Sumqayıtda Üzeyir Hacıbəyliyə həsr edilən yeni abidə kompleksinin təməli qoyulmuşdur

 

Son illər Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı müxtəlif ərazilərdə yeni meydanlar və istirahət guşələri yaradılmış, görkəmli şəxsiyyətlərin şərəfinə abidələr ucaldılmışdır.

Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Ü. Hacıbəyli küçəsində yeni abidə kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Üzeyir Hacıbəyliyə ucaldılacaq həmin abidənin təməlqoyma mərasimində dahi Azərbaycan bəstəkarının ölməz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Respublika nəfəs alətləri orkestri ölməz bəstəkarın əsərlərini ifa etdi.

Mərasimdə çıxış edən Sumqayıt Şəhər İcra Nakimiyyətinin başçısı Vaqif Əliyev bildirdi ki, ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəylini Azərbaycanın milli sərvəti sayırdı. Onun yaradıcılığı o qədər zəngindir ki, əsərlərini dinlədikcə bəstəkarın necə böyük və dahi bir sənətkar olduğunu dərk edirsən. Həyatını xalqına həsr edən Üzeyir bəyin anadan olduğu gün respublikamızda milli musiqi günü kimi qeyd edilir. Onun əsərləri dünyanın hər yerində sevilə-sevilə dinlənilir, məhəbbətlə qarşılanır. Yaradıcılığı ilə böyük bir məktəbin əsasını qoyan Ü.Hacıbəylinin xatirəsi sumqayıtlılar tərəfindən həmişə hörmətlə yad edilir. Əbəs yerə deyil ki, ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə şəhərdə tikilən ilk mədəniyyət saraylarından birinə dahi bəstəkarın adı verilmişdir. Bu gün Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü böyük işlərin təməli hələ ötən əsrdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlət başçısının ölkə mədəniyyətinə belə böyük qayğı və məhəbbətlə yanaşması əslində, böyük və sivil bir ənənənin davamıdır. Heydər Əliyev Fondunun rrezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlərin sivilizasiyası sahəsində respublikada gördüyü işlər əvəzsizdir.

Daha sonra Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəis əvəzi M.Abbasov mərasimə toplaşanlara məlumat verərək qeyd etdi ki, iki küçə arasında yerləşəcək yeni xiyabanın eni 23,3, uzunluğu isə 60 metrdir. Abidənin hündürlüyü 12 metrdir. Postament royal formasında olub, qara qranitlə üzlənəcək, yüksələn hissəsi isə orqan borularının simvolik təsvirinə bənzəyəcək. Üzərində 5 metr hündürlükdə yerləşən bürüncdən hazırlanacaq barelyefin fonu ağ mərmərdən üzük qaşı kimi işlənəcək. Əks tərəfdən eyni fonda milli musiqi alətlərimiz təsvir olunacaqdır.

 

 

Akif  ƏLİYEV

 

Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 8.