Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
sentyabrın 25-də nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin
64-cü sessiyasının ümumi müzakirələrində
çıxış etmişdir.
Əvvəlcə nazir
E.Məmmədyarov BMT Baş Məclisinin 64-cü
sessiyasının sədri postuna seçilməsi münasibətilə
liviyalı Ali Abdussalam Treki təbrik etmiş və təşkilatın
baş katibi Pan Gi Muna dünyada daha firavan
yaşayışı təmin etmək məqsədi ilə
beynəlxalq ictimaiyyəti bir araya topladığına görə
təşəkkürünü bildirmişdir.
E.Məmmədyarov
vurğulamışdır ki, BMT-nin yaradılmasından 60 ildən
çox keçməsinə baxmayaraq, müasir beynəlxalq təhlükəsizlik
arxitekturasının dünyanın bu gün üzləşdiyi
çoxtərəfli və bir-biri ilə sıx
bağlılığı olan çağırış və
hədələrə vaxtında və səmərəli
yanaşması sualı hələ də gündəmdədir.
Bu gün bizə məlum olan hədələr milli sərhədləri
və bütövlükdə qitələri
aşdığından, çoxtərəfli təhlükəsizlik
sisteminin formalaşması prosesində hazırkı
çağırış və hədələrin qlobal
xarakterli olması coğrafi məsafələri əhəmiyyətsiz
edir. Hədələrin dolayı təsiri birbaşa təsirlər
kimi dağıdıcı ola bilər. Hədələrin
bir-biri ilə sıx bağlılığı təhlükəsizliyə
daha geniş anlamda baxmağı tələb edir,
çünki artıq təhlükəsizlik
anlayışı ənənəvi hərbi təhlükəsizliklə
məhdudlaşmır, həmçinin siyasi, iqtisadi, mədəni,
informasiya, enerji və başqa sahələri də
özündə ehtiva edir.
Nazir qeyd etmişdir ki, hər
bir dövlətin təhlükəsizliyi və daha geniş
anlamda beynəlxalq sülh və təhlükəsizlik,
ölkələrin özlərinin xarici və təhlükəsizlik
siyasətlərində beynəlxalq hüququn norma və
prinsiplərinə nə dərəcədə əməl etməsindən
asılı olacaqdır. Beynəlxalq arenada ümumi norma və
qaydalara əməl olunması dövlətlərin
davranışlarında şəffaflığın və
qabaqcadan məlumluğun yaranmasına kömək edəcək
və nəticə etibarilə beynəlxalq sülhü və
təhlükəsizliyi möhkəmləndirəcəkdir.
Əfsuslar olsun ki,
güc tətbiq etməyin qeyri-qanuniliyinin hələ də
beynəlxalq əlaqələr mündəricəsindən
çıxarılmadığını deyən E.Məmmədyarov
bəzi dövlətlərin öz əsas vəzifələrinin
yerinə yetirməsində uğursuzluğu ucbatından
mülki əhalinin dünyanın bir çox yerlərində
hələ də əziyyət çəkdiyini
vurğulamışdır.
Nazir bildirmişdir ki, ən
ciddi beynəlxalq cinayətlər də daxil olmaqla, silahlı
münaqişələr, hərbi təcavüz və xarici
işğal beynəlxalq hüququn norma və prinsiplərinin
dövlətlər tərəfindən pozulmasının
acı nəticələrinə dair müasir tarixdən
canlı misallardır. Beynəlxalq hüququn norma və
prinsiplərinə əməl etməyi rədd edən
hökumətlər demokratik inkişafı sarsıtmaqla,
öz ölkələrində insan hüquq və
azadlıqlarını labüddən pozurlar.
E.Məmmədyarov bəyan
etmişdir ki, 20 ildir davam edən, beynəlxalq və regional
sülhə, təhlükəsizliyə ciddi təhlükə
olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsiplərinin kobudcasına
pozulmasının ən canlı nümunəsidir. Ermənistan
tərəfindən həyata keçirilən təcavüzün
nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə
biri zəbt olunmuş, etnik təmizləməyə məruz
qalmış bir milyonadək azərbaycanlı qaçqın
və məcburi köçkünə çevrilmiş,
ölkənin minlərlə tarixi-mədəni irsi
dağıdılaraq qarət edilmişdir. Münaqişə
ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamədə
başqa bir dövlətin ərazisinin güc tətbiq etmək
yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi
vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın
bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan
torpaqlarından işğalçı qüvvələrin
qeyd-şərtsiz çıxması
çağırışı əksini tapmışdır. BMT
Baş Məclisinin 14 mart 2008-ci il tarixli, 62/243 saylı Azərbaycanın
"işğal edilmiş ərazilərində vəziyyət"
qətnaməsində Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə dəstək
bir daha ifadə olunmuşdur. BMT Təhlükəsizlik
Şurasının və Baş Məclisinin qətnamələrində
əks olunmuş yanaşma Azərbaycanın tutduğu
mövqe ilə tamamilə üst-üstə düşür.
Azərbaycan ilk gündən münaqişənin mərhələli
həllinin yeganə mümkün yol olduğunu demişdir. İşğal
olunmuş bütün ərazilərdən erməni
silahlı qüvvələrinin çıxarılması, həmin
ərazilərin bərpası və qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına - Dağlıq
Qarabağa və ətraf rayonlara geri qayıtması,
qarşılıqlı istifadə üçün
bütün kommunikasiyaların açılması kimi bir
sıra vacib işlər görülməlidir.
Bu, müharibənin nəticələrini
aradan qaldırmağa, regionun azərbaycanlı və erməni
icmalarının qarşılıqlı
razılığı nəzərə alınmaqla Azərbaycan
daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun
işlənib hazırlanmasına, regionda davamlı
sülhün və sabitliyin təşəkkül tapmasına
zəmin yaradacaqdır.
Nazir E.Məmmədyarov
bildirmişdir ki, hazırkı danışıqlar prosesi
münaqişənin həll olunmasında pat vəziyyətinin
aradan qalxacağına ümidləri artırır. 2008-ci ilin
noyabrında Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri
tərəfindən Moskvada imzalanmış Bəyannamədə
Ermənistan tərəfinin münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında mərhələli
həllini qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan
Cənubi Qafqaz regionunda və ondan kənarda təhlükəsizlik
və sabitlik naminə Ermənistan rəhbərliyi ilə
danışıqları davam etdirməyə hazırdır və
bu da gələcəkdə geniş regional imkanları
bütün tərəflərin faydası üçün
istifadə etməyə şərait yaradacaqdır.
Azərbaycanın xarici
siyasət idarəsinin rəhbəri ölkəmizin iqtisadi vəziyyəti
haqqında da geniş məlumat verərək
vurğulamışdır ki, ölkəmiz öz
iqtisadiyyatında qlobal iqtisadi böhranın təsirini minimuma
endirməyə və hətta iqtisadi artıma nail ola
bilmişdir. 2009-cu ildə milli iqtisadiyyat öz
dinamikasını saxlamış və hazırda ÜDM-in
artımı 4 faiz olmuşdur. 2003-cü ildən bəri
yoxsulluğun səviyyəsini 44 faizdən 13 faizə endirməyə
nail olmuşuq. Azərbaycan hökuməti xüsusilə
qeyri-neft sektorunda özəl sektorun inkişafına stimul
yaradılması və ölkənin beynəlxalq bazarlarda rəqabət
imkanlarının möhkəmləndirilməsi istiqamətində
ticarət və investisiya mühitini davamlı inkişaf
etdirmişdir. Qeyri-neft sektoru son 5 ildə 16 faiz
artmışdır. Düşünülmüş iqtisadi
siyasət və real nəticələrə yönəlmiş
islahatlar Azərbaycanın Dünya Bankı tərəfindən
dünyanın aparıcı islahatçı dövlətlərindən
biri kimi müəyyən olunmasına səbəb olmuşdur.
E.Məmmədyarov
Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri
və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi infrastruktur
layihələrin uğurla həyata keçirilməsinin
qonşu ölkələrin də inkişafına zəmin
yaratdığını söyləmişdir. Onun sözlərinə
görə, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər
dənizinin Azərbaycan hissəsində yeni dəniz
limanının tikilməsi Azərbaycanın Asiya ilə
Avropanı birləşdirən kommunikasiya mərkəzi kimi
rolunu daha da artıracaqdır. Azərbaycanın Şərqlə
Qərbin, Şimalla Cənubun əsas nəqliyyat
yollarının kəsişdiyi məkanda yerləşməsi
və regional avtomobil və dəmir yol şəbəkəsinə
birləşən sürətlə inkişaf edən milli nəqliyyat
infrastrukturu ölkənin strateji əhəmiyyətini
artırır. Azərbaycan, həmçinin Şərq-Qərb
nəqliyyat dəhlizinin əsas hissəsi olacaq və 20-dək
ölkəni internet, telekommunikasiya sistemləri, elektron
informasiya resursları ilə təmin etməyə qadir olan
Trans-Avrasiya Super İnformasiya Magistralı yaratmaq təşəbbüsü
ilə çıxış etmişdir.
Nazir bildirmişdir ki, bu
gün biz bəzən müxtəlif təhlükəli forma
alan etnik və dini təhdidlərin geniş
yayıldığı bir dövrdə yaşayırıq və
onlardan müxtəlif sahələrdə münaqişələrin
yaranması üçün yanacaq kimi istifadə olunur. BMT-nin
üzvü olan dövlətlər tərəfindən
sivilizasiyalar arasında dialoqun rolunun qəbul olunması və
beynəlxalq sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsi sahəsində dinlərarası
və mədəniyyətlərarası əlaqələrin
inkişafı yalnız alqışlana bilər.
Mədəniyyətin
ayrılmaz tərkib hissəsinə çevrilən, əsrlərcə
müxtəlif etnik və dini qruplar arasında dinc
yanaşı yaşamaq və tolerantlıq ənənələrinin
formalaşdığı bir ölkə kimi, Azərbaycan
müxtəlif dinlərə və mədəniyyətlərə
məxsus insanları anlamaq və qarşılıqlı
hörmət yolu ilə dinlərarası və mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsi istiqamətində müxtəlif
mədəniyyətləri, sivilizasiyaları və qitələri
bir araya gətirmək üçün təbii körpü
rolu oynamağa sadiq olduğunu dəfələrlə
nümayiş etdirmişdir.
E.Məmmədyarov
vurğulamışdır ki, Azərbaycan Türkiyənin və
İspaniyanın təşəbbüsü ilə baş
tutan Sivilizasiyalararası Alyansa qoşulan ilk ölkələrdəndir.
BMT-nin baş katibi tərəfindən təyin edilmiş
Yüksək səviyyəli qrupun "Sivilizasiyalararası
Alyans"dakı məruzəsində əks olunmuş rəylərin
həyata keçirilməsi nöqteyi-nəzərindən,
ötən il Azərbaycan bir neçə vacib tədbirlərə
ev sahibliyi etmişdir. Ən son tədbir kimi biz mədəniyyətlərarası
dialoqda qadınların rolunun artırılmasında öz
töhfəsini verəcəyinə ümid etdiyimiz "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda Beynəlxalq forumu həyata keçirmişik. 2008-ci
ilin dekabrında Avropa Şurasının üzvü olan
dövlətlərin mədəniyyət nazirlərinin
konfransına ev sahibliyi etmişik. Avropa Şurasının
tarixində ilk dəfə olaraq İSESKO-nun və ALESKO-nun
üzvü olan ölkələrin nazirləri də bu tədbirə
qoşulmuşdur. Qəbul edilmiş Bakı Bəyannaməsi
Avropa və qonşu ölkələr arasında mədəniyyətlərarası
dialoqu da nəzərdən keçirir. İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin mədəniyyət nazirlərinin
5-ci konfransında Azərbaycanın paytaxtı Bakı 2009-cu
il üçün İslam mədəniyyətinin paytaxtı
elan olunmuşdur. Cari ilin payızında isə Azərbaycan
İKT-nin üzvü olan ölkələrin mədəniyyət
nazirlərinin 6-cı konfransına ev sahibliyi edəcəkdir.
Çıxışının
sonunda E.Məmmədyarov demişdir: "Azərbaycan
inanır ki, yeganə universal təşkilat kimi BMT hər bir
üzv ölkənin maraqlarına və arzularına cavab vermək,
dünyanın hər bir hissəsində qlobal məsələlərə
təsir gücünə və bacarığına malik olmaq
üçün daha da güclü və bacarıqlı
olmalıdır. Biz təşkilatda gedən islahatları dəstəkləməkdə
davam edirik".
AzərTAc
Azərbaycan.- 2009.- 27 sentyabr.- S.1.