Muzeylə tanışlıq çexiyalı qonaqlarda xoş təəssürat
oyatmışdır
Çexiya Parlamenti
Senatı sədrinin xanımı Radmila Sobotka sentyabrın 24-də
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyində
olmuşdur.
Çexiyalı
qonağa məlumat verilmişdir ki, Prezident İlham Əliyevin
təşəbbüsü və qayğısı ilə
muzey əsaslı təmir olunmuş və burada yenidənqurma
işləri aparılmışdır.
Muzeylə yaxından tanışlıq
zamanı bildirilmişdir ki, 1850-ci ildə birmərtəbəli
karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə
artırılaraq mehmanxana kimi fəaliyyət göstərmişdir.
1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar
İttifaqı yerləşmişdir. 1939-cu ilin noyabrında Azərbaycanın
dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə
respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi
yaradılmışdır. Muzeyin həmin binada yerləşdirilməsi
məqsədi ilə memarlar Sadıq Dadaşov və
Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma
işləri aparılmış, fasadda heykəllər
qoyulmuş, daha iki mərtəbə əlavə edilmişdir.
Bildirilmişdir ki, yenidənqurmadan
öncə muzeyin 120 mindən artıq eksponatından
ekspozisiyada 1000-i göstərilirdisə, yeni ekspozisiyada 25 mindən
çox eksponat vardır. Bütün ekspozisiya salonları
kompüterləşdirilmiş, tamaşaçıların
müstəqil işləmələri üçün
monitorlar quraşdırılmış, Azərbaycan, ingilis və
rus dillərində informasiya bazası yaradılmış,
audio-video materialları seyr etmək üçün 14 monitor
və dinləmə qurğuları olan xüsusi böyük
salon təşkil edilmişdir. Muzeyin fondları zəruri texnika və avadanlıqla təmin olunmuşdur.
Radmila Sobotka Yaxın və
Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat
muzeyi olan bu mədəniyyət ocağının
böyük konfrans salonunu, "Qədim dövr", "Dədə
Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi",
"Xaqani Şirvani", "İmadəddin Nəsimi",
"Məhəmməd Füzuli", "Şah
İsmayıl Xətai" salonlarını gəzmişdir. Muzeyin
ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan
ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat
verir. Burada Azərbaycan ədəbiyyatının görkəmli
xadimlərinin nadir əlyazmaları, məşhur xəttatların
yazı nümunələri, klassiklərin əsərlərinə
çəkilən miniatürlər, illüstrasiyalar, müxtəlif
kitablar, qəzet və jurnallar, müasir Azərbaycan
yazıçılarının əsərləri, təsviri
sənət nümunələri və sənədli fotoşəkillər,
xalq yaradıcılığı nümunələri, Azərbaycan
ərazisindən tapılan və müxtəlif dövrlərə
aid sikkələrin kolleksiyası, bədii xalçalar,
saxsı və bürünc qablar, digər maddi mədəniyyət
abidələri qorunur.
Qonaq
üçüncü mərtəbədə nümayiş
olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus,
üzərində "Qurani-Kərim" ayələri
yazılmış "gülləbatmaz" köynək,
Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin,
Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin,
Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin
və başqalarının şəxsi əşyaları,
şəkilləri, habelə ötən əsrin 30-cu illərində
repressiya qurbanı olmuş şair və yazıçıların
sənədlərinin surətləri ilə tanış
olmuşdur.
Sonda muzeyin direktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı
Rafael Hüseynov Çexiya Parlamenti Senatı sədrinin
xanımı Radmila Sobotkaya muzeyin təşəbbüsü
ilə çap olunmuş kitablar və bukletlər təqdim
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 3.