Azərbaycanın xarici işlər
naziri Nyu-Yorka səfəri çərçivəsində
bir sıra görüşlər keçirmişdir
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, nazir Elmar Məmmədyarov Nyu-Yorka səfəri
çərçivəsində sentyabrın 24-də
ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri
ilə görüşmüşdür.
Azərbaycanda yüksək
tolerantlıq şəraitindən məmnunluğunu bildirən
yəhudi təşkilatlarının nümayəndələri
İsrail Prezidenti Şimon Peresin ölkəmizə uğurlu səfərini,
eləcə də Prezident İlham Əliyevin yəhudi
xalqının milli yeni il bayramı - Roş-Ha-Şana
münasibətilə yəhudi icmasına
ünvanladığı təbriki yüksək qiymətləndirmişlər.
Nazir E.Məmmədyarov
bildirmişdir ki, dinindən və etnik mənsubiyyətindən
asılı olmayaraq insanlar arasında ənənəvi dostluq
və qardaşlıq münasibətlərinin, nümunəvi
tolerantlıq mühitinin hökm sürdüyü müasir Azərbaycan
cəmiyyətində etnik-mədəni müxtəliflik milli
dövlətçiliyimizin əsas sərvətlərindən
biridir.
Vətənimizdə
tarixən yəhudilərin sülh içində
yaşadığını vurğulayan nazir, hazırda Azərbaycan
ilə İsrail arasında səmərəli münasibətlərin
inkişaf etdiyini və İsrail Prezidenti Şimon Peresin
ölkəmizə səfərinin əməkdaşlığın
inkişafına təkan verdiyini qeyd etmişdir.
Görüşdə
regional məsələlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması,
Azərbaycanın regional və qlobal proseslərə
münasibəti ətrafında fikir mübadiləsi
aparılmışdır.
Həmin gün nazir E.Məmmədyarov
İsveçrə Konfederasiyasının Federal Xarici
İşlər Departamentinin rəisi xanım Mişlin
Kalmi-Rey ilə görüşmüşdür.
Ölkələrimiz
arasında münasibətlərin hazırkı vəziyyətinin
və inkişaf perspektivlərinin, regional enerji layihələri
və təhlükəsizlik məsələlərinin
müzakirə olunduğu görüşdə əməkdaşlığın
genişləndirilməsi üçün mövcud imkanlardan
daha səmərəli şəkildə faydalanmağın əhəmiyyəti
vurğulanmışdır.
M.Kalmi-Rey Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində vacib rol
oynadığını demişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən
regionda sülhün və təhlükəsizliyin təmin
edilməsinin mümkünsüz olduğunu bildirmiş,
problemin həlli ilə bağlı Azərbaycanın
mövqeyi barədə ətraflı məlumat vermişdir.
Sentyabrın 24-də E.Məmmədyarovun
növbəti görüşü İslam Konfransı Təşkilatının
Baş katibi Ekmələddin İhsanoğlu ilə
olmuşdur.
Görüşdə Azərbaycan-İKT
əlaqələri yüksək qiymətləndirilmiş və
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov islam
dünyası ilə əməkdaşlığın Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən olduğunu
vurğulamış və bu istiqamətdə İKT-nin rolunun
vacibliyini qeyd etmişdir.
Ölkəmizin İKT
ilə əməkdaşlığından məmnunluğunu
bildirən E.İhsanoğlu, xüsusilə də Azərbaycanın
sivilizasiyalararası dialoqun təşviq edilməsindəki
rolunu və bu istiqamətdə həyata keçirdiyi tədbirləri
təqdirəlayiq hesab etmişdir.
Görüşdə həmçinin
regional təhlükəsizlik məsələləri
müzakirə olunmuşdur. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı çərçivəsində həllini
dəstəkləyən İKT qətnamələrini və
BMT çərçivəsində bu məsələyə
islam ölkələri tərəfindən verilən dəstəyi
yüksək qiymətləndirmişdir.
Nazir E.Məmmədyarovun
livanlı həmkarı Fauzi Sallux ilə
görüşündə ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi, Yaxın Şərq
və Cənubi Qafqazdakı vəziyyət və birgə maraq
doğuran digər məsələlər müzakirə
olunmuşdur.
Nazir E.Məmmədyarov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı
ölkəmizin mövqeyi barədə məlumat vermiş və
bu problem həll olunmadan regionda sülhün və təhlükəsizliyin
təmin edilməsinin mümkünsüzlüyünü
bildirmişdir.
Həmin gün nazir E.Məmmədyarovun
son görüşü Qazaxıstanın dövlət katibi -
xarici işlər naziri Kanat Saudabayev ilə olmuşdur. Nazirlər
Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın
hazırkı vəziyyəti və inkişaf perspektivlərini,
nəzərdə tutulan yüksək səviyyəli səfərlər,
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq, regional təhlükəsizlik məsələlərini
müzakirə etmişlər.
Nazir E.Məmmədyarov
K.Saudabayevə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
danışıqlar prosesi və nizamlanmaya dair ölkəmizin
mövqeyi barədə məlumat vermişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 26 sentyabr.- S.3.