Azərbaycanın xarici işlər
naziri ABŞ-da bir sıra görüşlər
keçirmişdir
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, Nyu-Yorka səfəri çərçivəsində
sentyabrın 23-də nazir Elmar Məmmədyarov israilli həmkarı
Aviqdor Liberman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan
ilə İsrail arasında əlaqələrin hazırkı
vəziyyəti və inkişaf perspektivləri, regional məsələlər
müzakirə olunmuşdur.
Nazir E.Məmmədyarov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması prosesi və
münaqişənin həlli ilə bağlı ölkəmizin
mövqeyi barədə məlumat vermişdir.
Görüşdə, həmçinin,
ABŞ-dakı Azərbaycan və yəhudi icmaları
arasında əməkdaşlığın indiki vəziyyətinə
və inkişaf istiqamətlərinə dair fikir mübadiləsi
aparılmışdır.
Həmin gün nazir E.Məmmədyarov
Avropa İttifaqının xarici əlaqələr və Avropa
qonşuluq siyasəti üzrə komissarı xanım Benita
Ferrero-Valdner ilə görüşmüşdür.
Azərbaycan ilə
Avropa İttifaqı arasında əməkdaşlığın
hazırkı vəziyyəti və gələcək
inkişafı məsələlərinin müzakirə
olunduğu görüşdə B.Ferrero-Valdner Avropa
İttifaqının ölkəmizlə münasibətlərin
dərinləşməsinə böyük önəm
verdiyini vurğulamış, respublikamızla mövcud əməkdaşlıq
proqramlarının, xüsusilə də "Şərq tərəfdaşlığı"
təşəbbüsü çərçivəsində əlaqələrin
hər iki tərəfə böyük fayda gətirdiyini
bildirmişdir.
Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində vacib rol
oynadığını qeyd edən B.Ferrero-Valdner Aİ-Azərbaycan
əməkdaşlığında energetika sektorunun əhəmiyyətini
vurğulamışdır. Komissar bildirmişdir ki, Avropa
Komissiyası Azərbaycan ilə assosiativ müqaviləni
imzalamaq qərarını vermiş və bu yaxınlarda
müvafiq mandat hazır olacaqdır.
Nazir E.Məmmədyarov
ölkəmizin Aİ ilə əməkdaşlığının
gündən-günə daha da səmərəli xarakter
aldığından məmnunluğunu bildirmiş, mövcud və
nəzərdə tutulan təşəbbüslərin əlaqələrin
genişləndirilməsinə töhfə verəcəyini
vurğulamışdır. Regional təhlükəsizlik məsələlərinə
toxunan nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllinin
vacibliyini bildirmiş, nizamlama prosesinin hazırkı vəziyyəti
və Azərbaycanın mövqeyi barədə məlumat
vermişdir.
Dağlıq Qarabağ
münaqişəsinin tezliklə nizamlanmasının
vacibliyini bildirən B.Ferrero-Valdner Avropa Komissiyasının bu
istiqamətdə töhfə verməyə hazır
olduğunu vurğulamışdır.
Bundan əlavə, sentyabrın 23-də E.Məmmədyarov
Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger ilə
görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında əməkdaşlığın
hazırkı vəziyyəti müzakirə olunmuş, habelə
siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin
daha da genişləndirilməsinə dair fikir mübadiləsi
aparılmışdır.
Avstriyalı nazir ölkəsinin
Azərbaycan ilə əməkdaşlığa böyük
önəm verdiyini və Avstriya hökumətinin Azərbaycanda
səfirlik açmaq qərarının bunun göstəricisi
olduğunu demişdir.
Əməkdaşlıqda
energetika sektorunun vacibliyini vurğulayan M.Şpindelegger
Avstriyanın ölkəmizlə mütəmadi siyasi dialoqun
aparılmasında, Cənubi Qafqazda gedən proseslərlə
daha yaxından tanış olmaqda, əlaqələrin
qeyri-enerji sektorunda da inkişaf etdirilməsində maraqlı
olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyətini
vurğulayaraq bildirmişdir ki, Azərbaycanda Avstriyanın
diplomatik nümayəndəliyinin, habelə bu ölkənin nüfuzlu
AMV şirkətinin təmsilçiliyinin açılması
onu göstərir ki, Avstriya əlaqələrin
inkişafında maraqlıdır.
E.Məmmədyarov
ölkələrimizin xarici işlər nazirlikləri
arasında mütəmadi siyasi məsləhətləşmələrin
aparılmasının vacibliyini vurğulamışdır.
Görüşdə Azərbaycan
ilə Avstriya arasında beynəlxalq təşkilatlar, o
cümlədən BMT çərçivəsində əməkdaşlıq
və maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
Müxtəlif beynəlxalq
tədbirlərdə olduğu kimi, BMT Baş Məclisinin
sessiyası çərçivəsində də Azərbaycanın
xarici işlər naziri E.Məmmədyarov türkiyəli həmkarı
Əhməd Davutoğlu ilə də
görüşmüşdür.
Ölkələrimiz
arasında əməkdaşlığın bütün
istiqamətlərinin müzakirə olunduğu
görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasının
hazırkı vəziyyəti barədə fikir mübadiləsi
aparılmışdır.
Həmin gün E.Məmmədyarovun
Portuqaliyanın Xarici İşlər Nazirliyinin dövlət
katibi Joao Qomes Kravinyo ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan
ilə Portuqaliya arasında əlaqələrin inkişaf
etdirilməsi üçün xarici işlər nazirlikləri
arasında təmasların daha da intensivləşdirilməsi,
o cümlədən mütəmadi siyasi məsləhətləşmələrin
aparılması, iki ölkə arasında müqavilə-hüquq
bazasının gücləndirilməsi, Azərbaycanla Aİ
arasında əlaqələrin genişləndirilməsinə
Portuqaliyanın verə biləcəyi töhfə, "Şərq
tərəfdaşlığı" proqramı çərçivəsində
əməkdaşlıq imkanları müzakirə
olunmuşdur.
Səfər çərçivəsində
nazir E.Məmmədyarov Estoniyanın xarici işlər naziri
Urmas Paetlə də görüşmüş, ölkələrimiz
arasında əməkdaşlığın cari vəziyyətini
və inkişaf perspektivlərini müzakirə etmişdir. Tərəflər
siyasi əlaqələrin yüksək səviyyədə
olduğunu bildirərək, yüksək səviyyəli
qarşılıqlı səfərlərin davam etdirilməsinin
əhəmiyyətini vurğulamışlar. Görüşdə
"Azərbaycan Respublikası Hökuməti ilə Estoniya
Respublikası Hökuməti arasında informasiya və
kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş" də imzalanmışdır. Bu sənədin
ölkələrimiz arasında İKT sektorunda əməkdaşlığın
genişləndirilməsi üçün yeni imkanlar
açdığını bildirən tərəflər bu
istiqamətdə konkret layihələrin müzakirəsi,
ümumilikdə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq
imkanlarının araşdırılması üçün
qarşılıqlı biznes missiyalarının əhəmiyyətini
qeyd etmişlər. Nazirlər iki ölkə arasında
müxtəlif sahələr üzrə hüquq-müqavilə
bazasının gücləndirilməsi üçün sənəd
layihələrinin mübadiləsi üzrə də
razılığa gəlmişlər.
Nyu-Yorka səfəri
çərçivəsində nazir E.Məmmədyarov
ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə
xüsusi nümayəndəsi səfir Riçard Morninqstarla
da görüşmüşdür. Görüşdə Azərbaycan
ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq
məsələləri, habelə regional enerji layihələri
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Həmin gün E.Məmmədyarovun
son görüşü Kubanın xarici işlər naziri Bruno
Eduardo Rodriges Parrilya ilə olmuşdur. Tərəflər
ölkələrimiz arasında əməkdaşlığın
hazırkı vəziyyətindən məmnunluqlarını
bildirmiş, əlaqələrin daha da möhkəmləndirilməsi
üçün siyasi məsləhətləşmələrin
davam etdirilməsi, iqtisadi əməkdaşlıq
imkanlarının müzakirəsi, mədəni tədbirlərin
həyata keçirilməsi, humanitar təhsil sahəsində,
iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlığın
həyata keçirilməsi ətrafında fikir mübadiləsi
aparmışlar. Nazirlər ölkələrin beynəlxalq təşkilatlar,
xüsusilə də BMT çərçivəsində əməkdaşlığının
davam etdirilməsinin vacibliyini bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 25 sentyabr.- S. 6.