Azərbaycan xalçaları Çexiya Parlamenti Senatı sədrinin xanımını valeh etmişdir

 

Çexiya Parlamenti Senatı sədrinin xanımı Radmila Sobotka sentyabrın 24-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşdur.

Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, cari ilin avqustunda "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" nüfuzlu mükafatlarına layiq görülmüşdür. Beynəlxalq mükafatlar bu ilin oktyabrın 26-da Böyük Britaniyada Liderlərin Oksford Sammiti çərçivəsində keçiriləcək "Socrates Award" XIV təntənəli mərasimdə təqdim olunacaqdır.

Xanım Radmila Sobotka boyama, toxuma prosesini maraqla izləmiş, xalçaçı qızlarla səmimi söhbət etmişdir.

Qonaq qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxmışdır. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi çexiyalı qonaqda böyük maraq oyatmışdır.

"Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı-xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etmişdir. Xanım Radmila Sobotka "Azərilmə"nin xatirə kitabına yazdığı ürək sözlərində də Azərbaycan xalçalarının gözəlliyinə heyran olduğunu, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, xalça qalereyasından zəngin, unudulmaz təəssürat aldığını bildirmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova və Çexiya Parlamenti Senatının sədrinin xanımı çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbəti davam etdirmişlər.

Xanım Radmila Sobotkaya xatirə hədiyyələri təqdim olunmuşdur. Qonaq da "Azərilmə"yə hədiyyə vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 3.