İctimai fikrin inkişafında və milli oyanışda Bakı Dövlət Universitetinin yeri
Yaranışından bugünə qədər Azərbaycan elminin və təhsilinin, ictimai fikrinin inkişafında mühüm rol oynayan Bakı Dövlət Universiteti xalqımızın tarixində şərəfli yer tutur. BDU-nun qarşısına qoyulan vəzifələr, həyata keçirdiyi işlərin xarakteri və mahiyyəti təhlil olunarkən onun tarixini üç mərhələyə bölmək olar: Cümhuriyyət dövrü - 1919-1920; Sovet dövrü - 1920-1991, müstəqilliyin bərpa edilməsindən indiyəqədərki dövr - 1991-2009-cu illər.
BDU yarandığı dövrdən indiyədək ona bəslənilən ümidləri tam doğrultmuşdur. Haqlı olaraq deyildiyi kimi, Sarbonna Universiteti fransızların, Kembric Universiteti ingilislərin tarixi taleyində hansı rolu oynayıbsa, Bakı Dövlət Universiteti də xalqımızın inkişafında həmin missiyanı yerinə yetirmişdir.
Universitetin keçdiyi yola diqqət etsək, 1920-ci ilin ikinci yarısının mühüm bir dövr olduğunu yəqin edə bilərik. Belə ki, məhz bu mərhələdə BDU-nun azərbaycanlılaşdırılması sahəsində ciddi işlər görülmüşdür. Təhlillər göstərir ki, hakim millətlər işğal etdikləri ərazidə müstəmləkəçilik siyasətini üç istiqamətdə həyata keçirmişlər: siyasi, iqtisadi və ideoloji. İdeoloji sahədə hakim bolşevik ideologiyasını beyinlərə yeritməyin mühüm vasitələrindən biri də təhsil sistemi ilə bağlı olmuşdur.
1920-1930-cu illərdə bolşeviklərin mədəni inqilab adlandırdıqları siyasətdə məktəblərin başlıca vəzifəsi mərkəzin maraqlı olduğu sahələr üçün müəyyən bilik və qabiliyyətlərə yiyələnən, mövcud quruluşa sadiq icraçı kadrlar hazırlamaq idi və onların işi buna müvafiq qurulmuşdu. Ötən əsrin 20-ci illərində tədris proqramlarından, dərsliklərdən türkçülük, islamçılıq ideyaları, xalqın mənəvi dəyərlərini təbliğ edən mövzular çıxarılmışdı. Bütün bu təzyiqlərə baxmayaraq, Cümhuriyyət dövründə, M.Ə.Rəsulzadənin sözləri ilə desək, "azadlıq tamını azacıq da olsa dadmış" xalq və onun müəyyən təhsil ocaqları milli ideyaların təsiri altında qalmışdı. Belə məktəblərdən biri də Bakı Dövlət Universiteti idi.
Dövrün arxiv sənədlərinin və materiallarının, son vaxtlar işıq üzü görən ədəbiyyatların müqayisəli təhlili göstərir ki, 1920-ci ilin ikinci yarısında Kommunist Partiyası və sovet hökuməti Şərq ölkələrinə, o cümlədən Azərbaycana qarşı yeritdiyi siyasətdə bir sıra səbəblər üzündən müəyyən dəyişikliklər etməyə məcbur olmuşdu. Bir faktı da qeyd edək ki, həmin dövrdə respublikada hökumətin həyata keçirdiyi "simasızlaşdırma" siyasəti ciddi narazılıq yaratmış və sistemə qarşı müqavimət hərəkatına çevrilmişdi. Digər tərəfdən, Azərbaycan mühacirlərinin xaricdə - Avropada, Türkiyədə, İranda apardığı təbliğat "humanist, bəşəri" sovet siyasətinin uğurla yayılmasına mane olmuşdu. Həmin səbəbdən AK(b)P MK-nın Rəyasət Heyəti 3 aprel 1927-ci ildə BDU-nun azərbaycanlılaşdırılmasını həyata keçirmək məqsədilə xüsusi qərar qəbul etmişdi. Sənəddə Xalq Maarif Komissarlığına (XMK) tapşırılmışdı ki, qısa müddətdə partiya və hökumətin göstərişləri əsasında universitetin azərbaycanlılaşdırılması təmin olunsun. Həmin vəzifələri həll etmək üçün komissiya yaradılmış və onun hazırladığı "Azərbaycan SSR ali məktəblərində vəziyyət haqqında hökumətin izahına dair" sənəd hökumət tərəfindən təsdiq edilmişdi. Öz növbəsində, XMK-nın hazırladığı "Ali məktəblərin azərbaycanlılaşdırılmasının ümumperspektiv planı"nı Maarif Komissarlığının kollegiyası təsdiq etmişdi. Burada göstərilmişdi ki, pedaqoji və Şərq fakültələri 6 ilə azərbaycanlılaşdırılsın. Tibb fakültəsində müəyyən səbəblərdən konkret vaxt qoyulmasa da, bu işə başlanılması nəzərdə tutulmuşdu. Şübhəsiz ki, bu işdə BDU-nun ilk azərbaycanlı rektoru - T.Şahbazinin də rolu olmuşdur.
Sənədlər və materialların təhlili göstərir ki, universitetin türkləşdirilməsi tələbələrin, müəllimlərin içərisində azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində dərslik və tədris vəsaitlərinin hazırlanması və çap edilməsi olmaqla, üç istiqamətdə həyata keçirilmişdir. Bu işin müsbət nəticəsi çox çəkməmişdi. Belə ki, əgər 1924-1925-ci tədris ilində azərbaycanlı tələbələr bütün tələbələrin 39 faizini təşkil etmişdisə, 1926-1927-ci tədris ilində bu rəqəm 68 faizə qalxmışdı.
İkinci mühüm istiqamət yuxarı akademik heyətin və elmi işçilərin içərisində azərbaycanlıların sayının artırılması idi ki, bu da 1929-1930-cu tədris ilində həmin istiqamətdə aparılan tədbirlərin tendensiyasında özünü açıq-aşkar büruzə vermişdi. Məsələn, əgər 1924-1925-ci tədris ilində bütün akademik heyətin içərisində azərbaycanlılar 21,8 faiz təşkil etmişdisə, 1929-1930-cu tədris ilində bu rəqəm 39,2 faizə yüksəlmişdi. Elmi işçilərin ümumi çəkisi isə 75 faizə çatmışdı. Ali təhsil ocağında çalışan bəzi professorlar, məsələn, M.E.Yevlaxov, İ.İ.Şirokoqorov və digərləri universitetin türkləşdirilməsinə qarşı çıxsalar da, bunun bir nəticəsi olmamışdı. Şübhəsiz, həmin proses Azərbaycanda "proletkult" mədəniyyətin yaradılması siyasətinin tam gücü ilə həyata keçirilməsinə imkan verməmişdi.
BDU-da güclü elmi kadrların cəmləşməsi və xalqını, millətini düşünən, bütün təzyiqlərə baxmayaraq, milli şüurun hələ də yüksək olması hökumət dairələrini ciddi narahat etmişdi. 1930-cu ildə universitetin bağlanmasında bu amilin də güclü rolu olmuşdu.
1934-cü ildə BDU öz fəaliyyətini bərpa etdikdən sonra yenə də respublikada elm və maarifin əsas mərkəzlərindən birinə çevrilmişdi. Bu ali təhsil ocağının müəllim və tələbələrinin bir qrupu, dövrün bütün çətinliklərinə baxmayaraq, şəraitə uyğun formada milli ideologiyanın əsas daşıyıcıları olmuşlar. 1936-cı ildə SSRİ Konstitusiyası qəbul edilmişdi. Orada vurğulanmışdı ki, artıq Sovet İttifaqında sosializm tam qələbə çalmışdır. Buna görə də sovetlər imperiyasında yaşayan xalqlar bir-birinə yaxınlaşıb qovuşmalıdırlar.
Sovet Konstitusiyasına uyğun şəkildə 1937-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilmişdi. Bu sənədə əsasən, xalqımızın adı da repressiyaya məruz qalmışdı. Beləliklə, bütün sahələrdə olduğu kimi, elm və təhsil, mənəviyyat və mədəniyyət sahəsində də yeni bir dövr başlanmışdı. Milli düşüncə, milli mənlik şüuru, bir sözlə, milliliyi xatırladan və onu düşüncələrdən qoparmağa imkan verməyən ən kiçik amilin belə məhv edilməsi istiqamətində məqsədyönlü siyasət aparılmağa başlanmışdı. Bu siyasətin həyata keçirilməsi sahəsində görülən işlərdən biri də Azərbaycanda rus dilinin tətbiqinin genişləndirilməsi və ana dilinin sıxışdırılaraq aradan çıxarılması cəhdləri olmuşdu.
AK(b)P MK-nın bürosunda bu məsələ müzakirə edilərkən qərara alınmışdı ki, BDU-da dərslər yalnız rusca aparılsın və bunu reallaşdırmaq üçün universitetin rəhbərliyinə də müvafiq göstəriş verilmişdi. Lakin universitetin milli ruhlu müəllim və tələbələri zamanın imkan verdiyi şərtlər daxilində öz etirazlarını müxtəlif formada bildirmişdilər. BDU-da, xüsusən gənclər arasında narazırlıq hökumət dairələrini də narahat etməyə başlamışdı. Bu baxımdan 7 yanvar 1937-ci ildə həbs edilib sonra güllələnən BDU-nun rektoru professor B.Həsənbəyovun 5 aprel 1937-ci ildəki istintaqı olduqca maraqlıdır. Müstəntiq rektora sual verir:
"- İstintaqa məlumdur ki, siz ADU-nun tələbələri arasında millətçi əhvali-ruhiyyəni qızışdırmaq məqsədilə tədrisin yalnız rus dilində aparılması xəttini aparmısınız. Bunu boynunuza alırsınızmı?
Cavab: - Mən bu sualı düzgün hesab etmirəm. ADU-da fənlərin yalnız rus dilində tədris olunması ilə bağlı məsələ AK(b)P MK-nın bürosunda müzakirə olunmuş və bu barədə oradan müvafiq göstəriş almışdım".
Maraqlıdır, tədrisi əsasən yerli dildə, o zamanlar deyildiyi kimi, türk dilində aparmaq istəyənlərə, məsələn, 1926-1929-cu illərdə BDU-nun rektoru olmuş T.Şahbaziyə əksinqilabi-millətçi, rus dilində aparmaq istəyənlərə isə millətçiliyi qızışdırmaq ittihamı vermişdilər.
Düşündürücü cəhət həm də odur ki, hər iki halda göstəriş Kommunist Partiyası və hökumətdən gəlmişdi. Bununla belə, qərarı verənlər yox, icraçılar cəzalandırılmışdı. Qeyd edim ki, azərbaycanlı tələbələr tədrisin, iclasların və digər kütləvi tədbirlərin yalnız rus dilində aparılmasına daha açıq etiraz bildirmişdilər. Məsələn, universitetin rektoru, professor B.Həsənbəyov BDU-da keçirilən iclasların birində rus dilində çıxış edərkən tələbələr yerdən həm yazılı, həm də şifahi şəkildə bildirmişdilər ki, rus dilində çıxışın mahiyyəti haqqında Azərbaycan dilində də məlumat verilsin. Rektor isə bundan bərk əsəbiləşərək "Sizə ayıb olsun ki, məsələnin azərbaycancaya tərcümə olunmasını deyirsiniz. Hələ bir özünüzü ADU-nun tələbəsi də adlandırırsınız", - deyə cavab vermişdi.
BDU-nun tələbələri universitetin kitabxanasında azərbaycanca dərslik və müvafiq ədəbiyyatların olmamasına da etirazlarını bildirmişdilər. Narazılığın daha da böyüməməsi üçün rektor hətta yaxın dostu və universitetə vəzifəyə təyin olunduqdan sonra özü tərəfindən əsaslı kitabxanaya müdir qoyulan A.Məmmədovu işdən azad etməyə də məcbur olmuşdu.
B.Həsənbəyov ali təhsil ocağında Azərbaycan dilində tədris vəsaitlərinin az olması və mühazirələrin ancaq rus dilində aparılması ilə bağlı narazılığın qarşısının alınmasına cəhd göstərdiyini, lakin buna tam nail ola bilmədiyini də müstəntiqə etiraf etmişdi. "Mən ADU-da 1935-ci ilin yanvarından - tədris ilinin yarısından işləməyə başlamışam. Hələ mənə qədər qoyulan qaydaya görə, bütün mühazirələr rus dilində oxunurdu. Onda bu, rus dilini bilməyən azərbaycanlı tələbələr arasında narazılıq doğururdu... Həqiqətən də, mən bu qaydanı dəyişdirmədim. Hərçənd başa düşürdüm ki, bu, tələbələr arasında narazılıq yaradır. Ona görə 1935-1936-cı tədris ilindən bu qayda dəyişdirildi və mühazirələr həm rus, həm də Azərbaycan dillərində keçilməyə başlandı. Mən təsdiq edirəm ki, ciddi siyasi səhvə yol vermişəm. Vaxtında Azərbaycan dilində mühazirələr oxunmasını təşkil etməmişəm".
Azərbaycan xalqı, o cümlədən BDU 1930-cu illər repressiyasında ağır itkilərə məruz qalmışdır. Repressiya nəticəsində xalqımız millətin ən ağıllı, parlaq simalarından, intellektual potensialından məhrum edilmişdi. Əslində, bu həm də millətin onillərlə formalaşan genefondunun məhv edilməsi, nəsillər arasında əlaqələrin kəsilməsi demək idi. Etiraf olunmalıdır ki, xalqın milli şüurunun oyanışında BDU-nun professor-müəllim heyətinin, eyni zamanda tələbələrinin mühüm rolu olmuşdur. 1940-cı ilin əvvəllərində 1937-ci ilin dəhşətli qırmızı terrorundan o qədər də çox vaxt keçməmişdi. Amma buna baxmayaraq, BDU-nun tələbələri mövcud quruluşa qarşı mübarizə məqsədilə qüvvələrin birləşdirilməsinə, təşkilatlanmasına başlamışdılar. Bu məqsədlə gizli antisovet, milli azadlıq uğrunda qruplar yaratmışdılar. "Hələ 1941-ci ilin yazında sovet quruluşuna, Kommunist Partiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmaq, müstəqil dövlət yaratmaq məqsədilə vətənpərvər qüvvələri birləşdirmək üçün tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet millətçi qrup fəaliyyətə başlamışdı. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi".
BDU-nun tələbələri 1943-cü ildə gizli fəaliyyət göstərən "İldırım" təşkilatı yaratmışdılar. Filologiya fakültəsinin tələbəsi Gülhüseyn Abdullayevin (Hüseyn oğlu) təşəbbüsü ilə yaradılmış bu təşkilat sovet hökumətinin, Kommunist Partiyasının milli siyasətini, Azərbaycan dilinin sıxışdırılmasını ciddi tənqid edir, geniş təbliğat üçün imkan və vasitələr axtarırdı. Lakin bu gənclər sonralar təkcə öz qüvvələri ilə məqsədlərinə çatmağın mümkün olmadığı qənaətinə gəlib taktikalarını dəyişdilər. "Gizli fəaliyyət göstərən "İldırım" təşkilatının üzvü olan bir qrup vətənpərvər və romantik gənc Azərbaycanın azadlığa çıxması üçün xalqa onun qüvvələrini birləşdirə biləcək, güclü, tanınmış bir liderin rəhbərlik etməsini vacib bilərək Səməd Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün". Lakin o dövrdəki şərait bunu reallaşdırmağa imkan vermədiyi üçün məktub cavabsız qalmışdı.
1956-1960-cı illərdə BDU xalqın öz soykökündən uzaqlaşmaması, milli şüurun yüksəlməsi, elmi, intellektual potensialının möhkəmlənməsi sahəsində üzərinə düşən işləri və ona bəslənilən ümidləri şərəflə yerinə yetirmişdi. Azərbaycan xalqının mənliyinin, milli şüurunun və ruhunun, dilinin qorunub saxlanılması və inkişaf etdirilməsində BDU-da çox iş görülmüşdür. Ümummilli lider Heydər Əliyev BDU-nun 75 illiyinə həsr olunmuş yubileyində məhz bunu nəzərə alaraq demişdir: "Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik".
1950-ci illərin ikinci yarısında respublikada Azərbaycan dilinin dövlət dili olması və onun məişət dili səviyyəsinə endirilməsinin qarşısını almaq üçün aparılan mübarizədə BDU-nun müəllim və tələbələri də kənarda qalmamışdılar. "N.Hikmət ADU-da olur, Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşür. Birdən rəyasət heyətinə Nazim Hikmətə ünvanlanmış təxminən belə məzmunlu bir məktub gəlir ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə və Azərbaycan dilində danışmırsa, onu necə adlandırmaq olar? N.Hikmət bu məktubu oxumur və ona cavab vermir. M.İbrahimov həmin dəqiqədə bu məktubu oxuyur və deyir: "Belə adamı əclaf adlandırmaq olar".
1957-ci il dekabrın 12-də BDU-nun yetirmələri sonralar respublikanın qabaqcıl ziyalıları olmuş Xudu Məmmədov, xeyli müddət BDU-da müəllim işləmiş Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, O.Eldəgəz və başqaları (onların içərisində vəzifəli şəxslər də var idi) birləşib gizli "Milli Azadlıq Qərargahı" təşkil etmişdilər.
1964-cü ildə A.Mikoyan SSRİ Ali Sovetinin sədri kimi Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi üçün Xruşşova təsir göstərməyə növbəti cəhd etmişdi. Bu məsələnin baş tutmamasında Azərbaycan ziyalılarının, xüsusən BDU-nun müəllimi professor Abbas Zamanovun apardığı fəal işin də böyük əhəmiyyəti olmuşdu. Təqib və təzyiqlərə baxmayaraq, bu dəyərli alim 1960-1970-ci illərdə milli şüurun oyanmasında yorulmadan çalışmışdır. Ümumiyyətlə, yeni nəşr olunan ədəbiyyatların və üzə çıxarılan arxiv materiallarının müqayisəli təhlili göstərir ki, həmin dövrdə Azərbaycanda milli azadlıq uğrunda yeni mübariz nəsil yetişməkdə idi. Bu cəhətdən BDU xüsusilə fərqlənmişdi.
Ötən əsrin 60-cı illərində gizli təşkilatlar yaratmaq meyli xeyli güclənmişdi. Bu dövrdə yaranan "Milli Azərbaycan Partiyası - Səadət" ziyalılar, gənclər, tələbələr arasında ehtiyatlı, fəal təbliğat işi aparmışdı. Bu illərdə milli oyanışın artması göstərdi ki, sovet işğal rejiminin bütün cəhdlərinə baxmayaraq, imperiya xalqımızın azadlıq istəyini, ideallarını məhv edə bilməmişdir. Bu ideyalar vətənpərvər şair və yazıçılarımızın, ləyaqətli alimlərimizin, o cümlədən BDU alimlərinin əsərlərində yaşamış və əks olunmuşdur. Azərbaycan milli şüurunun oyanmasında və milli ruhun inkişafında SSRİ-nin türk respublikaları içərisində ilk dəfə Bakıda 1969-cu ildə yaradılmış BDU-nun Türkologiya kafedrasının da mühüm rolu olmuşdur. Bu işdə 15 ilə yaxın kafedraya rəhbərlik etmiş professor Fərhad Zeynalovun və sonrakı illərdə professor T.Hacıyevin xidmətləri xüsusi qeyd edilməlidir.
1966-cı ildə BDU-nun o dövrdə gənc müəllimi olan S.Əliyarov Kirovabadın adının dəyişdirilməsi ilə bağlı cəsarətli bir məqalə yazmışdı. Bu məqalə "Ədəbiyyat qəzeti"ndə 8 yanvar 1966-cı ildə çap edilmişdi. Qeyd edək ki, bu yazını redaktorun xəbəri olmadan, redaksiya heyətində müzakirə edilmədən çapında qəzetin o dövrdəki məsul katibi, mərhum yazıçı Əlfi Qasımov əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi. Məqaləyə görə o, işdən uzaqlaşdırılsa da, bu gün biz onu minnətdarlıqla xatırlayırıq. Geniş ictimai rezonans doğurmuş bu məqaləyə görə redaksiyaya yüzlərlə oxucu məktubu göndərilmişdi. Görkəmli alimlərdən Qasım Qasımzadə, Kamran Məmmədov, Tofiq Sultanov və Qulu Xəlilov birgə yazdıqları məqalədə S.Əliyarovun mövqeyini müdafiə etmişdilər. Xarici ölkələrdə, o cümlədən Türkiyədə bu məqaləyə münasibət bildirilmişdi.
Məlumdur ki, Azərbaycanın Rusiyaya "könüllü birləşmə"sinin şərəfinə 1964-cü ildə respublikaya "Lenin" ordeni verilmişdi. Könüllü boyunduruq, könüllü əsarət və mədəniləşdiricilik. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı konsepsiyasına rəsmi dövlət baxışları məhz belə idi və tarixçilərimizin də böyük əksəriyyəti həmin hökumət konsepsiyasını müdafiə etmişdi. Xoşbəxtlikdən o dövrdə istisnalar da var idi. BDU-nun əməkdaşı bu istisnanı yaradan alimlərdən biri idi.
1969-cu illərin sonunda S.Əliyarlının "Quzey Azərbaycanın Rusiya ilə birləşdirilməsi və iqtisadi vəziyyət" adlı doktorluq dissertasiyasında (qeyd edək ki, bu işin müdafiəsinə imkan verilməmişdi) SSRİ-dəki rəsmi konsepsiyanın - Azərbaycanın Rusiyaya könüllü birləşməsi, bunun yalnız və mütləq mütərəqqi tarixi hadisə olması haqqındakı fikirlərin əksinə olaraq Rusiyanın torpaqlarımızı milli qırğın hesabına, hərbi müdaxilə yolu ilə işğal etməsini, Rusiyanın müstəmləkəçi dövlət olmasını arxiv materialları, sənədlərlə əsaslandırması mühüm hadisə olmuşdu. Şübhəsiz, tarixşünaslığımızda prinsipcə yeni olan bu elmi nəticə "partiyalılıq prinsiplərindən kənara çıxdığı" üçün çoxsaylı tənqidlərə məruz qaldı. Ancaq bu yeni elmi nəticə Azərbaycanın görkəmli alimləri - B.Vahabzadə, Z.Bünyadov, M.İsmayılov və digərləri tərəfindən müdafiə edildi. Sonralar 1994-cü ildə BDU-nun 75 illik yubileyində bu konsepsiyanın doğru olduğunu ümummilli lider Heydər Əliyev də təsdiq edərək demişdir: "1968-ci ildə mən respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri idim. Universitetdə bir neçə alim Azərbaycanın tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, ya da məcburi girmişdir... O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidir, dövlət mövqeyindən kənar fikirlərlə yaşayırlar və s. Bundan ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar. Ancaq mən bilirəm ki, o adamların hamısı indi də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşdur".
Yazdığı elmi əsərlərdə, mətbuat və televiziyadakı çıxışlarında əsl vətəndaş mövqeyi nümayiş etdirən alimlərdən biri də professor Şirməmməd Hüseynov olmuşdur. Ötən əsrin 80-ci illərinin ortalarında sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranlı vəziyyətin yaranması ilə onun çökmə prosesi yeni mərhələyə daxil olmuşdu.
Sovet ideoloji aparatı işğal nəticəsində tabe etdiyi xalqlarda özünü müstəqil idarə edə bilməmək, təsərrüfat qurmaq qabiliyyətinə inamsızlıq hissləri aşılamaqla yanaşı, çox məkrli, o cümlədən millətlərarası münaqişələr də törətmişdi. Daxili və xarici vəziyyətin belə mürəkkəb bir zamanında Azərbaycanda milli azadlıq hərəkatı başlamışdı.
Fəxrlə demək olar ki, milli azadlıq, müstəqillik, demokratiya ideyalarının yaşadılıb yayıldığı ən başlıca mərkəzlərdən biri Bakı Dövlət Universiteti olmuşdur. Ümummilli lider Heydər Əliyevin haqlı olaraq xalqın "milli sərvəti" adlandırdığı BDU-nun müəllim və tələbə kollektivi bu hərəkatın başlanması, gedişi və uğurla başa çatması prosesində həmişə ön sırada durmuşdu. Sovet işğal sistemindən qurtulmaq, "İstiqlal Bəyannaməsi"nin hazırlanması kimi qürurverici sənədlərdə də təhsil ocağının yetirmələrinin və əməkdaşlarının imzaları öndə idi.
Xalqımızın ictimai-siyasi həyatında, milli oyanışında misilsiz rol oynayan, BDU-nun tarix fakültəsinin məzunu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. BDU-nun xalqımızın tarixi taleyindəki yerini uzaqgörən dövlət xadimi kimi aydın dərk etdiyi üçün bu elm və tədris mərkəzindən öz qayğısını heç vaxt əsirgəməmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir. Azərbaycanın dövlət siyasətində təhsili prioritet məsələ hesab edən ölkə rəhbəri BDU-nun yeni korpusunun açılışında demişdir: "BDU Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə BDU-nun xüsusi çəkisi vardır".
Beləliklə, qətiyyətlə söyləyə bilərik ki, Bakı Dövlət Universiteti Azərbaycan tarixi və ədəbiyyatının ən mürəkkəb məsələlərinin araşdırılmasında, ana dilinin qorunmasında, milli mənlik şüurunun formalaşıb inkişaf etməsində, demokratik ideyaların yayılmasında, müstəmləkəçi xarakter daşıyan sovet ideologiyası və rejiminə qarşı mübarizədə, milli azadlıq hərəkatının başlanması, gedişi və uğurla başa çatmasında, dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmlənməsində misilsiz rol oynamışdır.
Sani HACIYEV,
tarix elmləri doktoru, professor
Boran ƏZİZ,
tarix elmləri namizədi, dosent
Azərbaycan.- 2009.- 27 sentyabr.- S.
4.