Layihə Avropa
İttifaqı ilə Azərbaycan arasında "Avropa
qonşuluq siyasəti" planı çərçivəsində
həyata keçirilir. Layihənin reallaşdırılmasında Azərbaycana
Avropa İttifaqı tərəfindən tərəfdaş
ölkə kimi seçilmiş Litva kömək edir. Bununla əlaqədar
Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçus
Bakıda səfərdədir. O, Milli Məclisdə
keçirilən təqdimat mərasimində iştirak
etmişdir.
Milli Məclis Sədrinin
müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərov demişdir ki, Azərbaycan-Litva
əlaqələrinin zəngin tarixi vardır. Yarım əsr ərzində
xalqlarımız bir dövlətin və vahid siyasi sistemin tərkibində
yaşamışlar. Bu illər ərzində elm, təhsil, mədəni
sahələrdə sıx əməkdaşlıq
yaranmışdır. Ölkələrimiz müstəqilliyini
bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə
yeni məna kəsb etmişdir. Bu gün münasibətlərimizin
daha da möhkəmlənməsində hər iki ölkə
başçısının qarşılıqlı səfərləri
və görüşləri mühüm rol oynayır. Həmin
görüşlər zamanı aparılmış
danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın
daha da genişlənməsi üçün yaxşı zəmin
yaratmışdır. Bu günədək Azərbaycanla Litva
arasında 27 sənəd imzalanmışdır. Gələcəkdə
əlaqələrimizin hüquqi bazasını təşkil
edən bu sənədlərin sayının artacağı
heç kimdə şübhə doğurmur. Azərbaycanla
Litva arasında enerji, kənd təsərrüfatı, turizm,
nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq
üçün geniş imkanlar mövcuddur. Münasibətlərimizin
dərinləşməsində parlamentlərimiz mühüm
rol oynayır. Parlament nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri təcrübə
və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Hər iki ölkənin qanunvericilik orqanında parlamentlərarası
əlaqələr üzrə işçi qrupu fəaliyyət
göstərir. Biz hesab edirik ki, bu qrupların fəaliyyətinin
gücləndirilməsi ümumi işin xeyrinə olardı.
V.Ələsgərov
vurğulamışdır ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın
strateji seçimidir. Bu baxımdan Avropa İttifaqının
Tvininq layihəsi çərçivəsində əməkdaşlığımızı
yüksək dəyərləndiririk. Layihədə ölkə
qanunvericiliyinin, normativ hüquqi aktların Avropa
İttifaqı standartlarına
uyğunlaşdırılması istiqamətində Milli Məclisə
dəstək göstərilməsini mühüm istiqamətlərdən
hesab edirik. İnanırıq ki, Tvininq layihəsi çərçivəsində
əməkdaşlıq Avropa strukturlarına inteqrasiya istiqamətində
mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli
rol oynayacaqdır. Azərbaycan tərəfindən layihə
çərçivəsində faydalı əməkdaşlıq
məqsədi ilə 4 istiqamət müəyyənləşdirilmiş
və sizin ekspertlərin tövsiyəsinə uyğun olaraq bu
istiqamətlərə rəhbərlər seçilmişdir.
Hər istiqamət
üzrə yüksək səviyyəli hüquqşünas
ekspertlərdən, Milli Məclisin əməkdaşlarından
və müvafiq qurumların nümayəndələrindən
ibarət işçi qrupları yaradılmışdır. Bu
istiqamətlərin müəyyənləşdirilməsinin əsas
məqsədi Azərbaycan qanunlarının Avropa
İttifaqı qanunvericiliyinə
yaxınlaşdırılması üçün Milli Məclisdə,
parlamentlə icra hakimiyyəti orqanları arasında qanun layihələrinin
hazırlanması prosedurlarında iş metodlarını təkmilləşdirməkdir.
Bu tədbiri məhsuldar
birgə fəaliyyətin başlanğıcı kimi qiymətləndirən
V.Ələsgərov Tvininq layihəsi çərçivəsində
həyata keçirilən tədbirlərin dövlətlər
və parlamentlərarası münasibətlərin
inkişafına layiqli töhfə verəcəyinə, əməkdaşlığımızın
beynəlxalq hüquqi müstəvidə keyfiyyətcə yeni
səviyyəyə qalxmasına müsbət təsir göstərəcəyinə
inamını ifadə etmişdir.
Litva Seymi sədrinin
müavini Çeslovas Stankəviçus demişdir ki, Litva ilə
Azərbaycan arasında münasibətlər yeni müstəvidə
inkişaf etməyə başlamışdır. Bizim ölkələrimizin
tarixində oxşar məqamlar çoxdur. Bu layihənin həyata
keçirilməsi bizi daha da yaxınlaşdıracaq,
münasibətlərimiz daha da dərinləşəcəkdir.
Ç.Stankəviçus
onu da qeyd etmişdir ki, Avropa İttifaqı öz
qonşuları ilə əlaqələr kontekstində yeni,
siyasət çərçivəsi, yəni, Avropa Qonşuluq
Siyasətini qəbul etmişdir. Avropa Qonşuluq Siyasəti
hazırda qüvvədə olan Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişlərinin
hüdudlarını aşaraq, qonşu ölkələrə
Avropa İttifaqı ilə getdikcə daha yaxın əlaqələr
qurmaq imkanını təklif edir. Siyasətin ümumi qayəsi
siyasi və iqtisadi islahatlar prosesini dəstəkləməkdən,
daha yaxın iqtisadi inteqrasiyanı, habelə hüquqi və
texniki sahələrdə yaxınlaşmanı və
dayanıqlı inkişafı təşviq etməkdən ibarətdir.
Avropa Qonşuluq Siyasətinin
əsas elementi ikitərəfli Fəaliyyət Planıdır.
Fəaliyyət Planında siyasətin hədəfləri və
qonşu ölkənin bir neçə il ərzində
inkişafını qiymətləndirməyə imkan verəcəkdir.
Avropa İttifaqı-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət
Planında göstərilir ki, Tvininq və TAIEX kimi yeni əməkdaşlıq
alətləri Fəaliyyət Planında nəzərdə
tutulan prioritetlərə nail olunması baxımından
çox əhəmiyyətlidir. Bu layihə Azərbaycanın
Avropaya inteqrasiyasını sürətləndirir və
asanlaşdırır.
Qonaq
vurğulamışdır ki, Litva artıq öz
qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıraraq
Avropa İttifaqına qəbul olunmuşdur. Biz Azərbaycan qanunvericiliyinin də
Avropa qanunvericiliyinə uyğunlaşdırılması
üçün əlimizdən gələni edəcəyik.
Avropa Komissiyası
Bakı ofisi rəhbərinin səlahiyyətlərini icra edən
Jan Lui Lavrov layihənin həyata keçirilməsini yüksək
qiymətləndirmişdir. O demişdir ki, Azərbaycan bu layihə
çərçivəsində qabaqcıl ölkələrin
təcrübəsini öyrənəcək, öz
qanunlarını Avropa standartlarına
uyğunlaşdırmaqla demokratiyanın və vətəndaş
cəmiyyətinin inkişafında yeni nailiyyətlər
qazanacaqdır.
Bu layihənin ümumi hədəfləri
Azərbaycanda demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə
töhfə vermək, xüsusilə də, qanunvericiliyin
Avropa İttifaqı qanunvericiliyinə
yaxınlaşdırılmasına yardım etməkdir.
Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev isə
bildirmişdir ki, Azərbaycan parlamenti BMT, ABŞ və digər
ölkələrin müvafiq təşkilatları ilə
müxtəlif layihələr həyata keçirmiş və
müəyyən təcrübə qazanmışdır. Bu isə Azərbaycan Prezidentinin
və Milli Məclis Sədrinin ölkəmizdə
parlamentarizmin, parlament demokratiyasının inkişafına,
qanunların təkmilləşdirilməsinə göstərdikləri
diqqət və qayğının bariz nümunəsidir.
S.Mirzəyev də
xatırlatmışdır ki, layihənin məqsədi Azərbaycan
qanunlarının Avropa İttifaqı qanunvericiliyinə
yaxınlaşdırılması prosesini dərinləşdirmək
və sürətləndirmək üçün Milli Məclisdə
və Milli Məclislə icra hakimiyyəti orqanları
arasında qanun layihələrinin hazırlanması
prosedurlarında istifadə olunan iş metodlarını və
alətlərini təkmilləşdirməkdir.
Tvininq layihəsi 4 əsas
istiqamət - Aİ qanunvericiliyinə yaxınlaşma prosesinin
dəstəklənməsi, icra hakimiyyəti orqanları ilə
daha səmərəli əməkdaşlıq əlaqələrinin
qurulması, qanunvericiliyin təsirlərinin qiymətləndirilməsi
üsullarının işlənib hazırlanması və
Avropa İttifaqı qanunvericiliyi barədə biliklərin
artırılması istiqamətləri üzrə həyata
keçiriləcəkdir. Bu istiqamətlər üzrə komponent rəhbərlər
təyin olunmuşlar.
Litva Seymi baş katibinin
vəzifəsini icra edən Qedeminas Aleksonis ölkəsinin bu
layihədə iştirakından məmnun
qaldığını bildirmişdir. O demişdir ki, layihənin həyata
keçirilməsində Polşa Respublikasının ekspertləri
də yaxından iştirak edəcəklər.
Təqdimat başa
çatdıqdan sonra KİV nümayəndələri
üçün mətbuat konfransı keçirilmişdir.
Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev demişdir
ki, yaxın günlərdə layihənin icrasına
başlanacaqdır. Oktyabr
ayında Litvanın və Polşanın nümayəndə
heyətləri Avropa İttifaqının ekspertləri qismində
Azərbaycana gələcəklər. Səfər çərçivəsində
onlar Milli Məclisin fəaliyyəti, qanun
yaradıcılığı prosesi, qanunların qəbulu
mexanizmi və digər məsələlərlə maraqlanacaq,
bu sahədə öz tövsiyələrini verəcəklər.
Tvininq layihəsinin həyata keçirilməsi çərçivəsində
"Normativ hüquqi aktlar haqqında" yeni qanun layihəsi
hazırlanacaq və burada Avropa ölkələrinin müsbət
təcrübəsi əksini tapacaqdır.
O, həmçinin
bildirmişdir ki, hazırda Milli Məclisdə Avrointeqrasiya
bölməsi yaradılmışdır və gələcəkdə
onun genişləndirilərək şöbəyə
çevrilməsi nəzərdə tutulmuşdur. Bu şöbə yerli
qanunvericiliyin Avropa qanunlarına
uyğunlaşdırılması ilə məşğul
olacaqdır.
Litva Seymi sədrinin
müavini Çeslovas Stankəviçus jurnalistlərin
suallarına cavab verərkən ölkəsinin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı mövqeyini
açıqlamışdır. O demişdir ki, Litva bu münaqişənin dövlətlərin
ərazi bütövlüyü çərçivəsində,
sülh yolu ilə həllinə tərəfdardır. Sonra
brifinq iştirakçıları jurnalistləri
maraqlandıran digər sualları da
cavablandırmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 2.