Məşəqqətli ömür

 

1930-1937-ci illər faciəsi qurbanlarından biri 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuş Ələsgər Abbas oğlu Şahbazovdur. Qismətə baxın ki, ömrünün ən işgüzar çağlarını millətinin işıqlı gələcəyi naminə can-dildən inandığı şura hökumətinin quruculuğu yolunda fəda etmiş Ələsgər Şahbazov həmin hökumət tərəfindən iki dəfə repressiyaya məruz qalıb. 20 ilə yaxın məhbusluq həyatı yaşayıb.

Ələsgər Şahbazov 1906-cı ildə 4-cü rus-tatar məktəbində iki il oxuyandan sonra Bakıya gələrək 6 sinifli müəllimlik məktəbini bitirir. Atası Abbas kişi onu da böyük qardaşları kimi ali məktəb tələbəsi görmək istəyirdi... Ələsgər özündən böyük iki qardaşının Rusiyada, Xarkov şəhərində necə çətinliklə oxuduğunu, altı nəfərlik ailədəki maddi durumun o qədər də yaxşı olmadığını görəndə hələlik işləməyi, qardaşlarına kömək etməyi qərara alır. Yaxın qohumlarından birinin dükanına azmaaşlı kassir işinə düzəlir. Burada işləyə-işləyə gərəkli bir ixtisasa yiyələnmək istəyir. Odur ki, gündüzlər mağazada işləyir, axşamlar isə həvəsində olduğu mühasiblik kursunda oxuyur. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 300 nəfərdən çox adamın çalışdığı Bakı şəhər Mixaylovsk xəstəxanasına hesabdar vəzifəsinə işə düzəlir. Bu zaman Ələsgərin gənclik illəri ictimai-siyasi hadisələrin gərgin və mürəkkəb dövrünə təsadüf edir.

Vətənpərvər və millətsevər ruhda böyüdüyündən bəzi həmyaşıdları kimi, o da xalqını, vətənini azad və müstəqil görmək arzusundaydı. Bu amal uğrunda ən çətin işin qulpundan yapışmağı, ən uzaq yolun yolçusu olmağı belə özünə şərəf bilirdi. Bu, o vaxt idi ki, Bakı tətillər, inqilablar meydanına çevrilmişdi, yüz illərlə əsarətdə yaşayan xalq çar Rusiyasının zülmündən qurtulmaq üçün ayağa qalxmışdı. Müxtəlif siyasi dərnəklər, partiyalar yaranmışdı, camaat hansısa yeni quruluşa ümid bağlayır, çar müstəmləkəçiliyindən qurtulmaq, müstəqil dövlət qurmaq, azad yaşamaq istəyirdi. Fəhlələr arasında bolşevik "Hümmət" təşkilatına böyük rəğbət var idi. Ələsgər xəstəxanaya işə girəndən baş hesabdar bolşevik İsrafilbəyovun, xüsusilə böyük qardaşı Tağı Şahbazinin köməyi ilə "Hümmət" təşkilatının fəaliyyətində yaxından iştirak edir, tez-tez fəhlələr arasında olur, verilən tapşırıqları həvəslə yerinə yetirirdi. Sıralarında olduğu gənc "Hümmət"çilər dəstəsilə neft mədənlərinə və zavodlara gedir, yığıncaqlar keçirir, fəhlələri bolşeviklərə - kommunist partiyasına dəstək olmağa çağırırdı.

1919-cu ilin əvvəllərində Müsavat hökuməti tərəfindən orduya səfərbər olunan Ələsgər Şahbazovun ömür yolu, fəaliyyət dairəsi başqa səmtə dönür. Milli ordunun rabitə xidməti bölüyündə sıravi əsgər, sonralarsa kargüzar olur. O, burada inqilabi fəaliyyətini daha da genişləndirir. Müsavat ordusunun əsgərləri arasında milli dövlətçiliyi qoruyub-saxlamaq və möhkəmləndirmək baxımından fəal təbliğati iş aparır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan və Azərbaycan rus qoşunları tərəfindən 1920-ci ilin aprel ayında işğal olunduqdan sonra Ələsgər Şahbazov xidmət etdiyi ordunun tərkibində qalır. 1917-ci ildən sıralarında olduğu bolşeviklər partiyasının xalqına, millətinə ağ günlər bəxş edəcəyi ümidiylə yeni yaradılan Qızıl ordunun əsgərləri arasında siyasi iş aparmağa başlayır. Az müddətdən sonra təcrübəsi, siyasi hazırlığı, əsgərlər arasında iş aparmaq bacarığı nəzərə alınmaqla Ə.Şahbazov AK(b)P MK-nın hərbi şöbəsi tərəfindən Qızıl ordu baş qərargahının inzibati-təsərrüfat şöbəsinin hərbi komissarı təyin edilir. Beləliklə, Ə.Şahbazov Qızıl ordunun baş qərargahında və siyasi idarəsində müxtəlif məsul vəzifələrdə çalışır.

1923-cü ilin yaz günlərinin birində Ələsgər Şahbazovun ömür yolunda ikinci bir səhifə açılır. O, 1923-cü ilin aprel ayında partiya işində məsul vəzifəyə - Göyçay Qəza Partiya Komitəsinin katibi təyin edilir. Üç il bu vəzifədə çalışdıqdan sonra AK(b)P Naxçıvan Ölkə Komitəsinin katibi vəzifəsinə göndərilir və 1928-ci ilə kimi bu vəzifədə işləyir. Bundan sonra Bakıya çağırılaraq "Azərsənət birliyi"nin sədri təyin edilir. Bakıda olmasından yararlanan Ə.Şahbazov elə həmin il həm də Azərbaycan Dövlət Universitetinin "Sovet hüququ" fakültəsinin tələbəsi olur. Növbəti ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi seçilir. Burada bir ay yeddi gün işlədikdən sonra onu yenidən partiya işinə - Qarabağ Mahal Partiya Komitəsinin katibi vəzifəsinə təyin edirlər. Çox çəkmir ki, mahal partiya komitəsi ləğv olunur və Ələsgər Şahbazov Bakıya çağırılır, bir müddət Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədri, xalq yüngül sənaye komissarı kimi məsul vəzifələrdə çalışır.

Ələsgər Şahbazov respublikanın ictimai həyatında yaxından iştirak edir, partiyanın tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirir, doğma vətəninin, xalqının inkişafı naminə əlindən gələni əsirgəmir. Savadına, qabiliyyətinə və insanlarla ünsiyyət bacarığına görə böyük nüfuz qazanır. Xalq ona böyük ehtiram və etimad göstərir. Məsul vəzifələrdə çalışdığı vaxtlarda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilir, AK(b)P MK-nın və ÜİK(b)P Zaqafqaziya Nəzarət Komissiyasının üzvü olur, RK(b)P X qurultayında Azərbaycan partiya təşkilatının nümayəndəsi kimi iştirak edir. Partiya və xalq qarşısındakı xidmətləri, inqilabi hərəkatda və sosializm quruculuğundakı xidmətləri nəzərə alınmaqla "Lenin" ordeninə layiq görülür.

1933-cü ildə Ə.Şahbazova yeni təyinat verirlər - o, Naxçıvan MTS-ə siyasi şöbənin rəisi göndərilir. Bir neçə aydan sonra MTS ləğv olunur. Bu dəfə Ə. Şahbazov Yardımlı Rayon İcraiyyə Komitəsinin sədri, az sonra isə Lerik Rayon Partiya (b) Komitəsinin katibi təyin edilir və 1936-cı ilə kimi bu vəzifədə çalışır. Sonra Lənkəran Rayon Partiya (b) Komitəsinə katib göndərilir. Burada da az müddət işlədikdən sonra Bakıya çagırılır və "Aztorq"a direktor müavini təyin edilir.

Ələsgər Şahbazovun həyatının faciəli günləri bundan sonra başlayır. Camaat arasında xətirli-hörmətli olmasını, yuxarılarda bilikli-bacarıqlı kadr kimi tanınmasını bəzi bədxahlar həzm edə bilmirdilər. Axır vaxtlar ara-sıra ünvanına söylənən şayiələrdən özü də bunu hiss edirdi. Amma inana bilmirdi ki... 1937-ci ilin avqust ayında qəfildən onu başqa bir ünvana çağırarlar.

Guya antisovet təşkilatının üzvü olduğu üçün XDİK (NKVD) tərəfindən həbs edilir. Xüsusi təhlükəli cinayətkar kimi Xalq Daxili İşlər Komissarlığının nəm zirzəmilərində dörd ilə yaxın işgəncələrə, əzab-əziyyətə məruz qalır. Milliyyətcə erməni olan baş müstəntiq, mayor Avanesovun uydurmaları əsasında, antisovet təbliğatı ilə məşğul olması tam "sübuta" yetirilərək 8 il müddətinə azadlıqdan məhrum edilməklə Uzaq Sibirə islah əmək düşərgəsinə göndərilir.

Ələsgər Şahbazov 1945-ci ilin qızmar avqust günlərində qazamatdan buraxılanda Bakıda, hətta anadan olduğu doğma Mərdəkan kəndində belə yaşamağa ona icazə vermədilər. Uğrunda can qoyduğu Sovet hökumətinin "müqəddəs" qanunlarına əsasən Ağdama getməli, orada işlə təmin olunmalı idi.

Gizlin də olsa, Ələsgər ailəsi, yaxın qohum-əqrəbası ilə görüşüb bir neçə gündən sonra tələb olunan ünvana gedir. Burada ona iş tapılmır. Razılıq əsasında Qutqaşen rayonunda (Qəbələ) Meşə Təsərrüfatına hesabdar vəzifəsinə düzəlir. Ələsgər ötən illər ərzində çox şeylər görüb-götürdüyündən buna da çox şükür edir, azadlığı ən böyük nemət bilir, Allah-taaladan onu xata-bəladan, şərdən-böhtandan qorumağı arzu edir.

1947-ci ilin payızında idarəyə meşədə boşalan ərazilərdə və digər boş sahələrdə yeni tinglər salmaq, meşəçiliyi inkişaf etdirmək məqsədilə xeyli maliyyə vəsaiti buraxılmışdı. Ələsgər görür ki, idarənin işçiləri, xüsusilə meşəbəyilər meşənin qalın yerindən və digər sahələrdən əllərinə keçən tingləri gətirib müəyyən boş-tala yerlərə əkirlər. Tinglərin alınmasına və bu yöndə görüləcək işlərə ayrılan pulları isə idarənin rəisi onun-bunun adına yazdırmaqla mənimsəyir.

Ələsgər vəzifədə olanda da, sürgündə kirpikləri ilə od götürəndə də düzlüyü, təmizliyi, halallığı hər şeydən üstün tutub. Odur ki, rəisə öz fikrini, etirazını bildirir. Məsələni düzəltmək əvəzinə, növbəti aylarda daha geniş vüsət aldığını görən Ələsgər bu barədə rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarına məlumat yazır. Çox keçmir ki, yoxlama gəlir, yazırlar-pozurlar və idarənin hesabdarı, cinayətin canlı şahidini günahkar çıxarırlar ki, belə şey yoxdur, kollektivə böhtan atırsan, müdiri ləkələmək istəyirsən və s. Hətta bu "yalançılığına" görə Ələsgəri tənbeh edənlər də tapılır.

Kollektiv qarşısında pis vəziyyətdə qalan, haqqın ağzına daş basıldığını görən Ələsgər bu dəfə yuxarı - Bakıya, baş idarəyə rəsmi məktubla müraciət etməli olur. Bakıdan gələn yoxlama maliyyə sənədləri və Ələsgərin məlumatları əsasında yazılanların doğru olduğunu, pozuntulara yol verildiyini aşkarlayır və bu narazılıqları "barışıq" yolu ilə həll edib qayıdır Bakıya.

Aradan altı-yeddi ay keçəndən sonra - 1948-ci il sentyabr ayının 8-də idarədə hamı bir-birinə dəydi. Hökumət adamları gəlib Qutqaşen rayon Meşə Təsərrüfatının hesabdarı Ələsgər Şahbazovu tutub apardılar ki, sən Sovet hökumətinin əleyhinə təbliğatı işlərlə məşğulsan.

Ələsgər Şahbazovun adına açılmış 251 nömrəli cinayət işindən:

 

14 sentyabr 1948-ci il.

 

"Müstəntiq:

- Siz antisovet cinayətlərdə tutulmusunuz?

- Mən heç vaxt antisovet fəaliyyətlə məşğul olmamışam.Verdiyiniz sualla əlaqədar mənə heç nə göstərə bilməzsiniz.

Müstəntiq:

- Sizin ifadələriniz fəaliyyətinizlə uyğun gəlmir. Nahaq yerə cəhd edirsiniz ki, elədiyiniz cinayəti işlərlə Sovet hökumətini aldada bilərsiniz. Düz danışın!

- Yenə təkrar edirəm: Sovet hökumətinin əleyhinə heç bir işə cəhd göstərməmişəm.

Müstəntiq:

- Mən yenə sizi xəbərdar edirəm. Sovet hökumətinə qarşı elədiyiniz əməlləri boş sözlərlə gizlədə bilməyəcəksiniz. Çünki bizdə, təhqiqat işində, sizin düzgün danışmadığınız və özünüzü düzgün aparmadığınız haqqında istənilən qədər məlumat var. Bu barədə xatırladıram və təklif edirəm ki, özünüz haqqında düzgün məlumat verəsiniz.

- Mən tərəfdən Sovet hökumətinə qarşı heç vaxt belə bir fikir və belə bir cəhd ola bilməz. Bəlkə məndən razı qalmayanlar nəsə deyə bilərlər. Bu "dannılar" mənim fəaliyyətimə uyğun deyil. Mən həmişə işdə çalışmışam ki, özümü yaxşı aparım, yaxşı işimlə yoldaşlarımın etimadını qazanım. Sovet hökuməti qarşısında əsl adam olum.

Müstəntiq:

- Belə çıxır ki, siz uzun müddət öz ətrafınızdakılar arasında Sovet hökumətinin əleyhinə işlər aparmısınız.

imza"

Müstəntiq eyni səpkili suallara təxminən eyni cavablar almaqla Ələsgər Şahbazovu sentyabrın 11-də 5 dəfə, 14-də 6 dəfə, sentyabrın 20-də 4 dəfə, oktyabrın 18-də 3 dəfə, oktyabrın 23-də 2 dəfə, dekabrın 6-da 3 dəfə həftələrlə ayrı-ayrı günlərdə dəfələrlə dindirilməklə sorğu-sualdan keçirib. Hər dəfə də çalışıblar ki, Ələsgər Şahbazov desin ki, "bəli, siz deyəndi, üstəlik hələ bu, bu, bu, işləri də mən eləmişəm..."

Ancaq Ələsgər Şahbazov əqidəsindən dönmür, mövqeyini dəyişmir.

Bütün bunlara baxmayaraq, Ələsgər Şahbazov antisovet millətçi təşkilatın üzvü kimi "cinayəti fəaliyyəti" 1948-ci il fevral ayının 1-də "sübuta" yetirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilir.

1953-cü ildə "ellər atası" İosif Stalin öləndən sonra, gecələri zillət, gündüzləri zülmət olan insanların üzünə azadlıq günəşi doğur. Bu azadlıq günəşi Ələsgər Şahbazovun da taleyinə xoş naxış vurur: davamlı olaraq yazdığı ərizələrə yuxarılarda baxan tapılır. Haqqı nahaqqın əlindən alıb sahibinə qaytarırlar. Beləliklə, onun tərcümeyi-halına düşən bu ləkə 1956-cı ildə elə Sovet hökumətinin öz əli ilə silinir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 7.