"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin üçüncü cildi çapdan çıxmışdır

 

"Bizim siyasətimiz çoxcəhətlidir. Hər bir ölkə kimi, Azərbaycanın da xarici siyasəti öz mənafelərinin qorunmasına, ölkəmizin milli mənafelərinin tam şəkildə təmin olunmasına yönəlmişdir. Xarici siyasətdə bu, ilk növbədə, qonşu ölkələrlə - Rusiya, Türkiyə, Gürcüstan və İranla, habelə dünya siyasətinin mühüm amilləri - Avropa İttifaqı, Avropa cəmiyyəti ilə yaxşı münasibətlər qurulmasına əsaslanır. Azərbaycanın təcrübəsi sübut edir ki, bunların biri digərinə mane olmur. Amerika Birləşmiş Ştatları ilə çox yaxşı münasibətlərimiz var, bir sıra geniş məsələlər üzrə Avropa İttifaqı ilə, habelə İranla əməkdaşlıq edirik. Yəni biri digərini istisna etməməlidir".

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf - məqsədimizdir" adlı çoxcildliyinin 3-cü cildindən, 2004-cü il martın 19-da Bratislavada "Bloomberq" televiziyasının müxbirinə müsahibəsindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov ilə görüşündən hesabatla açılan bu cilddə müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlara dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapmışdır. Bu materiallar 2004-cü ilin fevralından aprelinədək olan dövrü əhatə edir.

Kitabda dövlətimizin başçısının Rusiya Federasiyasına, Qazaxıstan Respublikasına, Türkiyə Cümhuriyyətinə rəsmi səfərləri, həmçinin ölkəmizə gələn xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı dərin məzmunlu söhbətləri geniş yer tutur.

Bütün bu görüşlərdə və danışıqlarda dünyanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri müzakirə olunmuş, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində, münaqişənin nizamlanmasında Prezident İlham Əliyevin prinsipial mövqeyi öz əksini tapmışdır. Xüsusilə sonuncu məsələyə dair dövlətimizin başçısının 2004-cü il aprelin 14-də Türkiyə Böyük Millət Məclisindəki nitqində söylədikləri fikirlər çox xarakterikdir: "Birincisi, onu deməliyəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər oraya, qədim Azərbaycan torpağına qonaq kimi gəlmişlər. 1820-ci illərdə onlar oraya gəlmişlər və Dağlıq Qarabağa gəlmələrinin 150 illik yubileyi münasibətilə hətta bir abidə də ucaltmışdılar. Bu, məsələnin tarixi tərəfidir.

İkincisi, Ermənistan dövləti var və erməni xalqı öz müqəddəratını Ermənistan dövləti çərçivəsində artıq təyin edibdir. Əgər ermənilər yaşadıqları bütün ölkələrdə öz müqəddəratını təyin etmək eşqinə düşərlərsə, dünyada nə qədər erməni dövləti yaranacaqdır? Ermənilər Gürcüstanda, Rusiyada, Amerikada, Fransada və digər ölkələrdə yaşayırlar. Nə üçün onlar yaşadıqları bütün ölkələr içərisində öz müqəddəratını təyin etmək üçün yalnız Azərbaycanı seçiblər?! Bu prinsip beynəlxalq hüquq normalarına ziddir. Əgər Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, buyursunlar, onu Ermənistan dövləti çərçivəsində etsinlər.

Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həmişə Azərbaycan torpağı olub, bundan sonra da Azərbaycan torpağı olacaqdır. Azərbaycan heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad edəcəkdir".

Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" də daxil edilmişdir.

"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S.1.