Londonda nəşr olunan
nüfuzlu "FİRST" jurnalı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyulunda
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığına rəsmi səfərinin yekunlarına həsr
olunmuş xüsusi nömrə buraxmışdır.
"Azərbaycan:
güclənən strateji tərəfdaş" ümumi
başlıqlı xüsusi buraxılış Böyük
Britaniyanın Baş naziri Qordon Braunun məktubu ilə
başlayır. Baş nazir yazır: "Mən Azərbaycan
Prezidenti İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfərə
gəlməsindən məmnunluq duyuram. Bu səfər bizim
Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlığı
daha da gücləndirmək və Azərbaycanın Avropa
İttifaqı ilə əlaqələrinin daha da genişləndirilməsi
istiqamətində sadiqliyimizi bir daha təsdiq edir.
Azərbaycan Avropa və
onun Şərq qonşuları arasındakı yolların kəsişmə
nöqtəsində yerləşir. Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində, eləcə də Cənub Dəhlizi
və Nabukko kəmərinin reallaşmasında bu ölkə
gələcəkdə çox vacib rol oynayacaqdır. Azərbaycanın
iqtisadiyyatı dinamik inkişaf dövrünü
yaşayır. Böyük Britaniya və Azərbaycan
arasında təkcə enerji sahəsində deyil, həm də
təhsil, tikinti, kənd təsərrüfatı, informasiya
texnologiyaları sahələrində əməkdaşlıq
və bu əməkdaşlığın gələcəkdə
daha da dərinləşməsi üçün imkanlar
mövcuddur.
Mən, həmçinin
Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
proqramında iştirakını alqışlayıram. Bu
proqram vasitəsilə biz Azərbaycanda və regionda sabitliyin,
insan hüquqlarının və demokratik islahatların dəstəklənməsi
üçün birgə işləməyə sadiqik".
Jurnalda İlham Əliyevin
prezidentliyi dövründə Azərbaycanın dinamik
inkişafından, müxtəlif istiqamətlərdə, o
cümlədən demokratiyanın genişlənməsi, şəffaflığın
təmin edilməsi sahələrində həyata keçirilən
islahatlardan geniş söz açılmışdır. Qeyd
edilmişdir ki, düzgün siyasət nəticəsində Azərbaycan
son bir neçə ildir ki, iqtisadi inkişaf sürətinə
görə dünyada birinci yeri tutur. 2003-2008-ci illərdə
Azərbaycanda 700 mindən çox iş yeri
yaradılmış, yoxsulluğun səviyyəsi 3 dəfədən
çox azalmışdır.
Dövlətimizin
başçısının fəaliyyətini əks etdirən
fotoşəkillərlə zəngin olan buraxılışda
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
yürütdüyü enerji siyasətinə toxunulmuş,
respublikamızın hazırda enerji təhlükəsizliyində
oynadığı mühüm rol xüsusi
vurğulanmışdır.
Bundan əlavə,
jurnalda Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində yaranmış Dağlıq Qarabağ
münaqişəsinə də toxunulmuşdur.
Nəşrdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təhsil, mədəniyyət, səhiyyə
və digər istiqamətlərdəki nəcib fəaliyyətinə
geniş yer verilmişdir.
Buraxılışda Azərbaycan
ilə Böyük Britaniya arasında münasibətlərin
inkişafına dair dolğun məlumatlar yer
almışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 1.