Kələzağ ərazisi qorunmalıdır

 

XIV-XVIII əsrlərə aid arxeoloji tədqiqatlara və memarlıq nümunələrinə əsasən, Abşeronda Kələzağ adlı qədim kənd olmuşdur. Digər tarixi fakta əsasən belə qənaətə gəlmək olar ki, vaxtilə Kələzağ adlı qışlaq sahəsi Abşeronda Suraxanı kənd əhalisinə məxsus idi. XIX əsrin 30-cu illərinə aid edilən arxiv sənədlərində Suraxanı əhalisinin qışlaqları içərisində Kələzağda 50 xalvarlıq əkin sahəsi olduğu göstərilir.

Tədqiqatçıların fikrincə, Kələzağ yaşayış ərazisi IV minilliyə aid edilərək qədim tarixə malikdir. Bakı kəndləri içərisində Kələzağın iqtisadi inkişafı isə XVI əsrdə baş vermişdir. Burada daşları qalaqlanan məscidin XV və ya XVII əsrlərə aid edilməsini Şirvanşahlar saray kompleksinə uyğun memarlıq elementlərinə oxşarlığı ilə xarakterizə etmək olar. Tarixi faktlara əsasən, XVII əsrdə I Pyotrun əmri ilə rus işğalçıları ilk dəfə Abşeronun şərqinə, yəni, Kələzağ-Dübəndi yaxınlığına gəmilərlə gələrək dəniz sahilinə çıxıblar. XX əsrin 40-50-ci illərinə qədər Kələzağ ərazisində əhali yaşasa da, sonradan sakinlər, ərazi baxımsız qaldığına görə, buranı tərk etmişlər. XX əsrin 50-60-cı illərində isə xarabazarlığa çevrilən Kələzağ ərazisi sovet ordusunda xidmət edən rus əsgərlərinin hərbi poliqonuna çevrildi.

1990-cı ildə tanınmış memar-alim Şamil Fətullayev Kələzağ abidəsi ilə yaxından tanış olmuşdur. Şamil Fətullayevin fikrincə, Kələzağda XVI-XVII əsrlərə aid edilən məscid binası Abşeronda ən qədim tikililərdən biridir.

Kələzağ ərazisində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron üzrə elmi ekspedisiyasının rəhbəri İdris Əliyevin başçılığı ilə arxeoloji qazıntı işlərinə başlanılıb.

Ekspedisiyanın rəhbəri İdris Əliyev bildirdi ki, Abşeronun Türkan-Hövsan, eləcə də Kələzağ ərazilərində arxeoloji tədqiqatlar aparılır. Bu ərazilərdə qazıntılar zamanı qədim yaşayış yerləri aşkar olunub. Türkan-Hövsan sahəsində qazıntılar zamanı erkən tunc dövrünə aid edilən, yəni, daşdan və sümükdən hazırlanan əmək alətləri, daşla hasara alınmış yaşayış yeri, saxsı və keramikadan hazırlanan qablar tapılmışdır. Bu tapıntılar, əsasən, Abşerona xas olan maddi-mədəniyyət nümunələridir. Həmçinin, ərazidən dördkünc və dairəvi evlər aşkar edilərək torpağın altından çıxarılıb. Daşlar üzərində insan, heyvan şəkilləri, təqvimə oxşar nöqtələr də təsvir olunub. Eyni zamanda, saxsı küp içərisindən aşkar edilən duz qalığı qiymətli tapıntı hesab oluna bilər. Məhz bu tapıntı sübutdur ki, Abşeronda yaşayan əhali hələ erkən tunc dövründə duzdan geniş istifadə etmişdir.

Abşeronun Dübəndi ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan yaşayış yerində ərazinin şimal tərəfinin hündür və iri daşlarla hörgülənməsi, hasara alınması diqqəti cəlb edir. Bir hektar sahəni əhatə edən qədim abidənin yaxınlığında vaxtilə araba yolu və qədim kurqanlar mövcud olub. Digər arxeoloji qazıntı işlərinə Kələzağ ərazisində başlanılıb. Əvvəllər qışlaq kimi tanınan ərazi 10 hektardan çox sahəni əhatə edir. Kələzağ ərazisində yeraltı mağaralar, təsərrüfat və yaşayış evlərinin qalıqları, xırman yerləri, daş üzərində üzüm emal etmək üçün xüsusi daş hovuzlar, atı bağlamaq üçün oyuqlar və XV əsrə aid qədim məqbərə aşkar olunub. Artıq ərazinin daxili və xarici hissələri torpaqdan azad edilmişdir. Məqbərədən 6 qəbir aşkar edilib.

Söhbət zamanı öyrəndik ki, artıq qəbirlərdən 2-si tədqiq olunub. Belə ki, qəbirlərdən biri 35-40 yaşlı qadına məxsusdur. Onun üzərində tuncdan hazırlanan 2 sancaq da tapılıb. Hətta qadının baş və ayaq hissəsində xanımlarımızın boya kimi istifadə etdiyi xınanın izləri müşahidə olunur. İkinci qəbir isə 40-45 yaşlı kişiyə məxsusdur. Kişinin boyu təxminən 1 m 80 sm və ya 1 m 90 sm olmaqla, həm də iri qaməti ilə diqqəti cəlb edir. Qəbirlərdən taxta qalığı, mıxlar da tapılb. Bu da orta əsrlərdə insanların islam adətinə uyğun dəfn olunduğunu göstərir.

Hazırda Kələzağ xarabalıqları kimi tanınan ərazi nəzarətsiz vəziyyətdədir. Tarixi abidə Şüvəlan qəsəbəsindəki daş karxanasına yaxındır. Abidəyə baxış keçirərkən məlum oldu ki, Kələzağ ərazisində torpaqayırma və tikinti işləri aparıla bilər. Bu da abidənin kompleks şəklində elmi cəhətdən öyrənilməsinə ciddi zərbədir. Yaxın zamanda aidiyyəti idarələr Kələzağ ərazisinin qorunması ilə bağlı tədbir görməsə, tarixi abidə məhv ola bilər. Xatırlatmaq istərdim ki, Kələzağ ərazisinin coğrafi relyefi, mülayim iqlimi, yaşıllığa qərq olması gələcəkdə bu məkanda turizmin inkişafına da böyük töhfə ola bilər.

 

 

Təranə CƏBİYEVA,

tarixçi

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 7.