Azərbaycanda səfərdə
olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri
Məhmət Əli Şahin sentyabrın 26-da Milli Məclisə
gəldi. Parlamentin
binası önündə qonağı Milli Məclisin Sədri
Oqtay Əsədov və digər rəsmi şəxslər
qarşıladılar. Qonaq Milli Məclisin iclas zalı,
parlamentin yeni tikilmiş korpusu ilə tanış oldu,
deputatlar üçün yaradılmış iş şəraitini
yüksək qiymətləndirdi.
Parlamentdəki Heydər
Əliyev Xatirə zalı ilə tanış olan Məhmət
Əli Şahin xatirə kitabına ürək sözlərini
yazdı.
Milli Məclisin Sədri
Oqtay Əsədovla Məhmət Əli Şahin arasında təkbətək
görüş keçirildi. Sonra görüş geniş tərkibdə davam etdirildi.
Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluq
duyduğunu bildirən spiker Oqtay Əsədov dedi ki, bir millət
iki dövlət olan Azərbaycanla Türkiyə
arasındakı dostluq və qardaşlıq münasibətləri
günbəgün möhkəmlənir, inkişaf edir. Bunu ən
yüksək səviyyələrdə nümayəndə heyətlərimizin
səfərləri də sübut edir.
Milli Məclisin Sədri
qeyd etdi ki, Azərbaycanla Türkiyəni bir-birilə
bağlayan çox sıx tellər var. Ən vacibi isə odur ki, bizim
damarlarımızdan eyni qan axır. Lakin zaman-zaman bəzi
qüvvələr, xüsusən də ermənilər bu
münasibətlərə xələl gətirməyə
çalışır, mətbuatda yanlış məlumatlar
yayırlar. Amma biz inanırıq ki, qardaş Türkiyə Azərbaycanın
milli maraqlarına zidd addımlar atmayacaq.
Səmimi
görüşə və qonaqpərvərliyə görə
təşəkürünü ifadə edən Məhmət Əli
Şahin dedi ki, TBMM-nə sədr seçildikdən sonra
Şimali Kipr istisna olmaqla ilk xarici səfərini məhz Azərbaycana
edir. Azərbaycanı
öz vətəni hesab etdiyini deyən qonaq əlavə etdi
ki, bizi bir-birimizə bağlayan çox mənəvi dəyərlərimiz
var. Biz eyni kökdən gəlirik.
Məhmət Əli
Şahin onu da bildirdi ki, dövlət başçıları
və digər rəsmi şəxslər səviyyəsində
qarşılıqlı səfərlərin intensivliyi də əlaqələrin
inkişafına əyani sübutdur.
Qonaq daha sonra bildirdi ki,
onun ölkəsi Türkiyə-Azərbaycan dostluğuna zidd
heç bir addım atmayacaq, TBMM
qardaşlığımıza xələl gətirə biləcək
qərar qəbul etməyəcəkdir.
Məhmət Əli
Şahin Türkdilli Ölkələrin Parlament
Assambleyasının yaradılmasında Azərbaycanın səylərini
yüksək qiymətləndirdi, bu təşkilatın
türkdilli dövlətlərin birliyinin möhkəmlənməsində
öz töhfəsini verəcəyini dedi.
Sonra görüşdə
qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi,
birgə əməkdaşlıq və digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 2.