Azərbaycanın Baş naziri Çexiya
Senatının sədri ilə
görüşmüşdür
Sentyabrın 24-də Azərbaycanın
Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə
olan Çexiya Senatının sədri Prşemısl Sobotka ilə
görüşmüşdür.
Azərbaycan hökumətinin
başçısı son vaxtlar bütün sahələrdə
dinamik inkişaf etməkdə olan Azərbaycan-Çexiya əlaqələrindən
söhbət açaraq qeyd etmişdir ki, ölkələrimizin
müxtəlif qurumlarını təmsil edən nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
bu məsələdə böyük rol oynayır. Baş nazir Çexiyanın bank
strukturlarının Azərbaycanda həyata keçirilən
layihələrin maliyyələşdirilməsində fəal
iştirak etməsini vurğulayaraq ümid etdiyini
bildirmişdir ki, bu gün keçirilmiş Azərbaycan-Çexiya
biznes forumu qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün daha bir stimul
olacaqdır.
Artur Rasizadə
Çexiya nümayəndə heyətinin üzvlərinə
qlobal maliyyə böhranı şəraitində uğurla
inkişaf edən Azərbaycan iqtisadiyyatı haqqında məlumat
vermişdir. O, Azərbaycanın
əsas problemi - Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi haqqında da
danışmışdır.
Çexiya
Senatının sədri Prşemısl Sobotka səfəri
çərçivəsində aparılmış
danışıqlardan məmnun qaldığını bildirərək
Çexiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin
dərinləşməsi üçün böyük
potensialın olduğunu qeyd etmişdir. Qonaq demişdir ki, sentyabrın 24-də
keçirilmiş biznes forumun gedişində iki ölkənin
işgüzar dairələri arasında yaranmış əlaqələr
gələcək layihələrin möhkəm təməli
olacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 2.