Sazlı, sözlü bölgə

 

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsi yaradıldı. Bölmənin ilk sədri tanınmış yazıçı, tərcüməçi Saday Budaqlı olub. 1993-cü ildən bölməyə şair-publisist Barat Vüsal rəhbərlik edir. Beş şeir kitabının müəllifi olan Barat Vüsal bir sıra mükafatlar laureatı və Prezident təqaüdçüsüdür (2009-cu il üzrə). Əsərləri dövri mətbuatda, radio və televiziyada müntəzəm olaraq oxuculara çatdırılır. Haqqında onlarla ədəbi-tənqidi məqalələr yazılıb. Ötən il onun barəsində S.Əhmədlinin "Ömrünü Qazaxda yaşayan şair" adlı kitabı da işıq üzü görüb.

Barat Vüsalın rəhbərlik etdiyi bölmə Qazax, Ağstafa, Tovuz, Gədəbəydə yaşayan ədəbi qüvvələri birləşdirir. Bölmə ətrafında fəaliyyət göstərən bu qüvvələrin sayı 110 nəfərdən çoxdur. Onların əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Söhbət zamanı bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verən Barat Vüsal bu bölgənin ədəbi tarixinə də toxundu. Həqiqətən Azərbaycanın bu sazlı-sözlü guşəsi ilə öyünməyə dəyər. Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biri Abdulla bəy Divanbəyoğlu, dastançı şair Dəmirçi Hüseyn, el şairlərindən Şeyda Əziz, Mirzə Səməd, Çoban Əfqan, İsmayıl Katib, yazıçılardan Hacı Kərim Sanılı, Fərman Eyvazlı, Yusif və Vaqif Səmədoğlular, Qara Qafqazlı, Vidadi Babanlı, Həmid Abbas, Aslan Kəmərli (məhrum qələm sahibi vaxtilə "Azərbaycan" qəzetinin bölgə müxbiri olub), Alı Mustafayev, Əli Sübhi, Tələt Əyyubov, Davud Nəsib, Müzəffər Şükür və başqalarının adları bu bölgədə həmişə iftixar hissi ilə çəkilir. Çünki onlar böyük ədəbiyyata məhz Qazaxdan gəliblər. Hazırda Bakıda yaşayıb yaradan Məmməd İlqar, Avdı Qoşqar, Rəfail İncəyurd, Fəridə Ləman, Vaqif Nəsib, Saday Budaqlı, Mahmud Vəli, bir zamanlar Kür suyu içmiş yazarlardır.

Həqiqətən də Qazaxda bədii sözün tarixi çox möhtəşəmdir. Bu bölgədə şair təxəllüsü ilə yazıb yaratmış Əbdürrəhman ağa Dilbazoğlu, çar hökumətinin vaxtilə sürgünə göndərdiyi vətənpərvər ruhlu mayor Mustafa ağa Arif, qardaşı Kazım ağa Saliq dövrünün çox görkəmli, eləcə də vaqifanə şeirlər yazan şəxslərindən biri olmuşdur. Mustafa ağa Arif qürbətdə ölüm ayağında yazdığı bir şeirində Qazaxı "Haqq məkanı" adlandırıb. Ə.Dilbazoğlu isə belə deyib:

 

Mən qəribəm vətənimdə, qazilər,

İtirmişəm ağır ellər, ağlaram.

 

O, həm də Cavad xanın ölümü ilə bağlı Gəncə faciəsinə 39 bəndlik şeir həsr edən bir ruh şairi idi. Dövrünün sufi-övlüya xislətli şairi Seyid Nigari Qazaxda yaşayıb yaradan, sayılıb-seçilən şairlər - müridlər yetişdirib (Hacı Rəhim ağa Vəhidi, Şahnigar xanım Rəncur, Hacı Mahmud Əfəndi, Hüseyn Yasər Xilusi).

Bütün Qafqazın müftüşü Hüseyn Əfəndi Qayıbov Azərbaycan şairlərinin dörd cildlik şeirlərini toplayıb tərtib etmişdir. "Şahnamə"ni ilk dəfə dilimizə qazaxlı Şərif Şikəstə (şair Eldar Nəsiblinin babası) tərcümə etmişdir.

...Xalq şairi Nəriman Həsənzadə ömrünü Bakıda keçirsə də, bir etirafı ilə ağstafalıların könlünü ala bilib:

 

Gündüzlər oluram harda-harda mən,

Poyluya dönürəm yuxularda mən.

 

Tarixən həmişə Ağstafa Qazaxın tərkibində olduğu üçün burada ədəbi mühit ayrılmazdı.

İstər Tovuzda, istərsə də Gədəbəydə ədəbi mühitin şaxələnməsinə, inkişafına səbəb də məhz aşıqlar olub. Tədqiqatlar, təhlillər, məsələyə qlobal şəkildə yanaşma göstərir ki, bölgədə ədəbi mühit aşıq yaradıcılığı ilə qoşa addımlayıb.

Tovuzda aşıq mühitinin əsası XV əsrin sonu XVI əsrin birinci rübündə qoyulub. Əldə olunan məlumatlara görə, məşhur Bozalqanlı kəndində, elə Tovuzun özündə saz-söz sənəti çox qədimdən inkişaf edib. Məsələn, Bozalqanlı kəndinin tarixini götürəndə onlarla məşhur adamın adını çəkmək olar: Aşıq Şıvıldıq, Aşıq Ovalar, Aşıq Lələ, Cəfərqulu, Qədirqulu, Aşıq Şenlik, Şair Vəli və onlarca başqaları. Əgər Qazaxda fəaliyyət göstərən, ədəbi mühitdən çıxan yazıçı və şairlərdən dörd nəfəri Azərbaycan Yazıçılar Birliyinin sədri olubsa, bu birliyin birinci qurultayına Tovuzdan üç aşıq nümayəndə seçilib: Hüseyn Bozalqanlı, Aşıq Mirzə Bayram, Aşıq Əsəd. Səməd Vurğun bu şairlərin şəninə şeir də yazıb:

 

Aşıq, bağrına bas sədəfli sazı,

Min cavablı bir sualdan danışaq.

 

Hüseyn Bozalqanlı irfan ədəbiyyatının sonuncu nümayəndələrindən biri idi. Ona "vergili şair" deyirdilər. Qoşmalarının birində özü də bunu belə etiraf edib:

 

Qırxlarpiri özü verib dərsimi,

Aşıq cərgəsində xana düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə-neçə imtahana düşmüşəm.

 

Ağız ədəbiyyatının yaradıcılarından biri də Öysünlü Səməd idi. Qoşmaları indi də dillər əzbəridir. Aşıq Rəsul, Şair Fətəli, Əziz Məftun, İsmayıl Sadıqlı, Rasim Kərimli və başqaları öz yaradıcılıqları ilə ədəbiyyata yeni nəfəs gətirirdilər. Həsən Mülkülü adlanan bir şair isə zəmanəsinin Vaqifi kimi qəbul olunurdu. Dünyanın gərdişini dolğun və mənalı əks etdirmək qüdrətinə malik idi. Bütün şeirlərində bu ruh var:

 

Günəş çəkiləndə yeri saralar,

Dünya ber-berana samanlıq imiş.

 

Bu bölgənin ədəbiyyat tarixinə hansı yöndən işıq salsan, fərq etməz.

Tovuzda da, Qazaxda da, Gədəbəydə də ədəbi mühit saz üstündə köklənib. Ötən əsrin ortalarında təkcə Tovuzda 40 peşəkar aşıq olub. Bu bölgədə yaşayan aşıqları Azərbaycanın müxtəlif rayonlarına deyil, Orta Asiyaya toy-düyünə, el şənliklərinə dəvət edirdilər. Bu bölgədə saz ifaçılıq sənətini Əkbər Cəfərov adlı bir aşıq zirvəyə qaldırdı.

"Türk dünyasının Dədə Qorqudu", "Qafqazın qoca qartalı" adlandırılan Mikayıl Azaflı dövrünün ağayana söz sahiblərindən biri idi. Repressiyaya, təzyiqlərə, təqiblərə məruz qalsa da, həmişə düz sözə qanad verib, haqqın tərəfində dayanıb. Buna görə də el sevgisi qazanan azman sənətkarlardan biri idi.

"Dövrünün Sabiri" adlandırılan Alakollu İdris sovet dövründə cəsarətlə yazırdı:

 

Ürəklərdə minbir dərd var,

Bilə-bilə əl çalırıq.

 

Repressiyalardan qurbanlar bahasına salamat çıxmış el öz şair oğlunu növbəti bəlalardan mühafizə edib saxlaya bildi.

Tovuzda AYB-nin üç üzvü - İsa Cavadoğlu, Əbülfət İslam, Fəxrəddin Haray yeni yaradıcılıq nümunələrini respublikanın ədəbi orqanlarına müntəzəm təqdim edirlər. İşıq üzü görən kitabları da bu yazarların mükəmməl ədəbi uğurlarından xəbər verir. Tovuzlu ədəbiyyatçı alimlərin və şairlərin xoş sorağı indi məmləkətlər dolaşır: Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Məstan Hünər, Məmməd İsmayıl, Əkbər Qoşalı və başqaları.

Tovuz, Ağstafa, Qazax kimi Gədəbəydə də ədəbi mühitin ilk qaranquşları aşıqlar olub. XIX əsrin sonu XX əsrin əvvəllərində bu bölgədə sözün yeni təntənəsi başlayıb. Bu təntənənin də başında əsasən Əli Cədid, Miskinli Vəli dururdu.

Əli Sultanzadə - Əli Cədid 1900-cü ildə Kiçik Qaramurad kəndində anadan olub. İbtidai təhsilini kənddə alıb, sonra sənət məktəbində oxuyub. Bir müddət kənd təsərrüfatı sahəsində çalışıb, Gədəby mis mədənlərində fəhlə işləyib, sonralar isə müxtəlif ictimai təşkilatlarda, məktəbdə çalışıb. Uzun müddət Şəmkir qəzasında maarif xadimi kimi çalışan Ə.Sultanzadə ötən əsrin əvvəllərində müxtləif mətbuat səhifələrində Əli Cədid imzası ilə şeir və hekayələrini, poemalarını dərc etdirirdi. Hətta uzun müddət Naxçıvanda, İrəvanda çalışan Əli Cədid "Sovet Ermənistanı" adlı qəzetin redaksiyasında ədəbi redaktor (1929-1930) vəzifəsində işləyib.

Sonralar "Kommunist" qəzetində çalışıb. Demək olar ki, iş yerlərinin sayı çox olub. Sonda Tiflis Dövlət Universitetinin ədəbiyyat fakültəsində ali təhsil alıb. Bakıda elmi tədqiqatla məşğul olan Əli Cədid 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. O, tərcüməçiliklə də məşğul olurdu. A.Puşkinin, İ.Çavcavadzenin, Ş.Rustavelinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Kiçik yaşlarından şeirə, sənətə güclü meyilli olan Miskinli Vəli də istedadlı, bədahətən şeirlər deyən maraqlı şəxsiyyət olub. Gənclik illərində əsasən aşıqlıq sənəti ilə məşğul olub. İstər toy-düyündə, istərsə də el məclislərində məharətlə dastan söyləyərdi. Demək olar ki, aşıq ədəbiyyatının bütün janrlarında şeirlər yazıb. Ondan zəngin ədəbi irs qalıb. "Miskin Vəlinin Canbaxça səfəri" adlı dastanı var. Əsərlərindən bəzi nümunələr müəyyən toplularda, kitablarda çap edilib. Gədəbəydə doğulub elə doğma torpaqda da dünyasını dəyişən Miskinli Vəli uzun ömür sürən şairlərdən sayılır. O, yüz yaşını haqlayanda vəfat edib.

Sonralar bu ədəbi mühitdən yeni istedadlar pöhrələnib. İlyas Tapdıq, Nahid Hacızadə, Musa Ələkbərli, Firuz Mustafa, Dəmir Gədəbəyli, Tanrıverdi Dağlaroğlu, Məlahət Yusifqızı və başqaları.

AYB-nin Qazax bölməsinin ətrafında yeddi ədəbi məclis təşkil olunub. Ötən əsrin 70-ci illərindən ənənəvi olaraq "Səməd Vurğun" və "Vaqif" poeziya günləri keçirilir. Bölmədə ədəbi qüvvələrin yaradıcılıq işini ruhlandırmaq üçün "Səməd Vurğun" və "Hüseyn Arif" adına ədəbi mükafatlar təsis olunub. Görkəmli şair və yazıçıların respublika miqyasında keçirilən yubileyləri bu bölgədə də qeyd edilir. Barat Vüsal bildirir ki, rəhbərlik etdiyi bölməyə gənc yeniyetmə qüvvələrin gəlişi davam edir. Sözə məbəd kimi baxmaq bu gənclərin yaradıcılıq meyarıdır.

Çünki keçmiş ədəbi taleyimiz yazılanların içindədir. Gələcəyimiz isə deyiləcək təzə sözdən asılıdır. Bu sözün qədrini bilmək və onun qızıl çevrəsini yaratmaq üçün ulu Vaqifdən üzü bəri bölgədə dərin kök atmış ədəbi mühitdən yetərincə faydalanmaq, onu inkişaf etdirmək təkcə yaşlılardan asılı deyildir. Çünki ədəbi inkişafın əsas qanadı, aparıcı qüvvəsi gənclərdir. Bu gün AYB-nin Qazax bölməsində, sözün həqiqi mənasında, istedadlı gənclər şam ətrafında məhəbbət nümayiş etdirən pərvanəyə bənzəyirlər. Yaradıcılıq özü də elə yanmaqdır...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 7.