Xalqımız Üzeyir
Hacıbəyli yaradıcılığı ilə haqlı
olaraq fəxr edir və onu ölməz bəstəkar kimi dəyərləndirir.
Onun ölməzliyinin
başlıca səbəbi xalqına ərmağan etdiyi əsərlərinin
həmişəyaşarlığıdır. Ona ölməzlik
gətirən əsərlərindən biri də Sankt-Peterburq
Konservatoriyasında təhsil alarkən yazdığı
"Arşın mal alan" komik operettasıdır.
Üzeyir bəy bu əsərini
ərsəyə gətirəndən sonra konservatoriyanın
polifoniyadan dərs deyən müəllimi, professor Vasili
Pavloviç Kalafatiyə göstərmişdi. V.P.Kalafati əsərin
partiturası ilə tanış olandan sonra onu yüksək
qiymətləndirərək konservatoriyanın rektoru,
böyük rus bəstəkarı, dirijoru Aleksandr
Konstantinoviç Qlazunova təqdim etmişdi. Qlazunov bu əsəri
yüksək qiymətləndirmiş və Üzeyir Hacıbəylini
hətta rus operettasının banisi kimi dəyərləndirmişdi.
O, "Arşın mal alan" musiqili komediyasının təkcə
Rusiyada deyil, bütün dünya ölkələrində
seviləcəyinə qəti inamını ifadə etmişdi.
Görkəmli rus bəstəkarı A.K.Qlazunovun həmin
proqnozu özünü doğrultdu. Musiqi tarixçiləri
Üzeyir bəyin "Arşın mal alan" musiqili
komediyasını Rusiya imperiyasında yaranmış ilk milli
operetta adlandırırlar. Bu, Üzeyir bəy
dühasının böyüklüyünü göstərən
təkzibolunmaz faktdır. XIX əsrin sonu XX əsrin
başlanğıcının ən böyük rus bəstəkarlarından
biri sayılan, "Moquçaya kuçka"nın
("Qüdrətli dəstə"nin) və P. İ.
Çaykovskinin ənənələrini davam etdirən,
müxtəlif janrlı simfonik musiqi
yaradıcılığında ad çıxaran A.K.Qlazunovun
yüksək rəyindən ruhlanan Üzeyir bəy əsərini
tamaşaya qoyulmaq üçün yaxın dostu Müslüm
Maqomayevə göndərmişdi. Əsərin premyerası 25 oktyabr
1913-cü ildə Bakının Tağıyev teatrında
olmuşdu. Əskər rolunda Məcnun partiyasının ilk
ifaçısı Hüseynqulu Sarabski, Gülçöhrə
rolunda Əhməd Ağdamski, Soltan bəy rolunda Ələkbər
Hüseynzadə , Asya rolunda A. Olenskaya, Vəli rolunda X.
Hüseynov, Cahan xala rolunda Gülsabah xanım
çıxış etmişdilər. "Arşın mal
alan"ı Azərbaycanın görkəmli aktyoru və
rejissoru Hüseyn Ərəblinski tamaşaya qoymuşdu.
Böyük uğurla
keçən bu tamaşa sonralar Cənubi Qafqazın ,
Rusiyanın və dünyanın bir çox ölkələrinin
səhnələrində oynanılmış və
böyük uğur qazanmışdı. Ümumiyyətlə
götürüldükdə "Arşın mal alan" 76
ölkənin 187 teatrında, məsələn,
Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın
17, Rusiyanın 28 şəhərində, Çinin 8 şəhərində,
ABŞ-ın 13 ştatında oynanılmışdı. 75-dən
artıq dilə tərcümə olunmuş "Arşın
mal alan" 1925-ci ilin 4 iyulunda Parisin "Femina"
teatrında oynanılaraq böyük uğur qazanmışdır.
Bu musiqili komediyanı fransız dilinə Üzeyir bəyin
qardaşı Ceyhun bəy tərcümə etmişdi. Fransa səhnəsində
Soltan bəy rolunda Derval, Əskər rolunda Monte,
Gülçöhrə rolunda Passani, Asya rolunda Maqali və
başqaları oynamışdılar.
"Arşın
mal alan" fenomenal populyarlıq qazanmışdı. Qafqazın hər bir yerində
"Arşın mal alan" adlı kafelər, restoranlar,
mağazalar açılmışdı. Teatr həyatının
xronikasından məlum olduğu kimi, o dövrdə Cənubi
Qafqazın mədəniyyət paytaxtı sayılan Tiflisdə
"Arşın mal alan" eyni bir gündə dörd dildə
- Azərbaycan, rus, gürcü və erməni dillərində
oynanılmışdı. Bunun əsas səbəbi Üzeyir
Hacıbəyli yaradıcılığında xalq
mahnılarının və muğamların sintezindən,
Avropa klassikasının və milli melodikanın
uyarlığından ərsəyə gətirilmiş orijinal
vokal üslubunun xüsusi yer tutması idi. Əskərin lirik
ariyasının "Şuştər" məqamı və
Cahan xalanın "Çadranı sallam başıma,
üz-gözümü bəzərəm, gedib sənə
qız axtarıb hər tərəfi gəzərəm"
kupletlərinin "Şur" muğamı üstündə
yazılması tamaşaçılarda lirik-dramatik ovqat
yaranmasına xidmət göstərmişdi.
Bununla bərabər, Əskərin
giriş ariyası və bir sıra vokal nömrələri
xalis Avropa manerasında yazılmışdı.
"Arşın mal
alan" teatr səhnələrinin bəzəyi olaraq
qalmaqdadır. 2004-cü
ildə "Arşın mal alan" operettası Moskvanın
Vaxtanqov adına Dövlət Teatrında populyar rus
aktyorlarının iştirakı ilə yeni quruluşda
tamaşaya qoyulmuşdur. Teatr kollektivi xalq artisti Vladimir
Etuşun rəhbərliyi ilə Bakının Gənc
Tamaşaçılar Teatrında "Arşın mal
alan"ı müvəffəqiyyətlə
oynamışdı. Bu musiqili komediya 2007-ci ildə
Avstriyanın paytaxtı Vyanada da tamaşaya qoyulmuşdur.
"Arşın mal
alan" komik operasının Azərbaycanda yüksək
professionallıqla, yəni tanıqlı opera solistlərinin
iştirakı ilə Üzeyir bəyin adına layiq səviyyədə
oynanılması üçün , bu əsər bir neçə
ildir ki, Akademik Opera və Balet Teatrının repertuarında
öz layiqli yerini tutmuşdur. Əsərdə Əskərin, Gülçöhrənin,
Süleymanın ariyalarının və kupletlərinin
yüksək professionallıqla ifa olunması
tamaşaçıda həmişə şən ovqat
yaradır.
Şəhərimizin
Neftçilər prospekti ilə keçənlərin diqqətini
Musiqili Komediya Teatrının binasının dənizə
baxan tərəfində bir neçə metr uzunluğunda sərgilənmiş
plakatda "Arşın mal alan" operettasının yeni
tamaşasının səhnəyə qoyulacağı
informasiyası çoxlarında haqlı sual doğururdu. "Nə üçün məhz
"Arşın mal alan", "Ər və arvad"
operettası yox?!" Bu sənət şedevrinin bir teatrda,
özü də ki, Akademik Opera və Balet Teatrında
oynanılması məgər kifayət deyildir? Böyük
simfonik orkestri, geniş diapazonlu səsə malik solistləri
olan Akademik teatrla, yığcam sayda orkestrantları, komik opera
üçün kiçik səsli və dar imkanlı solistləri
olan Musiqili Komediya Teatrının bəhsə girməsi nə
dərəcədə məntiqə uyğundur? Görəsən,
nə üçün teatrların repertuarlarında təkrarçılığa
yol verilməməsinə nəzarət edən bir idarə
yoxdur?
Hər halda, Dövlət
Musiqili Komediya Teatrı özünün yüzüncü
yubiley mövsümünü "Arşın mal alan"
operettası ilə açdı. Üzeyirsevərlər bu tamaşada
insanı təəccübləndirəcək nə kimi
rejissor yeniliklərinin olacağı ilə maraqlanırdılar.
Tamaşaçılar həmin
"yeniliklərlə" tanış oldular. Quruluşçu rejissor Elvin Mirzəyevin
təfsirində bir çox yeniliklər
tamaşaçıları şok vəziyyətinə
saldı. Tacir Əskər özünün məşhur
"Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, nalə
tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd"
giriş ariyasını qayıqda oxumaqla təqdim etdi. Bu
yenilik rejissorun "Arşın mal alan"ın sonuncu kino
versiyasındakı məqamı xatırlatdı. Filmdə
Gülçöhrənin Göygöldə qayıq sürməsi
məqamını.
Elvin Mirzəyev həmin
məqamı tacir Əskərin Soltan bəyin evi
qarşısındakı su hövzəsində qayıqda
üzməsi ilə öz tapıntısı kimi təqdim
etmişdir. Tamaşada
dekorasiyalar da "yenilik" nümunəsi kimi diqqəti
çəkir. Üzərində bina detalları həkk
olunmuş panel dekorasiyalar toz qopara-qopara
sürüşdürülərək guya ki, məkan
yaradır, lakin labirint xarakterli olduğu üçün, bilmək
olmur ki, hadisələr kimin - Soltan bəyin, yaxud tacir Əskərin
evində, yaxud həyətində cərəyan edir. Səhnəyə
daxil olmaq istəyən personajlar dolanbac yollarla hərəkət
etməli olurlar, qapı kimi nəzərdə tutulmuş dəlikdən
başlarını əyməklə bir təhər
keçirlər. Tamaşaçılar qayıqda üzən
tacir Əskəri bir azdan özügedən karetaya oxşar
arabada görürlər. Arşınmalçı Soltan bəyin
həyətinə "arşın mal alan"
çağırışı ilə həmin arabada daxil
olur.
Soltan bəy quru bəy,
yəni yoxsullaşmış bəy olsa da öz qürurunu
saxlamağa çalışan zadəgandır. Elvin Mirzəyev canındakı
ağrılardan, xüsusilə bel ağrısından
şikayətlənən, şəfa tapmasını arvad
almaqda görən, buna görə də "bir molla,
üç manat pul, bir kəllə qənd" arzusu ilə yaşayan
Soltan bəyi küçə avarası kimi təqdim edir. Bəyi
öz həyətindəki kəl arabasını xatırladan
bir arabada yatırdır, bəy qızı
Gülçöhrə, bəyin qardaşı qızı
Asya və qulluqçu Sənəm öz gənclik
arzularının həyata keçməsi yollarından ürəkdolusu
bərkdən danışan zaman Soltan bəy arabadakı
yatağından qalxaraq qızları qovur. Və sonra da
qulluqçu Tellini çağırıb belini
ovuşdurmağı tələb edir. Tamaşaçılar
Soltan bəyin başına gətirilən rejissor
oyunlarından qəh-qəhə çəkib gülmək əvəzinə
təəccüblənirlər. Ona görə təəccüblənirlər
ki, görəsən nə üçün Soltan bəy rahat
evində yox, kəl arabasında yatmağı özünə
rəva bilib. Bu azmış kimi, quruluşçu rejissor Elvin
Mirzəyev bəyin başına başqa oyunlar da
açır - Soltan bəy bazara gedəndə kəl
arabasını dartıb özü ilə aparır.
Quruluşçu
rejissorun həyatilikdən uzaq "tapıntıları"
bununla bitmir. Əskər
ilə Gülçöhrənin əhd-peyman
bağladıqdan sonra sirk nömrəsini - hava
akrobatlarının tryuklarını icra etmələri
Üzeyir bəyin reallıqlara söykənən
yaradıcılığına yamaq vurulması kimi qiymətləndirilməlidir.
Üzeyir musiqisinin
oynaqlığı sevən insanın ruhunu səmalara
ucaldır. Tacir Əskər
öz sevgisinə qovuşmasının
başlanğıcında özünü fikrən intəhasız
məkanda hiss edərək oxuyur: "Axtarıb tapdım səni,
səndəmi sevdin yar məni? Gör nə haldır,
görmür gözüm şadlığımdan
dünyanı". Ona görə də Əskərin belinə
uçuş kəməri bağlayıb, onu havaya qaldırmaq
ancaq acı gülüş doğurur. Əskərin
ifaçısı istedadlı və geniş səs
imkanlı Fərid Əliyev (yeri gəlmişkən, o, həm
də Akademik Opera və Balet Teatrının aparıcı
solistidir) "havaya qalxandan" sonra uçuş
amplitudası böyük olduğundan pərdə bağlanarkən
səhnə hüdudlarından çıxıb
orkestrantların üstünə gedib
çıxmışdı.
Tamaşanın
proqramında tryukların quruluşçusu Əli Məmmədov
yazılmışdır. Mən hələ uşaqlıqdan teatra həvəs
göstərən bir adam kimi, opera və musiqili komediya
tamaşalarında, ümumiyyətlə, teatr
tamaşalarında hava gimnastları tryuklarının
şahidi olmamışdım. "Arşın mal alan"
komik operasında bunu da gördüm. Quruluşçu rejissor
tamaşada digər hava gimnastları şousunu da "yaratmışdı".
Deyilənlərə görə, quruluşçu rejissor Elvin
Mirzəyev bu uçuş məqamlarını ərəb
kliplərindən birbaşa plagiat yolu ilə
götürmüşdür. Operettada "musiqi yenilikləri"
də edilmişdir. Quruluşçu dirijor? Nazim Hacıəlibəyovun
uvertüradan qabaq qırıq-qırıq fleyta
çalğısı ilə mənşəyi məlum
olmayan musiqi anlarını səsləndirməklə nə məqsəd
güdməsi qaranlıq qaldı. Həmin çalğı
fonunda zil qaranlıq səhnədə serpantin işıqlanma
effekti yaratmaqla tamaşa iştirakçılarını təqdimetmə
mərasimi uğurlu alınmadı. Rejissor sanki "Leyli və
Məcnun" operasında "Şəbi-Hicran" xoru ifa
olunan vaxt tamaşa iştirakçılarının projektor
işığı fonunda aldıqları pozalardan istifadə
etmiş və özünün yaradıcılıq
payını ortaya qoymamışdır.
Üzeyir bəy
yaradıcılığında şitliyə heç bir vaxt
yol verilməmişdir. Üzeyir bəyin operetta
yaradıcılığının əsas qayəsi
reallığa söykənməklə xalqının real məziyyətlərini
inandırıcı cizgilərlə canlandırmaq olmuşdur.
Operettada mənfi qəhrəmanların
olmadığı məlum həqiqətdir. Üzeyir bəy klassik operetta qanunlarına
uyğun olaraq baş qəhrəmanları olan Əskər və
Gülçöhrəni ön plana
çıxarmışdır. Bu gənclərin taleyi və
qarşılıqlı məhəbbəti operettanın, daha
doğrusu komik operanın süjet xəttinin
özülünü təşkil edir. Tacir Əskərin
tamaşa boyu bir ifaçı kimi oyunu məqbul sayılmalıdır.
Əskərin vokal baxımından çətin
ariyalarını Fərid Əliyev çox xoşagələn
oxudu. Ariyaların zil sonluqlarının öhdəsindən
bacarıqla gəldi. Bacardığı qədər aktyor
oyunu da göstərə bildi.
Bəyin qızı
Gülçöhrə soprano Nərgiz Kərimovanın
ifasında inandırıcı səsləndi. Nərgiz Kərimovanın bəzi
sözlərin tələffüzündə nöqsanlara yol
verməsi müğənni xanımın diqqətinə
çatdırılmalıdır.
Soltan bəy
obrazının yaradıcısı Əzizağa Əzizov
öz qəhrəmanını yəqin ki, quruluşçu
rejissorun mizan göstərişlərinə əməl etməklə
canlandırdığına görə bir qədər yelbeyin
adam kimi təqdim olunmuşdur. O, özünü bəy kimi ağayana aparmağı
bacarmır, buna görə də Üzeyir bəyin həm də
bir librettoçu olaraq yaratdığı obrazın
ifasında hərdən təlxəklik səviyyəsinə qədər
alçalır. Bir vokalçı kimi isə öz
partiyasının öhdəsindən ləyaqətlə gəlirdi.
Süleyman əməkdar
artist Əkbər Əlizadənin təfsirində əsl tədbir
tökən tacir kimi canlanır. Əkbər Əlizadə
Süleymanın kupletlərini məharətlə oxuyurdu.
Bəyin qulluqçusu
Telli istedadlı aktrisa Ülviyyə Əliyevanın
ifasında sevilir. Arşınmalçının
Sotan bəyin həyətində qızlara gətirdiyi
parçaları göstərdiyi səhnədə rəqs edən
qızların arasında görünən Telli (Ülviyyə
Əliyeva) özünü peşəkar rəqqasə kimi
göstərə bilir. Onun hərəkət dinamikası,
sünilikdən uzaq him-cimləri, nəhayət, yaxşı
oxumaq qabiliyyəti musiqili komediya teatrı səhnəsinə
ümidverici gənc bir ifaçının gəldiyini
göstərir.
Cahan xala rolunun
ifaçısı əməkdar artist Xanım Qafarovanın səhnədəki
hər bir hərəkəti, rəqs bacarığı, oxumaq
manerası xoş təsir bağışlayırdı.
Tacir Əskərin
nökəri Vəli rolunun ifaçısının göy rəngli
səhnə libası onu ağa nökərindən daha
çox, təcili yardım stansiyalarının
"feldşerlərinə" bənzədir. Əlbəttə ki, bu qüsur
aktyorun günahı ucbatından meydana gəlməyib. Nökərin
nökər libasında görünməsi
qayğısına geyim üzrə rəssam Nabat Səmədova
və quruluşçu rejissor qalmalı idilər.
Üzeyir bəyin
"Arşın mal alan" əsərinin sirk şousuna
oxşadılması kimi ağla batmayan bir olayın
tamaşaçılara təqdim olunması dahi bəstəkarımızın
əziz xatirəsinə yaraşmayan bir hadisə kimi qiymətləndirilməlidir.
Üzeyir bəy həyatda
sadəliyə önəm verən bir şəxsiyyət
olmaqla yanaşı, sənətdəki xoşagəlməz
hallara tam ciddiyyəti ilə münasibət göstərən
idi. O, "Arşın mal alan" musiqili komediyasının
kino versiyasının çəkilişləri zamanı
musiqi materialının "redaktəsinə" səy
göstərmiş adamlara belə demişdi: "Mənim əsərlərim,
doğma balalarımdır.
Onların xatirinə dəyməyə
yol verə bilmərəm".
Arif HÜSEYNOV
Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 7.