat yolu göz
önündə canlanır. Əslində, İzzət
xanım qeyri-üzvi və fiziki kimya sahəsində
böyük kəşfləri olan və uzun illər Aşqarlar
Kimyası İnstitutunda laboratoriya müdiri işləmişdir.
O, ixtisasca mühəndis idi. 1932-ci ildə Azərbaycan Sənaye
İnstitutunun texnoloji fakültəsini bitirmişdi. İlk
iş yeri də Elmi-Tədqiqat Neft Emalı İnstitutu
olmuşdur. Onun bir kimyaçı alim kimi elmə gətirdiyi
yeniliklərin sayı çoxdur. İzzət Orucovanın kəşfləri
dünya alimlərinə də yaxşı məlumdur və
onlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki,
Dövlət mükafatı laureatı, əməkdar elm xadimi
İzzət Orucova xarici ölkələrdə keçirilən
simpoziumlarda, konfranslarda elmi məruzələrlə
çıxış edirdi. O, həm də bu sahənin ilkinlərindən
sayılırdı.
Maraqlısı odur ki,
İzzət Orucovanın milli kinomuzun inkişafında elə
bir xidməti var ki, hər dəfə məmnunluqla xatırlanacaq,
ehtiramla yad ediləcək. O, bizim ilk kino aktrisamızdır.
Tamamilə tərs mütənasib olan bu sahələrin hər
ikisində zirvələri fəth edə bilən İzzət
Orucova sonralar heç bir filmə çəkilməsə də,
xidmətləri kino tarixində əbədi qaldı.
Ötənlərə
boylandıqca heyrətlənməyə bilmirsən. İzzət
Orucova zülmətdə parlayan işıq ömrü
yaşayıb. O, elə bir vaxtda cəsarətli addım
atdı ki, həmin dövrdə Bakıda qadınlar qara
çarşablardan çox uzağa gedə bilmirdilər. İzzəti
kinoya dəvət edən, ondakı qabiliyyəti və
istedadı üzə çıxaran isə böyük
dramaturq və rejissor Cəfər Cabbarlı idi.
Arxiv materiallarından bəllidir
ki, Cəfər Cabbarlının "Sevil" pyesinin ilk
tamaşası 1928-ci ilin oktyabr ayında Azərbaycan Dövlət
Akademik Teatrında olmuşdur. Bu tamaşa teatr tarixinə
unudulmayan və möhtəşəm məqamları ilə
daxil oldu. Səhnədə baş verənlər
tamaşaçıları elə məftun etdi ki, pərdə
enməmiş qadınlar aldıqları emosional təsirdən
ruhlanaraq çarşablarını başlarından
atdılar. Bu, qeyri-adi və görünməmiş bir iş
idi. Bu, unudulmaz Cəfər Cabbarlının bir ədib və
rejissor kimi böyük uğuru oldu. Sevil həqiqətən
azadlıq carçısına çevrildi. Onun sədası
Azərbaycanı deyil, Yaxın Şərqi də
bürümüşdü. Fanatiklikdən, cahillikdən,
nadanlıqdan xilas olmağın yolunu təhsildə, maariflənməkdə
axtaran Cəfər Cabbarlı Azərbaycan
qadınlarını firavan, azad, qurub-yaradan, mübariz və
sözün həqiqi mənasında geniş
dünyagörüşünə malik şəxsiyyət kimi
görmək istəyirdi. Bu niyyətlə də
"Sevil" tamaşasından başlayan niyyətini indi
kinoda həyata keçirmək arzusuna düşdü. Çətinlik
onda idi ki, o dövrdə teatrlarda qadın rollarını adətən
kişilər, yaxud da yad millətdən olan aktrisalar
oynayırdılar. Həmkarları ona neçə
yabançı aktrisa məsləhət görsələr də,
Cəfər Cabbarlı inadından dönmürdü. Fikri qəti
idi. "Sevil elə bir fərdi xarakterə malikdir ki, onu
mütləq türk qızı oynamalıdır". O
dövrdə belə bir cəsarət sahibini necə tapmaq
olardı? Müsəlman qızlarını filmə çəkilməyə
qoyardılarmı? Bu sahədə ilk addım atan aktyorlar belə
qınağa çevrilər, hətta bəzən həyatlarına
qəsd edilərdi. Məşhur aktyor Hüseyn Ərəblinski
məhz belə bir nadanlığın qurbanı olmuşdu. Əlbəttə,
ziddiyyətli bir zamanda filmə uyğun aktrisa tapmaq çox
müşkül idi. Cəfər Cabbarlı uzun müddət
axtarışda oldu. Nəhayət, günlərin birində
öz axtardığını tapdı. Tələbə
İzzət Orucova rəfiqəsi ilə kinoteatrda səssiz
xarici filmə baxarkən unudulmaz ədibin diqqətini çəkdi.
İri, cazibədar gözlərin simasında Sevil
obrazını görən Cəfər Cabbarlı qət etdi
ki, bu qız ilk kino aktrisası olacaq və mütləq
qadınların əl-qolunu bağlayan xurafat zəncirlərini
məhz o açacaq. Fikrini qızın ailəsinə bildirmək
üçün seans başa çatandan sonra rəfiqələrin
arxasınca düz onların evlərinə qədər getdi.
İzzət
xanımın atası Mirzağa kişi bağban olsa da,
geniş dünyagörüşü, mütaliəsi olan bir
adam idi. Elmə, mədəniyyətə böyük həvəsi
və marağı var idi. Belə bir mühitdə
böyüdüyü üçün də İzzət
Orucova ali məktəbdə oxuyurdu. Amma dövrün
qanun-qaydaları, qohum-əqrəbanın fikirləri,
qonum-qonşunun münasibəti Mirzağa kişinin
qarşısına ağır sədlər çəkirdi. Teatrı,
kinonu sevməsinə baxmayaraq, ata övladının aktrisa
olmasını heç zaman qəbul edə bilmirdi.
Cəfər Cabbarlı
isə öz təkidində qalmışdı. Bir neçə
dəfə sənət dostları, dövrün
tanınmış ziyalıları ilə Mirzağa kişini
dilə tutmağa çalışsa da, heç bir müsbət
nəticə alınmırdı. Həmişə eyni sual,
eyni cavab: "Mən nə edim? Axı kino bizlik deyil". Nəhayət,
inadkarlıqdan yorulmuş Mirzağa kişi günlərin
birində Cəfər Cabbarlını çox mehriban
qarşıladı. Bu barədə İzzət Orucova öz
xatirələrində yazırdı: "Atam mənim kinoya
çəkilməyimə bir şərtlə icazə verdi
ki, Cəfərin özü məni faytonla aparacaq və
faytonla da geri qaytaracaq. Mənimlə söhbətində də
atam demişdi ki, bilirəm, məni danlayacaqlar, amma neyləyim,
bu kişinin sözündən çıxa bilmədim".
Beləliklə,
"Sevil" filminin çəkilişinə başlandı.
Balaş rolunu da Ağasadıq Gəraybəyli
oynayırdı. Hələ səsli filmlər meydana
çıxmamışdı. Bu səbəbdən İzzət
Orucovanın çəkildiyi "Sevil" filmi də səssiz
oldu. Ona görə də belə bir filmdə mövzunun təsirli
olması, tamaşaçıya çatması baş rolun
ifaçılarından çox asılıdır. Cəfər
Cabbarlı bir rejissor kimi (o, həmin filmdə ikinci rejissor idi)
ekran üçün nəyin gərəkli olduğunu dəqiq
bilirdi və kino sənətinin imkanlarından məharətlə
istifadə edirdi. Ssenariyə bir sıra epizodlar, əlavə
obrazlar salmışdı. Bütün bunların da nəticəsində
"Sevil" uğurlu ekran əsərinə çevrildi. Əsas
odur ki, Cəfər Cabbarlı istəyinə çatdı.
Film öz tamaşaçısını tapdı. Ailə-məişət
mövzusunda çəkilməyinə baxmayaraq, "Sevil"
Azərbaycan qadınının zəngin daxili aləmini,
mübarizliyini əks etdirə bilmişdir.
"Sevil"dən
sonra İzzət Orucova "Almaz" filminə çəkildi.
Əlbəttə, bu filmlər məzmunca bir-birindən fərqli
olsa da, ideyaca çox yaxındır. Aktrisa bu obrazı
C.Cabbarlının arzusunca yarada bildi. Bu filmi çəkmək
və görmək böyük ədibə qismət olmadı.
Kinoşünas Aydın Kazımov yazır ki, əslində,
bu filmə Cəfər Cabbarlı özü quruluş verməli
idi. O, hətta filmin çəkilişi ilə bağlı
bütün hazırlıq işlərini də görüb
başa çatdırmışdı. Lakin qəfil
ölüm onun işini yarımçıq qoydu. Həmkarları,
eləcə də rejissor Ağarza Quliyev bu filmi Cəfər
Cabbarlının işıqlı xatirəsinə ithaf etdilər.
"Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Dialoqlar
yazılar vasitəsilə verilmişdi, filmdə hadisələri
yalnız musiqi müşahidə edirdi. Bəlkə də, Cəfər
Cabbarlı yaşasaydı, İzzət Orucova
aktrisalığa "əlvida" deməzdi. Dramaturqun qəfil
ölümü onu bərk sarsıtmışdı. Bu səbəbdən
də bir daha kinoya çəkilmədi. Amma onun çətinliklə
saldığı cığırlarda kino sənətimizin
inkişafında böyük xidmətləri olacaq
ardıcılları - Həqiqət Rzayeva, Hökumə Qurbanova
inamla addımlayırdılar.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 7.