Sentyabrın 24-də
Prezident İlham Əliyev Bilgəh-Sumqayıt avtomobil yolunun
yenidənqurulması layihəsinin icrasına başlanması
mərasimində iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki,
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2008-2013-cü illər üçün əlavə
Tədbirlər Planına uyğun olaraq hazırda Heydər Əliyev
Beynəlxalq hava limanı, Mərdəkan dairəsi və Bilgəh
qəsəbəsi istiqamətində avtomobil yolu yenidən
qurulur. Layihələndirilən səkkizcərgəli avtomobil
yolunun əsas məqsədi hava limanı, Mərdəkan dairəsi,
Bilgəh qəsəbəsi istiqamətindəki yüz minlərlə
əhalinin yaşadığı kənd və qəsəbələr,
habelə istirahət zonaları arasında iqtisadi cəhətdən
daha səmərəli, təhlükəsiz və rahat nəqliyyat
əlaqəsi yaratmaqdır. Bu baxımdan Bilgəh-Sumqayıt
avtomobil yolunun yenidənqurulması da mühüm əhəmiyyətə
malikdir.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki,
yolun Bilgəhdən Nardarana qədər olan hissəsinin
uzunluğu 14 kilometr, ümumilikdə isə 39,6 kilometr
olacaqdır. Nəqliyyat Nazirliyinin "Azəryolservis"
ASC-nin sifarişi ilə inşa olunan Bilgəh-Sumqayıt yolu
paytaxtın şimal hissəsindən, o cümlədən Bilgəh,
Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil,
Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində davam etməklə
bu ərazidə yaşayan və istirahət mərkəzlərində
dincələn vətəndaşların rahat gediş-gəlişi
üçün xüsusi əhəmiyyətə malikdir. Bu
yol Maştağa-Zabrat-Sabunçu, Nardaran-Maştağa-Bilgəh,
Novxanı-Masazır, Sumqayıt-Saray-Tağıyev qəsəbəsi
istiqamətində yaşayan və dincələn əhaliyə
də Bakı şəhərinə daxil olmadan M-1, yəni
Bakı-Rusiya magistralına çıxışa imkan
yaradacaqdır. Eyni zamanda, Sumqayıt şəhərində və
digər şimal bölgələrində yaşayan əhalinin
paytaxtın mərkəzinə daxil olmadan 30 kilometr məsafəyə
qənaət etməklə Bakı kəndlərinə, dənizkənarı
istirahət mərkəzlərinə, o cümlədən Heydər
Əliyev Beynəlxalq hava limanına rahat
çıxışı təmin olunacaqdır.
Prezident İlham Əliyevə
Mərdəkan dairəsində həyata keçiriləcək
yenidənqurma işləri barədə də məlumat
verildi. Qeyd olundu ki, burada dizayn və işıqlandırma
işlərinə xüsusi diqqət yetiriləcəkdir.
Bildirildi ki, perspektivdə
dənizkənarı ilə Sumqayıta gedən, yararsız
hala düşərək fəaliyyətini
dayandırmış dəmir yolunun yerində yeni magistral yolun
çəkilməsi də nəzərdə tutulmuşdur.
Dövlətimizin
başçısı tikintidə çalışacaq
inşaatçılarla görüşdü, onlara tövsiyələrini
verərək dedi:
- Yeni və gözəl
yol çəkilir. Bütün sahilboyu kəndləri birləşdirəcəkdir.
Sumqayıta qədər yeni, müasir, gözəl yol
salınacaqdır. Bu gün bu yolun tikintisinin birinci
günüdür. Elə bilin ki, biz bu yolun təməlini
qoyuruq. Bu yolu tezliklə, yüksək keyfiyyətlə tikərsiniz
ki, insanlarımız, kəndlərdə yaşayan əhali və
bütünlükdə Bakı şəhərinin sakinləri
belə gözəl yoldan istifadə etsinlər. Sizə
uğurlar arzulayıram.
* * *
Sonra Bilgəh-Sumqayıt
avtomobil yolunun yenidənqurulması layihəsinin icrasına
başlandı.
Prezident İlham Əliyev
yolun yüksək keyfiyyətlə tikilməsi ilə
bağlı bir daha tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 1.