Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
24-də Çexiya Respublikası Parlamenti Senatının sədri
Prşemısl Sobotkanın başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Çexiya Parlamenti
Senatının sədrinin böyük nümayəndə heyəti
ilə Azərbaycana səfərinin önəmini qeyd edən
Prezident İlham Əliyev ölkəmizlə Çexiya
Respublikası arasında ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi üçün geniş potensialın
olduğunu bildirdi. Dövlətimizin başçısı bu
məsələlərin Çexiya Prezidenti və Baş
naziri ilə keçirdiyi görüşlər zamanı da
müzakirə olunduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli
münasibətlərimizin geniş sahələri əhatə
etdiyini vurğulayaraq, eyni zamanda "Şərq tərəfdaşlığı"
Proqramında ölkəmizin iştirakının əhəmiyyətini
də qeyd etdi. Dövlətimizin başçısı
Çexiya Respublikası Parlamenti Senatının sədrinin səfəri
zamanı həm ikitərəfli, həm də Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığına dair məsələlərlə
bağlı məhsuldar müzakirələrin keçiriləcəyinə
əmin olduğunu bildirdi.
Prşemısl Sobotka Azərbaycanın
Çexiya üçün strateji tərəfdaş ölkə
olduğunu vurğuladı. O, Çexiyanın region ölkələri
ilə əlaqələrinin inkişafında Azərbaycanın
mühüm rolunu qeyd etdi.
Ölkəsinin Azərbaycanla
bütün sahələrdə əməkdaşlığa
maraqlı olduğunu deyən qonaq ikitərəfli münasibətlərimizin
bundan sonra daha da inkişaf edəcəyinə əminliyini
bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 1.