Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
26-da Türkiyə Böyük Millət Məclisinin sədri
Məhmət Əli Şahinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Türkiyə parlamentinin sədri Məhmət Əli Şahin
Prezident Abdullah Gülün və Baş nazir Rəcəb
Tayyib Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı. Avqust ayının 5-dən
Türkiyə Böyük Millət Məclisinin sədri
seçildiyini vurğulayan Məhmət Əli Şahin ilk
xarici səfərlərindən birini Azərbaycana etməsindən
məmnunluğunu bildirdi. Türkdilli Ölkələrin
Parlament Assambleyasının Bakıda keçiriləcək
birinci toplantısına toxunan qonaq parlamentlərarası
münasibətlərin xalqlar arasında əlaqələrin
inkişafındakı önəmini qeyd etdi.
Dövlətimizin
başçısı Türkiyə Böyük Millət Məclisinin
sədri kimi Məhmət Əli Şahinin ilk xarici səfərlərindən
birini Azərbaycana etməsinin önəmli olduğunu dedi. Prezident
İlham Əliyev bildirdi ki, dövlət
başçıları tərəfindən əsası
qoyulan bu ənənənin parlament rəhbərləri tərəfindən
davam etdirilməsi ölkələrimiz arasında olan
münasibətlərin yüksək göstəricisidir. Türkdilli
Ölkələrin Parlament Assambleyasının Bakıda
keçiriləcək birinci toplantısının əhəmiyyətindən
danışan dövlətimizin başçısı əlaqələrimizin
bu formatda da uğurlu olacağını dedi. Bir neçə gündən sonra
Naxçıvanda keçiriləcək türkdilli ölkələrin
dövlət başçılarının zirvə
görüşünə toxunan Prezident İlham Əliyev
bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin
keçirilməsini türkdilli xalqlar arasında dostluq və
həmrəyliyin möhkəmlənməsi işinə xidmət
edəcəyini vurğuladı.
Məhmət Əli
Şahin Türkiyə-Ermənistan münasibətlərindən
danışaraq dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi həll olunmayana qədər
razılaşmaya dair protokollar Türkiyə Böyük Millət
Məclisindən keçməyəcəkdir.
Prezident İlham Əliyev bu
mövqeyə görə təşəkkür etdi.
Dövlətimizin
başçısı Prezident Abdullah Gülün və
Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Türkiyənin Prezidentinə və Baş
nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 27 sentyabr.- S.1.