Sentyabrın 25-də Azərbaycan
Prezidenti İlham Əliyev yenidənqurma işlərindən
sonra istifadəyə verilən Rüstəm Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə
tanış olmuşdur.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət
İncəsənət Muzeyinə gəldilər.
Məlumat verildi ki, XIX əsrin
sonlarında tikilmiş binada ayrı-ayrı dövrlərdə
müxtəlif idarə və təşkilatlar yerləşmişdir.
İncəsənət
muzeyi kimi fəaliyyətə başladıqdan sonra çox
sayda qiymətli sənət əsərlərinin yerləşdirilməsi
və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi
bu sənət məbədinə marağı xeyli
artırmışdır. Zaman keçdikcə nadir sənət
nümunələrinin toplandığı bu binanın təmiri
zərurəti yaranmışdı.
2006-cı ilin iyulunda
Prezident İlham Əliyev muzey binasının vəziyyəti
ilə tanış olandan sonra dövlətimizin
başçısının göstərişi ilə burada
yenidənqurma və təmir işlərinə
başlanmışdır. Əvvəllər binada belə genişmiqyaslı təmir
işləri aparılmamışdı.
Hazırlanan layihəyə
əsasən, üçmərtəbəli binanın
bütün mühəndis-texniki qurğuları əsaslı
şəkildə yenidən qurulmuşdur.
Dövlətimizin
başçısına məlumat verildi ki, bu qədim
binanın fasadı əvvəlki memarlıq üslubunu
saxlamaqla yenilənmiş, cilalanmış gülbax daşlarla
Bakının tikinti arxitekturasına uyğun üzlənmişdir.
On yeddi mindən
çox eksponatın saxlandığı muzeydə
boyakarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi
sənət nümunələri vardır.
Prezident İlham Əliyev
və xanımı binanın əvvəlki və
hazırkı vəziyyətini əks etdirən fotostendə
baxdılar.
Dövlətimizin
başçısı yenidən qurulması nəzərdə
tutulan muzey kompleksinin layihəsi ilə də tanış oldu.
Qeyd edildi ki, muzeyin bir
binasını digəri ilə birləşdirən
şüşə konstruksiyalı keçid inşa ediləcəkdir.
Təmir ediləcək digər bina üç yerüstü
və iki yeraltı mərtəbədən ibarət
olacaqdır.
Yeraltı mərtəbələrdə
bərpa emalatxanaları və əsərlərin
saxlanılması üçün xüsusi bölmələr
yerləşəcəkdir. Birinci mərtəbədə texniki otaqlarla yanaşı,
90 yerlik kafe də fəaliyyət göstərəcəkdir.
Min kvadratmetr ərazini əhatə edəcək ikinci mərtəbədə
sərgi zalları yaradılacaqdır. Üçüncü
mərtəbədə isə sərgi zalları ilə
yanaşı, 100 yerlik kino zalı fəaliyyət göstərəcəkdir.
Layihəyə əsasən, muzey kompleksinə yenidən
qurulan bina, keçid, həmçinin təmiri nəzərdə
tutulan əsas bina daxil olacaqdır.
Yenidənqurma işləri
başa çatmış binanın zirzəmi qatı fondlar
üçün nəzərdə tutulmuşdur.
Burada kiçik heykəllər,
müxtəlif metal əşyalar, arxeoloji qazıntılar
zamanı tapılan eksponatlar saxlanılacaqdır. Muzeyin fondu isə ikinci korpusda
yerləşəcəkdir.
Birinci mərtəbə
sağ və sol qanadlardan ibarətdir. Sağ qanadda XVIII əsrin sonları -
XX əsrin əvvəllərini əhatə edən rus rəssamlıq
məktəbi nümayəndələrinin əsərləri
nümayiş olunur.
Zalda tanınmış
fırça ustası V.Vereşşaginin 1872-ci ildə
çəkdiyi "Bakının dənizdən
görünüşü" əsəri diqqəti
xüsusi cəlb edir.
Sol qanadda isə Avropa
incəsənətinin nümunələri sərgilənmişdir.
Burada XVIII-XIX əsrlərə
aid keramika nümunələri ilk dəfədir ki,
nümayiş olunur. Muzeydəki dəyərli əsərlərdən
biri sonuncu rus imperatriçası Aleksandra Fyodorovnanın
Qarabağ xalçası üzərində təsviri olan əsərdir.
Orta əsrlərə aid heykəltəraşlıq nümunələri,
habelə intibah dövrü müəlliflərinin əsərlərinin
məharətlə işlənilən surətləri də
bu ekspozisiyanı zənginləşdirir.
İkinci mərtəbə
Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir.
Ekspozisiyada Mirqədim
İrəvani, Əlibəy Hüseynzadə kimi müxtəlif
üslublu sənətkarların əsərləri vardır.
Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli,
Əzim Əzimzadə, Səttar Bəhlulzadə və
Mikayıl Abdullayevin yaradıcılığını əhatə
edən ayrıca zallar fəaliyyət göstərir.
Burada heykəllər
qalereyası da yaradılmışdır. Qalereyada 20-dən
çox əsər təqdim olunur.
İkinci mərtəbədə
100 nəfərlik konfrans salonu və xalçaların
nümayiş olunduğu zal da fəaliyyət göstərir. Muzeydə
xalqımızın milli geyimləri, Qurani-Kərimin qədim
nəşrləri, orijinal mis qablar da nümayiş olunur.
Əzim Əzimzadənin,
Bəhruz Kəngərlinin əsərlərinin nümayiş
edildiyi zallar ilə tanış olan dövlətimizin
başçısına audiogid göstərildi. Bu aparatda məlumatlar rəqəmli
formatda saxlanılır.
Muzeyin qonaqları
audiogid vasitəsilə burada nümayiş olunan əsərlər
barədə 25 dildə geniş məlumat əldə edə
bilərlər.
Digər zallarda
müasir Azərbaycan incəsənətinin görkəmli
nümayəndələri olan Baba Əliyev, Ələkbər
Rzaquliyev, Böyükağa Mirzəzadə, Əyyub Məmmədov,
Nadir Qasımov, Oqtay Sadıxzadənin əsərləri
nümayiş olunur. Burada
Zərifə xanım Əliyeva, Niyazi, Şəmsi Bədəlbəyli,
Natəvan və Azərbaycanın digər görkəmli
nümayəndələrinin portretləri sərgilənir.
Muzeydə dünya şöhrətli rəssamımız Tahir
Salahovun əsərlərindən ibarət zal da vardır.
Üçüncü mərtəbədəki
ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş
etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin
tanınmış nümayəndələri - Cavad Mircavadov,
Rasim Babayev, Altay Sadıxzadənin əsərlərindən
ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə
seçilir.
Ekspozisiyanın iki
zalında isə rus avanqard cərəyanının nümayəndələrinin
əsərləri toplanmışdır. Bu əsərlər ilk dəfədir
ki, muzeydə sərgilənir.
Məlumat verildi ki,
binanın damında müasir mühəndis-texniki qurğular
yerləşdirilmiş, mərkəzi havalandırma,
videomüşahidə, yanğın əleyhinə, həmçinin
təhlükəsizlik sistemləri
quraşdırılmışdır. Muzeydə müasir standartlar səviyyəsində
qurulan mərkəzləşdirilmiş tozsorma və
işıqlandırma şəbəkəsi də
yaradılmışdır. Binada inzibati otaqlarla yanaşı,
internet zalı və zəngin kitabxana da fəaliyyət
göstərir.
Dövlətimizin
başçısı və xanımı kompüter
otağına baxdılar, zəngin kitabxana ilə tanış
oldular.
Prezident İlham ƏLİYEV
binada aparılan yenidənqurma və tərtibat işlərini
yüksək qiymətləndirərək dedi:
- Çox gözəl
iş görmüsünüz və incəsənət muzeyi
yüksək səviyyədə təmir olunub. İndi muzeyin yeni həyatı
başlayır. Bu tarixi binada çox gözəl əsərlər
nümayiş etdirilir. Çox şadam ki, muzeyin əsaslı
təmiri yüksək keyfiyyətlə aparılıbdır.
Hər halda, bizim muzeyimiz dünyanın aparıcı muzeylərindən
geri qalmır. Ona görə də mən
inşaatçıların işini çox yüksək qiymətləndirirəm.
Muzeyin təmirində və kolleksiyanın
hazırlanmasında iştirak etmiş bütün
insanları salamlayıram və öz minnətdarlığımı
bildirmək istəyirəm.
Muzeyin yenidən
açılması bir də onu göstərir ki, Azərbaycan
dövləti öz incəsənətinə çox
böyük qiymət verir. Burada nümayiş etdirilən əsərlərin bir hissəsi
anbarlarda saxlanılırdı. Gözəl sənətkarlarımızın
əsərləri, demək olar ki, nümayiş etdirilmirdi.
Şərait yox idi. Ancaq belə gözəl şərait,
şəhərin mərkəzində, tarixi binada Azərbaycan
sənətkarlarının əsərlərinin
nümayişi Azərbaycanın potensialını göstərir,
Azərbaycan xalqının nə qədər böyük
istedada malik olduğunu göstərir.
Bununla bərabər,
tanınmış rəssamların dünya miqyasında
böyük əhəmiyyətə malik olan əsərləri
də burada nümayiş etdirilir. Bu muzey bizim böyük dəyərimizdir.
Muzeyin demək olar ki, təmirinin birinci hissəsi başa çatmışdır.
Növbəti mərhələdə başqa binanın təmiri
nəzərdə tutulur. Çox gözəl, müasir
giriş hissəsi tikiləcəkdir. Burada həm Azərbaycanın,
Bakının memarlıq üslubundan istifadə olunub və
bütün bu memarlıq elementləri saxlanılır, eyni
zamanda, iki gözəl binanın ortasında gözəl
müasir şüşəli giriş hissəsi tikiləcəkdir.
Bu da bugünkü Azərbaycanın rəmzidir, müasirlik,
yenilik və tarixi keçmişimizə olan münasibətdir.
Bu ərazidə belə gözəl elementlərin
mövcudluğu bir də onu göstərir ki, biz bu yolu getməliyik.
Metronun İstiqlaliyyət küçəsində yerləşən
"İçərişəhər" stansiyasının
yeni görkəmi də bunun təzahürüdür.
Müasirlik, gözəllik qədim Qala divarının
fonundadır. Əslində, bu anlayış bugünkü Azərbaycanın
inkişafını təcəssüm etdirir. Yenilik,
müasirlik güclü ənənəvi dəyərlər əsasında
irəliyə atılan addımlardır.
Bir daha sizi muzeyin yenidən
açılışı münasibətilə təbrik edirəm
və gələcək işlərinizdə uğurlar
arzulayıram. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 1.