Çexiya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

 

Çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotka sentyabrın 24-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Qonaq Milli Məclisin iclas zalı ilə tanış olmuş, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Sonra Oqtay Əsədovla Prşemısl Sobotka arasında təkbətək görüş keçirilmişdir.

Görüş başa çatdıqdan sonra Çexiya Senatının sədri parlamentdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuş, Xatirə kitabına ürək sözlərini yazmışdır.

Daha sonra geniş tərkibdə görüş olmuşdur.

Oqtay Əsədov qonaqları salamlayaraq demişdir ki, dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. Sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni impuls verəcəkdir.

Milli Məclisin Sədri parlamentlərarası əlaqələrin səviyyəsini, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini, qarşılıqlı səfərlərini, deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirmişdir.

İqtisadi əlaqələrimiz, ticarət dövriyyəmiz də artır. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar vardır.

Azərbaycanın Cənubi Qafqaz regionunda həyata keçirilən regional layihələrdəki iştirakını xüsusi vurğulayan O.Əsədov demişdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, enerji daşıyıcılarının şaxələndirilməsi ilə bağlı yeni layihələrin reallaşması buna parlaq misaldır. Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığa dair memorandum bizə bu istiqamətdə fəaliyyəti sürətləndirmək üçün geniş imkanlar açır. Düşünürük ki, Çexiya Respublikası da bundan səmərəli istifadə etməlidir.

Milli Məclisin Sədri Çexiyanın GUAM-da müşahidəçi kimi iştirakını yüksək qiymətləndirmiş, Avratlantika strukturlarına inteqrasiya məsələsində Çexiyanın təcrübəsinin Azərbaycan üçün maraqlı olduğunu bildirmişdir.

Sonra O.Əsədov Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, rəsmi Bakının bu məsələdəki ədalətli mövqeyini diqqətə çatdırmışdır. O demişdir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul etsələr də, təcavüzkar Ermənistan həmin sənədlərə məhəl qoymur. O.Əsədov Dağlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi ədalətli mövqeyə görə Çexiya Respublikasının rəhbərliyinə minnətdarlığını çatdırmışdır.

Prşemısl Sobotka nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd etmişdir. Qonaq demişdir ki, parlamentlər böyük siyasətdə səmərəli rol oynayırlar. Odur ki, parlamentlərarası münasibətlərimizin inkişafı hər iki tərəfin xeyrinədir.

Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu təsdiqləyən qonaq Azərbaycanın enerji təhlükəsizliyi məsələsində regionda və dünyada oynadığı rolu yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, onunla Azərbaycana gəlmiş iş adamları azərbaycanlı həmkarları ilə geniş işbirliyi yaratmaq niyyətindədirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Sobotka demişdir: "Bizim üçün dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi olduqca vacib amildir. Dağlıq Qarabağ münaqişəsi çox ciddi problemdir. Hesab edirəm ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hərbi müdaxilə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir".

Sonra görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, Avropa İttifaqının "Şərq tərəfdaşlığı", NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramları çərçivəsində birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 3.