Moskvada nəşr olunan "Federasiya" jurnalı ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc etmişdir

 

Moskvada nəşr olunan siyasət, iqtisadiyyat, sosiologiya və hüquq problemləri haqqında elmi jurnal - "Federasiya" jurnalı 2009-cu il birləşmiş 6-7-ci nömrəsində jurnalist, siyasi elmlər namizədi Tahir Məmmədovun "İki əsrin qovuşuğunda" ("Na rubeje dvux epox") adlı məqaləsi çap edilmişdir.

Məqalədə XX əsrin 90-cı illərindən - Azərbaycan xalqı üçün ağır sınaqlarla zəngin dövrdən, İttifaq rəhbərliyinin respublikalarda demokratik hərəkata divan tutmasından, bu dövrdə Heydər Əliyevin nümayiş etdirdiyi sərt, ciddi, prinsipial, qətiyyətli mövqedən, həmin mövqeyi cəmiyyətə çatdırmaq üçün mətbuatla ünsiyyətindən söz açılır. Müəllif müdrik siyasi xadimin yeni ittifaq müqaviləsinə qarşı müqavimətini yada salır, onun "Sovetskaya Qruziya" qəzetinin 1989-cu il 25 fevral tarixli nömrəsindəki müsahibəsindən misal gətirir. Yazıda M.Qorbaçovun Heydər Əliyevə qarşı tutduğu qərəzli mövqe, Dağlıq Qarabağ məsələsi ilə bağlı siyasi simasızlığı təhlil olunur. Xatırladılır ki, belə ağır, çətin vaxtda xalqı ilə bir yerdə olmağı hər şeydən üstün tutan böyük azərbaycanlı çəkinmədən M.Qorbaçovun apardığı ikiüzlü siyasətin iç üzünü açıb göstərir, tutduğu yüksək postdan - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılsa da, Azərbaycana və azərbaycanlılara qarşı hazırlanan təhlükəni zərərsizləşdirmək üçün əlindən gələni əsirgəmir.

Məqalə müəllifi Azərbaycan xalqının cəsarətli oğlu Heydər Əliyevi xalqının milli maraqları mövqeyində həmişə mərd, mətin dayandığını, xalqı, vətəni yolunda ölümdən belə çəkinmədən, mənəvi terrora, hədə-qorxuya baxmadan öz sözünü mərd-mərdanə dediyini yazır. Göstərir ki, o, "perestroyka"nın dağıdıcı ünsürlərini çəkinmədən tənqid edirdi. Moskvada işsiz, xəstə, dörd tərəfdən təqiblərə məruz qalanda burada nəşr olunan bir jurnalda sovet hökumətinin Dağlıq Qarabağ məsələsində azərbaycanlıların ziyanına tərəfkeşlik etməsini cəsarətlə tənqid edir, öz xalqını bu məsələdə ayıq-sayıq, həm də qorxmaz və mübariz olmağa çağırır.

Müəllif oxuculara Heydər Əliyevin bütün dövrlərdə tarixi şəxsiyyət olduğunu, həmişə, hər zaman öz cəsarətli sözünü çəkinmədən, qorxmadan dediyini, ən əsası isə, daim xalqına gərəkli, lazımlı bir siyasi lider olduğunu faktlar və sübutlarla çatdırır. Bu zaman o, ümummilli liderin 1989-1990-cı illərdə müsahibələrinin dərc olunduğu "Ana torpaq", "Sovetskaya Qruziya", "Şərq qapısı", "Şərq", "Kommunist", "Bakinski raboçi", "Pravda" qəzetlərindən, "Teatralnaya jizn" jurnalından sitatlar gətirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 2.