Bakının Babək prospektində yeni yol
qovşağının açılışı olmuşdur
Sentyabrın 24-də
Bakının Babək prospekti ilə Məhəmməd Hadi və
Mikayıl Əliyev küçələrinin kəsişməsində
tikilmiş yeni yol qovşağı kompleksinin
açılışı olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin
başçısını inşaatçılar hərarətlə
qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov
Prezident İlham Əliyevə məlumat verdi ki, kompleks iki
yolötürücüdən, hər biri
beşaşırımlı iki körpüdən,
üç avtomobil və iki piyada keçidindən ibarətdir.
Tikinti işlərini Nəqliyyat
Nazirliyinin "Azəryolservis" ASC-nin sifarişi ilə bu
sahədə ixtisaslaşmış, müasir standartlara
uyğun çoxsaylı körpü və yol keçidləri
ilə yanaşı, yüzlərlə kilometr yollar çəkmiş
qabaqcıl müəssisələrdən biri olan "Gəncə
Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti
həyata keçirmişdir. Kompleksin layihəsi "Texnomost" şirkəti tərəfindən
hazırlanmışdır.
Prezident İlham Əliyev
paytaxtın Nizami və Xətai rayonlarının
qovuşduğu ərazidə yerləşən kompleksin sxemi
ilə tanış oldu, tikintinin gedişini əks etdirən
fotoşəkillərə baxdı. Qeyd olundu ki, bir-birini tamamlayan iki
yolötürücüsünün yaratdığı bu
kompleks mürəkkəbliyi və müasirliyi ilə digərlərindən
fərqlənir və hərəkətin son dərəcə
sıx olduğu bu ərazidə tıxacların aradan
qaldırılmasında və piyadaların təhlükəsizliyində
mühüm rol oynayacaqdır.
İnşasına
2006-cı ildə başlanmış yol
qovşağının ümumi uzunluğu 2116 metr, giriş və
çıxışla birlikdə isə 2500 metrdən
artıqdır. Eni 23,4
metr olan yol kompleksinin iki enmə və iki qalxma zolağı
vardır.
Kompleksə daxil olan
körpülərin aşırım hissələri xüsusi
texnologiya ilə gərginləşdirilmişdir. Gərginləşmə işləri
və temperatur tikişlərinin inşası Fransanın
"Freysaj" şirkəti tərəfindən
aparılmışdır.
Metronun "Xalqlar
dostluğu" stansiyası dairəsindəki
körpünün aşırım hissəsinin uzunluğu 129
metrdir, digər körpünün aşırım hissəsi
isə 196 metrdir. Hərəkət
hissəsi 23,4 metr olan körpülərin eni enmə və
qalxma zolaqlarında 37,6 metrə qədər dəyişir.
Yanaşma yollarının uzunluğu 2640 metr, istinad
divarlarının ümumi uzunluğu 4320 metrdir. Yan yollardan
körpülərə qalxmaq və enmək üçün
4 rampa inşa olunmuşdur. İstinad divarları arasında
yol örtüyünün qalınlığı 22 santimetrdir
ki, bu da kompleksin istismar müddətini artırır.
Ümumiyyətlə, yol qovşağının tikintisində
350 min kubmetrdən çox torpaq işləri
görülmüş, 155 min kvadratmetr əraziyə asfalt
döşənmiş, 57 min ton asfalt-beton yayılmış,
22 kilometr uzunluqda səki daşları
quraşdırılmışdır. Bundan əlavə,
inşaat işləri zamanı 60 min kubmetrdən çox
betondan, 7 min tondan çox poladdan istifadə olunmuşdur.
Qovşağın tərtibatı
da gözoxşayandır, körpülər üzərində
milli ornamentlərlə işlənmiş 2770 metr çuqun məhəccər
quraşdırılmışdır. Zövqlə işlənmiş 88 ədəd
işıq dirəyindən asılmış lampalar gecələr
yol qovşağını işıqlandırmaqla
yanaşı, bu əraziyə xüsusi yaraşıq verir.
İşıqlandırma sistemində əsas yenilik ondan ibarətdir
ki, qaranlıq düşdükcə lampalar avtomatik olaraq
yanmağa başlayır, günəş çıxarkən
sönür. İstinad divarlarının, keçidlərin
ağlay daşları ilə milli memarlıq ənənələrinə
uyğun naxışlarla bəzədilməsi, korpülərin
dayaqlarında qranit materialdan istifadə olunması
qovşağın gözəlliyini daha da
artırmışdır.
Bütün bunlarla
yanaşı, tikinti işləri zamanı inşaat
materiallarının keyfiyyətinə xüsusi fikir
verilmiş, onlar müasir laboratoriyalarda təcrübəli
mütəxəssislər tərəfindən yoxlanılmışdır.
Avtomobil keçidlərinin
tikintisində istifadə olunan 18 metr uzunluqlu trapesiya şəkilli
aşırım tirləri, tağvari piyada keçidləri
"Gəncə Körpü Tikinti-2" ASC-nin istehsalat
bazasında hazırlanmışdır.
Ümumiyyətlə,
yol qovşağının estetik görünüşünə
xüsusi diqqət yetirilmişdir. Belə ki, 35 min kvadratmetr ərazidə
çəmənlik salınmış, müxtəlif ağac
və kollar əkilmişdir. Bunlar ətrafda gözəllik
yaratmaqla bərabər, ekoloji tarazlığa da müsbət təsir
göstərir.
Körpülərdə
yağış sularının yığılıb
qalmaması üçün xüsusi kollektor, yan yollarda isə
kanalizasiya xətləri tikilmişdir.
Prezident İlham Əliyevə
məlumat verildi ki, tikinti işlərinin intensiv dövründə
burada 350 nəfər çalışmışdır.
Yol qovşağı
metronun "20 Yanvar" stansiyasındakı dairə,
"Günəşli" yaşayış sahəsi və
Bakıxanov qəsəbəsi, Böyük Şor
qovşağı, Azadlıq meydanı, Heydər Əliyev
adına Beynəlxalq hava limanı və digər istiqamətlərdə
nəqliyyatın rahat gediş-gəlişinə imkan verəcəkdir.
Yol
qovşağının maketi dövlətimizin
başçısına hədiyyə olundu.
Prezident İlham Əliyev
yeni yolötürücüsünün
açılışını bildirən lenti kəsdi, nəqliyyatçıları
və inşaatçıları bu münasibətlə təbrik
edərək dedi:
- Təbrik edirəm,
yeni gözəl körpü tikilib istifadəyə
verilmişdir. Bakı
gözəlləşir, abadlaşır. Körpü bu
bölgədə tıxacların aradan qaldırılması
üçün çox gözəl bir infrastruktur layihəsidir.
Bu körpünün tikintisi onu göstərir ki, yerli şirkətlər
artıq beynəlxalq təcrübəyə malikdirlər. Yerli
şirkətlər tərəfindən həyata keçirilən
bütün gözəl infrastruktur layihələri məni
çox sevindirir.
Çünki əvvəllər
xaricdən şirkətlər dəvət olunurdu, təcrübəmiz
yox idi. Hətta bəzi
hallarda işçi qüvvəsi də xaricdən gətirilirdi.
İndi isə bu layihələri Azərbaycan dövlətinin
vəsaiti hesabına yerli şirkətlər icra edir. Bu layihələri
Azərbaycan fəhlələri, mütəxəssisləri
gerçəkləşdirirlər. Bu, Azərbaycanın
inkişafını göstərir, onu göstərir ki, biz
istənilən layihəni uğurla icra edə bilərik.
Bakıda son illər ərzində
tikilən körpülər, yol qovşaqları, bütün
yol infrastrukturu həm gözəllik, həm keyfiyyət, həm
də funksional baxımdan ən yüksək səviyyədədir.
Buna görə
bütün bu işlərdə iştirak edən insanlara
öz təşəkkürümü bildirmək istəyirəm.
Nəqliyyat Nazirliyi, müxtəlif yerli şirkətlər bu
gözəl işləri birlikdə görürlər, şəhərimizi
gözəlləşdirirlər. Bir daha sizi təbrik edirəm
və yeni uğurlar arzulayıram.
Açılış mərasimindən
sonra yeni yol qovşağında nəqliyyatın hərəkəti
başlandı.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 2.