Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvəti, iftixarıdır

 

Bakı Dövlət Universitetinin 90 illik yubileyi Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisələrindən biri kimi qarşılanır və müxtəlif səviyyələrdə qeyd olunur. Bu da təsadüfi deyildir - Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu klassik elm və təhsil məbədi respublikamızın müstəqillik tarixinin yaxın bələdçisi, cığırdaşı olaraq ictimai-siyasi fikrin pozitiv ruhda inkişafında, milli kadr hazırlığında sözünü demiş, flaqman statusunu daim qoruyub saxlamışdır. 90 illik tarixi dövründə universitet Azərbaycanın dövlətçiliyinin sadiq keşikçisi olmuş, milli-mənəvi və ümumbəşəri dəyərlərin inkişafında mühüm rol oynamışdır. Azərbaycanın ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin ən görkəmli nümayəndələri universitetdə təhsil almış, dünya elminə misilsiz töhfələr vermiş korifeylərin böyük əksəriyyəti məhz burada çalışmışdır.

"Azərbaycan" qəzetinin təşəbbüsü ilə Bakı Dövlət Universitetində keçirilən "dəyirmi masa"da ali məktəbin keçdiyi tarixi yola bir daha nəzər salındı, habelə burada elm və təhsilin bugünü və gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı. "Dəyirmi masa"nı giriş sözü ilə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov açdı:

- Bakı Dövlət Universitetinin 90 illik yubileyi Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biridir. Təqdirəlayiq haldır ki, universitet həyatı ilə bağlı bütün məsələlərə daim geniş yer ayıran "Azərbaycan" qəzeti bu hadisənin ictimai dəyərini düzgün qiymətləndirərək təhsil ocağında belə bir "dəyirmi masa" keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Şübhə etmirəm ki, BDU-nun 90 illik yubileyi ərəfəsində onun aparıcı, görkəmli alimlərinin ilk ali məktəbin dünəni, bugünü və gələcəyi ilə bağlı fikirləri ölkə ictimaiyyəti üçün də böyük maraq kəsb edir.

Universitet şanlı yubileyinə böyük ruh yüksəkliyi ilə hazırlaşır. Bu hazırlıq prosesində əsas məqsəd insanlara bu elm və təhsil məbədinin tarixi xidmətlərini çatdırmaq, keçdiyi çətin və şərəfli yolla hərtərəfli tanış etmək, onun təhsil sistemindəki yeri və rolu barədə dolğun təsəvvür yaratmaqdan ibarətdir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olmuşdur. Universitet 90 illik mövcudluq tarixində digər ali məktəblərin də meydana gəlməsinə böyük xidmətlər göstərmiş, respublikada elmi potensialın möhkəmlənməsində yaxından iştirak etmişdir.

Bir faktı da hər zaman böyük fəxarət hissi ilə qeyd edirik ki, universitetin əsas yubileyləri məhz ulu öndərin sərəncamları əsasında, habelə onun yaxından iştirakı ilə keçirilmişdir. Universitetin 1969-cu ildə keçirilmiş 50 illik yubileyi ilə bağlı yaradılmış dövlət komissiyasının sədri şəxsən ümummilli lider özü olmuş, həmin dövrün sərt qadağalarına baxmayaraq, təntənəli mərasimdə Azərbaycan dilində çıxış etmişdir. Əgər biz həmin dövrədək Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov haqqında danışırdıqsa, Bəhmənyar, Rəşidəddin, Nəsimi haqqında geniş söz deyə bilmirdik. Ulu öndər universitetin 50 illik yubileyində məşhur filosof Bəhmənyar, orta əsrlərin böyük alimi Rəşidəddin, üsyankar şair Nəsimi haqqında ilk dəfə olaraq ürək sözlərini açıqlayandan sonra Azərbaycan alimləri bu istiqamətdə geniş tədqiqatlara başladılar.

Universitetin 75 illik yubileyində ümummilli liderin nitqi hamımızın yaxşı yadındadır. BDU-nun 80 illik yubileyində isə universitetin 69 nəfər əməkdaşı yüksək dövlət təltiflərinə, mükafatlarına layiq görülmüşdür. Bu unudulmaz hadisələr bizi çox sevindirmiş, təhsil və elmdə yeni nailiyyətlərə həvəsləndirmişdir.

BDU ölkənin ilk universiteti kimi bu gün də özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Sonradan bir çox ali təhsil ocaqları yaradılsa da, BDU cəmiyyətdəki lider mövqeyini əldən verməmiş, hər zaman qoruyub saxlamışdır. 90 yaşlı universitet bu gün özünün müdriklik çağını yaşayır. Həm ölkədaxili islahatlarda öndə gedir, həm də Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən Avratlantika məkanına inteqrasiya prosesində öndədir. Bolonya prosesinin bütün tələbləri BDU-da öz yerini tutmuşdur - Avropa təhsil sisteminin mütərəqqi prinsiplərinin həyata keçirilməsində, bu sahədə elmi-metodoloji bazanın formalaşmasında da öndəyik.

Azərbaycan Prezidenti cənab İlham Əliyev neft gəlirlərinin insan kapitalına çevrilməsinin vacibliyini dəfələrlə qeyd edərək alimlərimiz qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirmişdir. BDU-nun professor-müəllim heyəti də məhz bu strategiyanı əsas tutaraq ölkənin elm və təhsil potensialının güclənməsinə, dövlət idarəçiliyi üçün yüksək ixtisaslı, savadlı, vətənpərvər kadrların hazırlanmasına böyük səy göstərir. Bu prosesdə dövlət başçısı İlham Əliyev də hər zaman BDU-ya rəhbər diqqət və qayğısını əsirgəmir. Xüsusi qeyd etmək istəyirəm ki, ölkə rəhbəri 2008-ci ildə universitetin yeni korpusunun açılışında iştirak etmiş, universitet həyatı ilə yaxından tanış olmuşdur. Ali məktəbin kollektivi dövlət başçısının BDU-nun yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamını da böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılamışdır.

Universitetin görkəmli alimləri ayrı-ayrı sahələrdə qazandığımız uğurlar barədə ətraflı məlumat verəcəklər. Düşünürəm ki, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun da universitet haqqında fikirləri bizim üçün maraqlı olar.

Bəxtiyar Sadıqov,

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı:

- İlk növbədə vaxt ayırıb bu "dəyirmi masa"da iştirak edən nüfuzlu alimlərimizə, ziyalılarımıza, habelə universitet rəhbərliyinə təşəkkürümü bildirirəm. Biz, həqiqətən də, BDU-nun 90 yaşının tamam olduğunu böyük qürur və fəxarətlə deyirik. Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyəti, ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində sanballı töhfələri olan məbədgahdır. Çox şadıq ki, universitetin yubileyinin qeyd edilməsi ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev xüsusi sərəncam imzalayıb. Bu sərəncam bizim hamımızın, xalqın ürəyincə olan tarixi bir sənəddir.

BDU-nu bitirmiş hər bir məzun yubileyi qeyd etsəydi, bu, Azərbaycanın bütün bölgələrini, ən ucqar kəndləri belə əhatə edərdi. Universitet Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə böyük töhfələr verib. Xalq arasında "məktəblər məktəbi", "müəllimlər müəllimi" kimi deyimlər var. Bunu, sözün tam mənasında, BDU-ya da şamil edə bilərik. Universitet birinci yaranmaqla kifayətlənmədi, onun bazası əsasında neçə-neçə ali məktəb meydana gəldi. BDU-da bir çox elmi-tədqiqat institutları fəaliyyətə başladı. Sonradan müstəqilləşərək bu gün də Azərbaycan elminə töhfələrini verirlər.

BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər. Obrazlı desək, bu gün "müəllimlər müəllimləri" də məhz BDU-da çalışır. Bütün bunlar bizi çox sevindirir. "Dəyirmi masa"nın keçirilməsində məqsədimiz həm də ondan ibarətdir ki, böyük ənənələri olan universitetdə Azərbaycan elminə, təhsilinə misilsiz faydalar vermiş insanların çalışdığını oxucularımızın diqqətinə çatdıraq.

Bir fikri də xüsusi diqqətə çəkmək istəyirəm: BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub. Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb.

Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasətini davam etdirərək universitetə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz buna görə BDU hazırda sürətlə inkişaf edir, milli kadr hazırlığı prosesində öz sözünü deyir. Universitetdə çalışan professor-müəllim heyəti də bu yüksək qayğı və diqqətin müqabilində ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına, onun əsasını qoyduğu siyasi kursa yüksək sədaqət nümayiş etdirir. Universitet kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirir.

Rəfiqə Əliyeva, AMEA-nın müxbir üzvü:

- Xalqımızın intellektual səviyyəsinin, elmi rotensialının formalaşmasında BDU-nun müstəsna rolu var. Universitet yüksək ixtisaslı milli kadrların hazırlanmasında hər zaman əvəzsiz xidmətlər göstərmiş, fəaliyyəti dövründə bir çox ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasında böyük rol oynamışdır. Universitet hər zaman Azərbaycanda milli-mütərəqqi fikrin və düşüncənin mərkəzi kimi çıxış etmişdir. Qurur doğuran haldır ki, burada dünya şöhrətli siyasətçi, ulu öndər Neydər Əliyev, eləcə də tanınmış alimlər, ziyalılar, görkəmli ictimai-siyasi xadimlər təhsil almışlar.

Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Neydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi 1969-cu ildən sonrakı tarixi mərhələ universitet həyatında bilik və elmin zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Geniş tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat labratoriyası fəaliyyətə başlamış, universitetin gələcək yüksəlişi üçün möhkəm zəmin formalaşdırılmışdır. Ümumiyyətlə, Bakı Dövlət Universiteti təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.

Ulu öndər Heydər Əliyev deyirdi ki, "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir". Eyni ehtiram Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli varisi, ulu öndərin müəllifi olduğu inkişaf kursunu əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin BDU-ya münasibətində də özünü göstərir. Ölkə rəhbəri bu prosesdə Azərbaycan təhsilinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin roluna böyük önəm verir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, bu ali təhsil müəssisəsində tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılır. Cəmiyyətin parlaq bir hissəsi olan Bakı Dövlət Universiteti bu siyasətə dəstəyini heç zaman əsirgəmir.

Fuad Qasımzadə, Fəlsəfə (təbiət fakültələri üzrə) kafedrasının müdiri, akademik:

- Bu gün elə bir Azərbaycan ziyalısı tapmaq çətindir ki, Bakı Dövlət Universiteti onun həyatında hansısa rol oynamasın. Universitet mənim həyatımda olduqca yaddaqalan izlər buraxıb. 1947-ci ildə Bakıdakı 1 nömrəli məktəbi qızıl medalla bitirib universitetin fəlsəfə şöbəsinə daxil olmuşam. 1952-ci ildən aspiranturada saxlanılaraq dərs deməyə başlamışam. 57 ildir müəlliməm, ömrümün 62 ili isə universitet həyatı ilə bağlıdır. Universitet mənim üçün son dərəcə doğmadır, əzizdir və onun hər bir addımının da canlı şahidiyəm.

Çox qəribədir ki, həyatımın çox hissəsi universitet rektorları ilə bir yerdə keçib. Universitetə qəbul olunanda rektorumuz Abdulla Qarayev idi. O, böyük fizioloq alim idi, mənə də dərs deyib. Fəlsəfə şöbəsində bütün dərsləri, o cümlədən fizika, astronomiya, riyaziyyat, fiziologiya fənlərini keçirdilər. Çox şirin leksiyalar oxuyardı.

Universiteti bitirdiyim il görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın, sonrakı mərhələ isə tanınmış kimyaçı alim Yusif Məmmədəliyevin rektorluğu dövrünə təsadüf edib. Yusif Məmmədəliyev hərtərəfli insan idi. O, yalnız kimya sahəsini deyil, digər sahələri, o cümlədən şeiri, sənəti yaxşı bilən şəxsiyyət idi. Yusif Məmmədəliyevdən sonra universitetin rektoru Şəfayət Mehdiyev oldu. Çox nüfuzlu alim idi. Onun vaxtında Fəlsəfə kafedrasına müdir təyin edildim. O vaxtdan indiyədək həmin kafedraya rəhbərlik edirəm. Universitetin mövcudluğu dövründə bizim Heydər Hüseynov, Cahangir Nağıyev, Makovelsk, Faiq Köçərli, A.Aslanov, Z.Göyüşov, H.Şirəliyev kimi dünya miqyaslı filosoflarımız olub. Görkəmli filosof Məmməd Ələkbərli də universitetin rektoru olub və çox təəssüf ki, 32 yaşında qırmızı terrorun -1937-ci ilin repressiyalarının qurbanı olub.

Bütün dövrlərdən fərqli olaraq, hazırda universitetdə təşkilatçılıq işi olduqca yüksək səviyyədədir. Son on ildə bu təhsil ocağında bütün istiqamətlərdə böyük canlanma, dəyişiklik, inkişaf var. Universitetin binasından tutmuş təhsil sisteminin təkmilləşdirilməsi, kitabxana fondunun ilbəil zənginləşdirilməsi, yeni texnologiyalarla təminatı, bir sözlə, hər sahədə dinamik inkişaf gözlərimiz qarşısındadır.

Vasim Məmmədəliyev, ilahiyyat fakültəsinin dekanı, akademik:

- Bakı Dövlət Universiteti 90 yaşının ərəfəsindədir. İstər dəqiq, istər fundamental, istərsə də humanitar elmlər sahəsində görkəmli alimlər tarixən məhz bu ali təhsil ocağında çalışmışlar. Biz özümüz Abdulla Qarayev, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Mirabbas Qasımov, Mehdi Əliyev, Yəhya Məmmədov, Cəmil Quliyev, Murtuz Ələsgərov, Misir Mərdanov kimi görkəmli alim-rektorlarla işləmişik.

BDU həm təhsilin səviyyəsinə görə, həm də abadlıq-quruculuq, təmir-tikinti işlərinin həcminə görə respublikada birinci yerdə dayanan ali təhsil ocağıdır. Universitet xüsusən son illərdə həm görünüşü, həm də daxili ab-havası baxımından tamamilə dəyişmiş, yeniləşmişdir. Biz xarici ölkələrin universitetlərində tez-tez oluruq. Fəxrlə deyə bilərik ki, bizim universitet onlardan geri qalmır. BDU-da həm keyfiyyət, həm də mədəniyyət dəyişikliyi baş vermişdir. Tədrisə, elmə, təhsilə olan maraq, təmizlik, səliqə-sahman, zövqlə tikilmiş korpuslar bu ali məktəbin ümumi mənzərəsinə xas olan cəhətlərdir. Təhsildə Bolonya sisteminin bütün prinsipləri BDU-da həyata keçirilir və bununla da Avropa təhsil sisteminə inteqrasiya sahəsində inamlı addımlar atılır.

Mənim çalışdığım şərqşünaslıq fakültəsi ən qədim fakültələrdən biridir. Bu fakültədə Əli Azəri, Rəhim Sultanov, Ələsgər Məmmədov, Mübariz Əlizadə, Məmmədağa Sultanov, Həmid Araslı, Malik Mahmudov, Rüstəm Əliyev və başqa böyük şərqşünaslarımız fəaliyyət göstərmişlər. Şərqşünaslıq fakültəsi bu illər ərzində çox böyük inkişaf mərhələsi keçmişdir.

Fəxrlə deyə bilərik ki, hələ sovet dövründə Azərbaycan şərqşünasları ilə hesablaşırdılar. Xüsusən də tərcüməçilər hazırlamaq sahəsində BDU-nun böyük ənənəsi var. Bunun bünövrəsini mərhum alimimiz Ələsgər Məmmədov qoyub və biz də bu yolu davam etdiririk. Hələ keçmiş Sovetlər İttifaqı dövründə Moskva və Sankt-Peterburq universitetlərində Bakının tərcüməçi hazırlamaq təcrübəsindən geniş istifadə edirdilər.

Şərqşünaslıq fakültəsi ən qədim fakültələrdən biri, ilahiyyat fakültəsi isə ən cavan fakültədir - 1992-1993-cü tədris ilində açılmışdır. Qısa zamanda 20-dən çox gənc kadrımız bu sahədə doktorluq dissertasiyası müdafiə etmişdir. Türkiyədən gələrək burada çalışan 20-dən artıq doktorumuz var. Hazırda ilahiyyat sahəsində görkəmli alimlərimiz yetişmişdir. Dünyanın bir sıra ali məktəblərində, o cümlədən Oksford Universitetində də belə bir fakültə var.

Fəxrlə qeyd etməliyik ki, bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev BDU-ya xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkə başçısının dəstəyilə universitetin yeni korpusunun istifadəyə verilməsi, cənab İlham Əliyevin açılış mərasimində iştirak edərək məzmunlu nitq söyləməsi deyilənlərə əyani sübutdur. Hesab edirəm ki, dövlət başçısının sərəncamı əsasında bu ilin noyabr ayında BDU-nun 90 illik yubileyinin keçirilməsi ümumilikdə Azərbaycan elminin və təhsilinin həqiqi bayramına çevriləcəkdir.

Vasif Babazadə, AMEA-nın müxbir üzvü:

- BDU ötən əsrdə çətin və şərəfli yol keçib. Universitet tarixinin 40 ili isə tam mənada ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təhsil ocağının tarixində beş dəfə yubiley qeyd olunub. Fəxrlə deyə bilərik ki, BDU-nun 50, 60, 75 və 80 illik yubileyləri bilavasitə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında keçirilib. Bu yubileylərin hər birində iştirak etmək mənə də nəsib olub. Deyə bilərəm ki, həmin mərasimlər böyük ruh yüksəkliyi ilə qeyd edilib.

Ulu öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən milli-mənəvi dəyərlərə, adət-ənənələrə, dövlətçilik rəmzlərinə böyük rəğbətlə yanaşıb. O illərdə milli ruhun yüksəlməsi, xalqda azadlıq, milli müstəqillik duyğularının baş qaldırması üçün bütün zəruri addımlar atılıb. Təsadüfi deyildir ki, hələ ötən əsrin 70-ci illərində universitet mütərəqqi milli düşüncənin əsas mərkəzinə çevrilmiş, burada tariximizi, dilimizi, mədəniyyətimizi tədqiq edən sanballı tədqiqatlar aparılmışdı. 1974-cü ildə ulu öndər belə tədqiqatlardan bir neçəsini - 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyini, habelə görkəmli alim Ziya Bünyadovun "Atabəylər dövləti" adlı tədqiqat əsərini dövlət mükafatına layiq görmüşdür. O zaman mükafatların verilməsi üçün Moskva tərəfindən elm və təhsil sahələrinin hər birinə iki yer - cəmi 4 yer ayrılmışdı. Ulu öndər Heydər Əliyev isə təkidlə beşinci yerin də ayrılmasına nail olmuşdu.

Hazırda ulu öndərin ideoloji irsi universitetdə dərindən öyrənilir. Heydər Əliyev müstəqillik, azərbaycançılıq, demokratiya, dövlətçilik, milli tərəqqi, dünyəvilik və başqa böyük ümumbəşəri dəyərləri əks etdirən yeni bir ideologiyanın əsasını qoyub. Universitetdə bütün ali məktəblər arasında ilk dəfə olaraq Heydər Əliyev məktəbi yaradılıb, həmin məktəbdə çox ləyaqətli şəxsiyyətlər çıxış ediblər. BDU-da yenə də ali məktəblər arasında ilk dəfə olaraq Heydər Əliyev muzeyi yaradılıb.

Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü:

- Universitetin ölkənin ümumi ictimai-siyasi həyatında, bütün elmlərin inkişafı sahəsində yeri məlumdur. Bakı Dövlət Universitetinin filologiya fakültəsi 1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Ali məktəbin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir. Bu sonuncu ixtisas üzrə tələbələr ilk növbədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər.

1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilmiş və beləliklə, 1922-ci il martın 30-dan rus dili və ədəbiyyatı ixtisası tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin bir bölməsi kimi fəaliyyət göstərmişdir. 1923-1924-cü tədris ilində tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrilmiş, indiki rus dili və ədəbiyyatı ixtisası həmin fakültənin üç şöbəsindən biri olmuşdur. 1924-1925-ci tədris ilində ictimai elmlər fakültəsi pedaqoji fakültə ilə əvəz edilmişdir. 1925-1926-cı tədris ilinin əvvəllərində pedaqoji fakültədə dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırılmışdır. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək - Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirmişdir.

1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açılmışdır. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas üzrə - "Azərbaycan dili və ədəbiyyatı", "rus dili və ədəbiyyatı" ixtisasları üzrə aparılmışdır. Müstəqil filologiya fakültəsinin ilk dekanlığı Rus ədəbiyyatı kafedrasının professoru Aleksandr Vasilyeviç Baqriyə tapşırılmışdır. 1939-1940-cı tədris ilində fakültənin nəzdində 7 kafedra açılmışdır. 1946-1947-ci dərs ilində incəsənət şöbəsi, sonra kitabxanaçılıq, habelə məntiq, psixologiya və Azərbaycan dili şöbələri açılmışdır, fakültədəki kafedraların sayı xeyli artmışdır. Rus ədəbiyyatı, Qərbi Avropa ədəbiyyatı, incəsənət tarixi və nəzəriyyəsi, məntiq və psixologiya, kitabxanaçılıq, sovet mətbuatının nəzəriyyə və təcrübəsi kafedraları fəaliyyətə başlamışdır. Jurnalistika və kitabxanaçılıq şöbələri sonralar filologiyadan ayrılıb müstəqil fakültələrə çevrilmişdir.

Fakültənin nəzdində Məntiq və psixologiya kafedrası isə 1947-1956-cı illər ərzində fəaliyyət göstərmişdir. Fakültəyə Həbibullah Səmədzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Cəfər Cəfərov, Əli Sultanlı, Muxtar Hüseynzadə, Seyfulla Əliyev, Əlövsət Abdullayev, Ağamusa Axundov, Əkbər Ağayev, Firudin Hüseynov, Aqil Hacıyev, Nizami Cəfərov, Qara Namazov kimi görkəmli alimlər rəhbərlik etmişlər.

Hazırda fakültədə 16 kafedra, 3 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində dörd ixtisas üzrə mütəxəssis hazırlanır. Ümumiyyətlə, fakültənin elmi potensialı çox güclüdür. Professor-müəllim heyəti 233 nəfərdən ibarətdir. Bunlardan 1 nəfəri akademik, 3 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri professor və ya elmlər doktoru, 106 nəfəri isə dosent və ya elmlər namizədidir. Elmi-tədqiqat laboratoriyalarında 28 nəfər elmi işçi çalışır. Fakültənin Türkiyə, İran, Rusiya, Misir, Almaniya və s. ölkələrin müvafiq elm və təhsil qurumları ilə sıx pedaqoji əlaqələri var.

Abuzər Xələfov, tarix elmləri doktoru, professor:

- Mən universitetin uğurlarında 90 ildə ona rəhbərlik etmiş rektorların xidmətlərini xüsusi qeyd etmək istərdim. Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi bu illərdə ona 24 rektor rəhbərlik etmişdir. Bütün dünyada klassik universitetlər yaranandan bu günə kimi universitet rektoru olmaq ən şərəfli peşə hesab edilmiş, dünyanın qabaqcıl ölkələrində onlara ən görkəmli alimlər, elm və təhsil təşkilatları, cəmiyyət tərəfindən qəbul edilən, xalq tərəfindən tanınan ziyalılar başçılıq etmişlər. 90 ildə Bakı Dövlət Universitetinə rəhbərlik etmiş rektorların sirası ilə tanış olduqda, onların həyat yolunu, elmi fəaliyyətini araşdırdıqda məlum olur ki, bu insanların böyük əksəriyyəti Azərbaycan xalqının sayılıb-seçilən korifeyləri olmuşlar. Universitetin ilk rektoru həyatını təhsilə, elmə, mədəniyyətə həsr edən çox görkəmli rus alimi, tibb doktoru, RSFSR-in əməkdar elm xadimi, Rusiyada müstəqil cərrahlıq məktəbinin yaradıcısı Vasili İvanoviç Razumovski olmuşdur. O, Bakı Dövlət Universitetini Avropa ilə Asiyanın qovşağında yanan məşəl adlandırmışdır. Ali məktəbin ilk azərbaycanlı rektoru isə Tağı Şahbazi olmuş, bu görkəmli ziyalı 1937-ci ilin repressiyaları zamanı güllələnmişdir.

Ötən əsrin 30-80-ci illərində M.Məmmədov, Məmməd Ələkbərli, Əziz Əliyev, A.Qarayev, Cəfər Xəndan, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə universitetə ardıcıllıqla başçılıq etmişlər. Müstəqillik illərində görkəmli elm və dövlət xadimləri Murtuz Ələsgərov, Misir Mərdanov rəhbərlik etmişlər. 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə rektor təyin olunmuş əməkdar elm xadimi, akademik Abel Məhərrəmov böyük təşkilatçı və istedadlı alim kimi universitetin inkişafına bu gün də böyük töhfələrini verir.

Bəhram Əsgərov, akademik:

- Əvvəla, Bakı Dövlət Universitetinin yubileyinə böyük diqqətlə yanaşdığına görə respublikanın birinci qəzeti olan "Azərbaycan"a təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu gün universitetin fəaliyyətində üç istiqamət haqqında xüsusi danışmaq olar: təhsil, elm və kadr hazırlığı. Bu üç istiqamət ayrılıqda nə inkişaf edə, nə də yaşaya bilər. Bakı Dövlət Universitetinin elmi uğurları haqqında isə saatlarla danışmaq olar.

Qısaca olaraq bildirim ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı imzaladığı 4 sərəncam universitetin elmi potensialının daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu ildə imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya", habelə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 9 sentyabr 2008-ci il tarixli "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", habelə 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi qeyd oluna bilər.

Bu gün BDU-nun elmi strukturu olduqca geniş və əhatəlidir. Elmi işlər 16 fakültədə, 125 kafedrada, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində, 20 elmi-tədqiqat laboratoriyasında aparılır. Bu strukturlarda 1312 professor-müəllim heyəti və 275 elmi işçi çalışır. Onlardan 8-i AMEA-nın həqiqi üzvü, 253-ü elmlər doktoru, 841-i elmlər namizədidir. Eyni zamanda elmi hissədə 366 əməkdaşdan 275-i elmi işçi, 5-i AMEA-nın müxbir üzvü, 57-si elmlər doktoru, 135-i elmlər namizədidir. Universitetdə dəqiq, təbiət və humanitar elm sahələrini əhatə edən 82 istiqamətdə 230 mövzu üzrə elmi iş aparılır.

Elmi işlərin nəticələrinin qiymətləndirilməsi məsələsi də çox mürəkkəbdir. Elmi iş fundamental və ya tətbiqi xarakterli ola bilər. Fundamental elmi nəticələr müəyyən sahədə elmin əsaslarına töhfə verə bilər. Onun tətbiqləri üçün bəzən uzun müddət tələb olunur. Elmi nəticələrin qiymətinin meyarlarından biri də onların elmi jurnallarda çap edilməsi və ictimaiyyətin nəzərinə çatdırılmasıdır.

Bütün bunlar BDU-nun böyük elmi potensiala malik olduğunu, Azərbaycan elminə böyük töhfələr verdiyini bir daha təsdiqləyir. Yəni BDU-nun özünü elmi işlə məşğul olan böyük bir akademiya da adlandırmaq olar.

Məhəmməd Mehdiyev, tətbiqi riyaziyyat fakültəsinin dekanı, AMEA-nın müxbir üzvü:

- Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrü təkcə Azərbaycan iqtisadiyyatının deyil, eyni zamanda onun elminin, mədəniyyətinin intibah dövrü olmuşdur. Böyük rəhbərin təşəbbüsü və dəstəyi ilə respublikada bir çox yeni ixtisaslar açılmış, Azərbaycan elminin gələcəyini müəyyən edən elmi potensial yaradılmışdır.

Belə təşəbbüslərdən biri də onun göstərişi ilə BDU-da 1972-ci ildə yaradılan tətbiqi riyaziyyat və kibernetika fakültəsidir. Bu, Heydər Əliyevin zamanı qabaqlamaq təşəbbüsü idi. Hazırda riyaziyyatın həyatın bütün sahələrinə nüfuz etdiyi bir zamanda biz bu dahi uzaqgörənliyin əhəmiyyətini dərk edirik. Tətbiqi riyaziyyat fakültəsi yaradılarkən onun cəmi 2 kafedrası və 50 tələbəsi var idisə, bu gün fakültədə 10 kafedra fəaliyyət göstərir və 1250-dən çox tələbə təhsil alır. Yarandığı ilk illərdə cəmi 2 professoru olan fakültədə indi 17 professor çalışır. Onların biri akademik, beşi isə AMEA-nın müxbir üzvüdür. Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2 ixtisas - "kompüter elmləri" və "informatika müəllimi" ixtisasları üzrə bakalavr və 15 ixtisas üzrə magistrlər hazırlanır.

Son illərdə BDU-da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində fakültənin bütün kompüter otaqları, kafedralar və dekanlıq müasir kompüterlərlə təchiz edilmiş və sürətli internet şəbəkəsinə qoşulmuşdur. Bununla yanaşı, fakültədə 70-dən çox kompüterlə təchiz edilmiş və internet şəbəkəsinə qoşulmuş Azərbaycan-Koreya informasiya mərkəzi yaradılmışdır. Bu mərkəzdən nəinki universitetin əməkdaşları və tələbələri, eyni zamanda respublikanın elm və təhsil sahəsində çalışan vətəndaşları da faydalanırlar.

Bir qayda olaraq fakültəyə yüksək bal toplamış abituriyentlər qəbul olunurlar. Təkcə onu qeyd etmək kifayətdir ki, 2008-2009-cu tədris ilində burada Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş 43 tələbə təhsil alır. 2008-2009-cu tədris ilindən tətbiqi riyaziyyat və kibernetika fakültəsi Bolonya təhsil sisteminə qoşulmuşdur. Bununla əlaqədar fakültədə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunmuş və bu istiqamətdə görüləcək işlər fakültə rəhbərliyi tərəfindən müəyyənləşdirilmişdir.

2008-ci ildə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrinə görə fakültəmiz universitetin təbiət fakültələri arasında birinci yeri tutmuşdur. Ümummilli liderin göstərişi ilə yaradılan fakültənin məzunları bu gün Azərbaycanın, xüsusilə də paytaxtın faktiki olaraq bütün dövlət və özəl şirkətlərinin, o cümlədən bir çox xarici şirkətlərin riyaziyyat, informatika və iqtisadiyyatla bağlı şöbələrinin əməkdaşları, hətta bir çox yerlərdə rəhbərləridir. Məzunlarımızın sorağı ABŞ-dan, Kanadadan, Almaniyadan, İngiltərədən, Türkiyədən və başqa ölkələrdən gəlir. Fakültənin bir məzunu ABŞ-ın Florida Texnoloji İnstitutunun, bir məzunu isə Böyük Britaniyanın York Universitetinin professorudur. Ümumiyyətlə, gənc olmasına baxmayaraq, fakültənin məzunları arasında 10-dan çox elmlər doktoru və daha çox sayda elmlər namizədi var.
Fakültədə aspirant hazırlığına da xüsusi diqqət verilir.
Burada differensial tənliklər, riyazi fizika tənlikləri, diskret riyaziyyat və riyazi kibernetika, ehtimal nəzəriyyəsi və riyazi statistika, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, iqtisadiyyatın riyazi və instrumental üsulları və s. ixtisaslar üzrə həm yerli, həm də xarici ölkə vətəndaşları təhsil alır.

Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü:

- Universitetin əməkdaşı kimi möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm ki, BDU-nun yubileyi ilə bağlı tarixi əhəmiyyətli sərəncam imzalayıb. Azərbaycan elminin, təhsilinin inkişafında universitetin fəaliyyəti çoxşaxəlidir. Ali təhsil ocağı bu gün və keçmişdə ölkənin mədəni və siyasi həyatında böyük rol oynayıb. BDU böyük bir tərbiyə ocağıdır. Gənclər həmişə inqilabi ruha malik olublar və tələbələr həmişə yeniliklərə doğru can atıblar.

Təlimin bir funksiyası da tərbiyəedicilik işindən ibarətdir. Bütün müəllimlər hansı elmi tədris etmələrindən, araşdırma aparmalarından asılı olmayaraq, gənclərin təlim-tərbiyəsi ilə məşğul olur, onların Azərbaycan üçün yetkin vətəndaş kimi formalaşmalarına böyük səy göstərirlər. BDU eyni zamanda gənclərimizin istər siyasi, istər mədəni, istərsə də fiziki cəhətdən sağlam, yetkin olması üçün böyük işlər görür. Universitetin tələbələri ölkədə gedən quruculuq işlərində, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının dərinləşməsində yaxından iştirak edirlər.

Fiziki tərbiyə eyni zamanda siyasi yetkinliklə, mədəni səviyyə ilə bağlıdır. Bu gün BDU-da universitetin tarixində heç vaxt olmamış müasir idman kompleksi tikilib və burada beynəlxalq yarışlar keçirilir. Tələbələrimiz təkcə universitetdə yox, digər ali məktəblərin, xarici ölkələrin ali təhsil ocaqlarının tələbələri ilə də yaxın ünsiyyətdə olurlar. Əlaqələrin genişləndirilməsi, gənclərin asudə vaxtlarının düzgün təşkili onların mənəvi və fiziki cəhətdən daha yetkin olmalarına xidmət edir. Azərbaycanda olimpiya hərəkatına, idmanın inkişafına hər zaman yüksək qiymət verilir. Bu siyasətə öz töhfəsini verən BDU Azərbaycan gəncliyinin sağlam, əqidəli, xalqına, vətəninə və dövlətinə sədaqətli, habelə yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına çalışır.

80 illik yubileylə 90 illik yubiley arasındakı zaman çərçivəsində o qədər böyük işlər görülüb ki, bunlar haqqında saatlarla danışmaq olar. Yalnız onu deməliyik ki, BDU ölkədə həyata keçirilən davamlı, ardıcıl siyasətin tərənnümçüsü olmuşdur. İnanıram ki, biz bu yolda bundan sonra da inamla, uğurla addımlayacağıq.

Cəlal Allahverdiyev, akademik:

- BDU universitet adına layiq ali təhsil ocağıdır. Digər ali təhsil ocaqları daim onun təcrübəsindən nümunə götürür, Azərbaycanın ən böyük məbədgahının arxasınca irəliləyirlər. Universitetin ən böyük nailiyyətləri hər zaman Azərbaycan xalqına və dövlətçiliyinə xidmətdən ibarət olub.

Bakı Dövlət Universiteti son illərdə çox inkişaf edib. Hazırda bu ali təhsil ocağında bir sıra müasir laboratoriyalar fəaliyyətdədir. Biz on il bundan öncə belə bir laboratoriyalara malik olacağımızı ağlımıza belə gətirmirdik. Müasir dövrdə dünyada elm sürətlə inkişaf edir. BDU isə öz inkişafı ilə dünya elminin tərəqqisi ilə ayaqlaşır. Biz bu tərəqqi ilə yaxın gələcəkdə dünya miqyasında daha böyük nailiyyətlərə imza atacağıq.

Ali təhsil ocağında çalışan müəllimlərə, texniki işçilərə və əməkdaşlara, habelə tələbələrə yüksək qayğı göstərilir. Üzgüçülük hovuzu, idman kompleksi, poliklinika - bütün bunlar bunu deməyə əsas verir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin vaxtilə BDU-ya göstərdiyi yüksək qayğını hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Müseyib Müseyibov, coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor:

- BDU yalnız ölkədə elmin, təhsilin inkişafında deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizələrdə müstəsna rola malikdir. Gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi, onlarda Azərbaycan dövlətinə, xalqına sədaqət hissinin aşılanması ali təhsil ocağının əsas məqsədlərindəndir. BDU bu xidmətlərini Azərbaycan xalqının ən ağır günlərində belə ölkəmizdən və dövlətimizdən əsirgəməmişdir.

Ötən əsrin 80-ci illərində Qarabağ hadisələri başlayanda BDU xüsusi fəallıq göstərirdi. Universitetdə Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində görülən işlər ölkəmizin heç bir ali məktəbində yox idi. Ali təhsil ocağının xətti ilə Qarabağın cəbhə bölgələrinə yardımlar edilirdi. Eyni zamanda döyüşçülərimizin silahla təchiz olunması təşkil edilirdi. Keçmiş SSRİ-nin bütün ali məktəblərinə ermənilərin məkrli niyyətləri haqqında məlumatlar göndərilirdi. Universitetin kollektivi ölkəmizin ərazi bütövlüyünün qorunması üçün əlindən gələni etməyə bu gün də hazırdır.

Azərbaycan elminə misilsiz töhfələr bəxş etmiş BDU-nun 90 illik yubileyi həm də 100 illik yubiley qarşısında hesabatdır. İnanıram ki, universitet bundan sonra da qarşıya qoyduğu ali məqsədləri inamla həyata keçirəcəkdir.

Məsumə Məlikova, AMEA-nın müxbir üzvü:

- BDU həmişə irəlidə olan ali təhsil ocağıdır. Hazırda universitet inkişafının yeni mərhələsini yaşayır. Tədris, tərbiyə işləri, müəllimlərin dərslərə yanaşması, tələbə-müəllim münasibətləri yeni məzmun kəsb etmişdir. Burada elmlə tədris birləşib. Sərhəd yoxdur, postulat isə birdir. Elm tədrissiz, tədris də elmsiz ola bilməz.

Universitetdəki dəyişikliklər yalnız müəllimlərdə deyil, tələbələrdə də özünü qabarıq büruzə verir. Müasir tələbə keçmişlə müqayisədə daha praqmatikdir. BDU yalnız yüksək təhsilli yox, həm də praqmatik məzun hazırlayır. Universitetdə yüksək ixtisaslı kadr hazırlığında BDU-nun hüquq fakültəsinin rolu xüsusi qeyd olunmalıdır.

Bakı Dövlət Universiteti yaradılarkən burada təşkili nəzərdə tutulan dörd fakültədən biri də məhz hüquq fakültəsi idi. Lakin müəyyən çətinliklərə görə - milli kadrların və milli dildə tədrislə bağlı ədəbiyyatın olmaması üzündən hüquq fakültəsini açmaq müəyyən müddət mümkün olmamışdı. 1928-ci il dekabrın 17-də universitetin şərq fakültəsinin hüquq bölməsinin bazasında yaradılan hüquq fakültəsi müstəqil fəaliyyətə başlamış, respublikada ali hüquqi təhsil verən yeganə tədris mərkəzi olmuşdur.

Əgər fakültə yarananda milli elmi-pedaqoji kadrlar yox dərəcəsində idisə, hazırda buranın professor-müəllim heyəti 80 nəfərdən yuxarıdır. Onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 12 nəfəri elmlər doktoru, professor, 48 nəfəri elmlər namizədi, 7 nəfəri baş müəllimdir. Kadr məsələsinin həlli ilə yanaşı, fakültə qarşısında duran digər mühüm bir vəzifə - qısa müddətdə tədris prosesinin maddi bazasının yaradılması olmuşdur. Ana dilində dərsliklərin və dərs vəsaitlərinin tərtib edilməsi xüsusilə zəruri idi. Bütün dərsliklər Moskva alimləri tərəfindən yazılmışdı və yalnız həmin ədəbiyyatın tərcüməsinə icazə verilirdi. Tələbələr mürəkkəb tədris materialını müəllimlərin mühazirələri əsasında öyrənməli idi.

Ana dilində tədris materiallarının hazırlanması və nəşri əsasən Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra başlamışdı. Böyük qürur hissi ilə qeyd etməliyik ki, hazırda bakalavr təhsil pilləsində bütün fənlər üzrə dərsliklər, dərs vəsaitləri, tədris proqramları ana dilində nəşr etdirilmişdir.

Bu gün böyük bir elmi-pedaqoji kollektivə malik olan Bakı Dövlət Universitetinin hüquq fakültəsi ölkə üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının əsas özülünə çevrilmişdir. Fakültədə həm tədris, həm də elmi işlər respublika rəhbərliyinin dövlət-hüquq quruculuğu işlərinə yönəlmiş dövlət siyasətinin və onun bir hissəsi olan hüquq siyasətinin həyata keçirilməsi üzərində qurulur.

Gülheyran Rəhimova, xarici tələbələrlə iş üzrə dekan:

- Müstəqil Azərbaycan Respublikasında təhsil gündən-günə yüksələn xətt üzrə inkişaf edir. Bu inkişaf respublikamızın qabaqcıl universitetlərindən biri olan Bakı Dövlət Universitetində də özünü bariz şəkildə göstərir. Ali məktəb qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyərək dünya təhsil sisteminə inteqrasiya edir. Qabaqcıl tədris və təcrübə üsullarından lazımi şəkildə istifadə edərək kadr potensialını gücləndirir, təhsildə dövrün tələblərinə uyğun olaraq nəticə yönümlü islahatlar həyata keçirir.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini bir neçə mühüm istiqamətlər üzrə inkişaf etdirir: dünyanın ən qabaqcıl universitetləri ilə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq etmək; aparıcı dövlət, özəl və beynəlxalq qurumlarla əlaqələr qurmaq; Azərbaycan dili və ədəbiyyatını təbliğ etmək və yaymaq; təhsilin inkişafı üçün dünya standartlarına uyğun tədris və təcrübə metodlarının universitetdə tətbiqinə şərait yaratmaq; elmi-tədqiqat işlərinin keyfiyyətinin təkmilləşdirilməsi, habelə elmi potensialın artırılması məqsədilə gənc müəllim və kadrları dünyanın müxtəlif universitetlərinə ezam etmək; tələbələrin elmi və nəzəri təcrübə qazanması üçün digər universitetlərlə tələbə-təcrübə mübadiləsini həyata keçirmək; tələbələrin dünyagörüşlərini genişləndirmək, yeni təhsil sistemləri və şəraitləri ilə tanış etmək məqsədilə xarici ölkələrin tanınmış universitetlərində yay məktəblərində iştiraklarını təmin etmək; dünyanın aparıcı universitetlərinin professorlarının mühazirələrini fakültələrdə təşkil etmək və s. xüsusi qeyd olunmalıdır.

BDU tələbə-təcrübə mübadiləsini həyata keçirmək məqsədilə müəllim və tələbə heyətinin beynəlxalq elmi konfranslarda, seminarlarda iştirakını təşkil edir, yeni tədris və metodiki vəsaitlərlə təmin olunmasını həyata keçirir, eyni zamanda birgə beynəlxalq tədqiqat proqram və layihələrini gerçəkləşdirir. Məsələn, 1999-cu ildə BDU ilə İndiana Universiteti arasında əməkdaşlıq əlaqələri yaranmış, ABŞ Dövlət Departamentinin ayırdığı qrant hesabına 2000-ci ilin aprel ayında Bakı Dövlət Universitetində Amerikaşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.

Müasir qloballaşma dövründə hər bir ali təhsil müəssisəsinin gücü və qüdrəti onun beynəlxalq arenada mövcud nüfuzu və əlaqələri ilə ölçülür. Bu nöqteyi-nəzərdən BDU-nun hazırkı beynəlxalq əlaqələri onun nəinki MDB, bütövlükdə Avropa məkanında nüfuzlu ali təhsil ocağı kimi tanınmasını, məşhurlaşmasını, beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiyasını təmin etmişdir. Hazırda Bakı Dövlət Universiteti postsosialist məkanının 100-dən çox universitetini bir araya gətirən Avrasiya Universitetləri, Xəzəryanı Ölkə Universitetləri, Qara Dəniz Universitetləri (QDU) assosiasiyalarının üzvüdür. BDU eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ortadoğu Teknik Universiteti, Nitsa Sofiya - Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlıq edir.

2008-ci ilin aprel ayında Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO texnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadilələrinin təşkil olunması kimi məsələlər əksini tapmışdır. Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə BDU-da Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır. Bununla da xüsusən tətbiqi riyaziyyat və mexanika riyaziyyat fakültələrinin tələbələri üçün yeni texnologiyalardan geniş istifadə imkanları meydana çıxmışdır.

Universitet təkcə 2009-cu ildə Yaponiyanın, Türkiyənin, Misirin bir sıra universitetləri ilə əməkdaşlıq əlaqələri qurmuş, habelə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı, Akademik Təqaüdçülər Proqramı, Avropa Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu ilə, habelə Avropa İttifaqının Tempus proqramı çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə başlamışdır.

İsmayıl Əliyev, BDU-nun elmi işlər üzrə prorektoru, kimya elmləri doktoru, professor:

- Ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi bu sözlər hər bir vaxt üçün aktual səslənir: "Biz dünya elmində Şərqdə və Qərbdə əldə olunan bütün nailiyyətləri dərindən öyrənməli, dövlətimizin inkişafı üçün Azərbaycan elminə və təhsilinə tətbiq etməliyik". Bakı Dövlət Universitetinin professor-müəllim heyəti də daim ulu öndərin bu tövsiyəsindən bəhrələnmişdir.

Azərbaycanın inkişafının yeni mərhələsində elm xadimlərinin qarşısında bir sıra mühüm vəzifələr dayanır. İqtisadi inkişafın elmi sütunlar üzərində aparılması, ölkənin gələcək sosial-iqtisadi tərəqqisi ilə bağlı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi dünya elminə inteqrasiyanın təmin edilməsi baxımından son dərəcə vacibdir. Ölkədə reallaşdırılan fundamental islahatların elmi bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti innovasion yeniliklərin əsasına çevrilməlidir.

Dövlət qurumları, sənaye və kənd təsərrüfatı müəssisələri, özəl şirkətlərlə elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları, ekologiya və iqtisadi inkişaf sahələrində elmi potensiala geniş istinad olunması respublikanın ümumi inkişaf strategiyasının mahiyyətindən irəli gələn tələbdir.

Yeni dövrdə elmin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin ardıcıl və sistemli şəkildə aradan qaldırılması məqsədi daşıyan bir sıra əhəmiyyətli sərəncamların imzalanması da göstərir ki, dövlət başçısı İlham Əliyev elmi intibahı müstəqil Azərbaycanın davamlı və sabit inkişafının əsas meyarı, mühüm şərti hesab edir. Elmə dövlət qayğısının ildən-ilə artdığı hazırkı şəraitdə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdən biridir.

Bakı Dövlət Universiteti də fəaliyyətini Bolonya təhsil sisteminin tələblərinə uyğun quraraq elmi kadrların yetişdirilməsi prosesinə öz töhfəsini verir. Statistika üçün bildirək ki, 1998-2008-ci illərdə və 2009-cu ilin birinci yarımilində universitet əməkdaşları tərəfindən 585 monoqrafiya, 16649 məqalə hazırlanmış, onlardan bir hissəsi xaricdə çap edilmişdir.

Monoqrafiyalarla yanaşı, 879 dərslik və 703 dərs vəsaiti çapdan çıxmışdır. Xaricdə 54 monoqrafiya, dərslik və dərs vəsaiti çap olunmuşdur. Ötən illərdə universitetdə 300 elmi konfrans təşkil edilmişdir. Bunlardan 26-sı beynəlxalq, 49-u respublika, 70-i universitet, 155-i isə fakültə səviyyəli olmuşdur.

1998-2008-ci illərdə universitetdə yerinə yetirilmiş 188 elmi-tədqiqat işinin nəticələri mühüm elmi nəticələr kimi AMEA-nın illik hesabatına daxil edilmişdir. Bunlardan 88-i fizika-riyaziyyat bölməsinə, 26-sı kimya elmlərinə aiddir. Elmi nəticələrin praktik qiyməti onların əsasında 85 ixtiraya patentin alınması faktı ilə müəyyənləşir.

Universitetdə kadr hazırlığı aspirantura, dissertantura və doktorantura vasitəsilə aparılır. Hazırda təhsil ocağında 2 nəfər doktorant, 124 nəfər əyani, 73 nəfər qiyabi olmaqla 200 nəfərə yaxın aspirant təhsil alır. 400 nəfərdən artıq dissertant müxtəlif ixtisaslar üzrə elmi axtarışlarını davam etdirirlər. Universitetdə daim 4 doktorluq, 2 namizədlik və bir neçə birdəfəlik dissertasiya şuraları fəaliyyət göstərir. Son 10 ildə BDU-da fəaliyyət göstərən daimi Dissertasiya Şuralarında 110 nəfər doktorluq və 389 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

Bir sözlə, bu gün BDU Azərbaycan elminin hərtərəfli inkişafında mühüm rol oynayan, elmi tərəqqiyə böyük töhfələr verən, elmi məktəbi olan aparıcı ali təhsil müəssisəsidir. İnanırıq ki, ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə əldə etdiyimiz uğurları daha da genişləndirəcək, cəmiyyətdəki lider mövqeyimizi hər zaman qoruyub saxlayacağıq.

Abel Məhərrəmov:

- Bu gün BDU haqqında söylənilən bütün müsbət fikirlərə görə ümummilli lider Heydər Əliyevə və onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevə borcluyuq. Universitetdə son 10 ildə həyata keçirilmiş islahatlara ideya verən məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Biz çalışmalıyıq ki, ulu öndərin ideyalarının reallaşması naminə bundan sonra da əzmkarlıq göstərək. Dünya universitetləri sırasında ilk ali məktəbimizin adı birinci çəkilsin. Ölkədə aparılan islahatlar BDU-nun dünyanın 100 ən yaxşı universitetləri sırasına düşəcəyinə böyük əminlik yaradır. Biz universitetin 100 illik yubileyinə məhz bu yolla gedirik. 90 illik yubiley, əslində, 100 illiyə start verən yubileydir. Buna görə də biz bunu həm yubiley şənliyi kimi, həm də qarşıdan gələn inkişaf strategiyasına start verən yubiley hesab edirik. Məhz bu səbəbdən də bu mərasim böyük diqqət, təbliğat və təşviqat işi tələb edir. Universitetin yubileyinin təşkili hamının, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Əminəm ki, 90 illiyi layiqincə keçirəcəyik. Ölkənin ilk ali təhsil ocağının yubileyi də universitetlər yubileyi üçün bir nümunə olacaqdır.

 

 

Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 4, 5.