Şumerlər həyatda
xeyir və şər, işıqlı və qaranlıq
qüvvələrin varlığına inanırdılar. Şər
və qara qüvvələrdən qorunmaq ehtiyacı da
onların varlığına inamdan yaranmışdır. Görünür,
şumerlər şər və qara qüvvələrin,
onlardakı gözə görünməyən pis ruhların
nədən qorxduqlarını yaxşı bilirdilər. Biz bu
kosmoqonik düşüncələri heykəltəraşlıq
abidələrində də görürük. Bu abidələr
arxeoloji qazıntılar zamanı tapılmışdır. Onların arasında şir,
buğa, qoç, qartal və s. heykəllər çoxluq təşkil
edir. Bu da təsadüfi deyil. Şumer kosmoqoniyasında
buğa, şir, qoç və s. göy mənşəli
heyvanlar sayılmışdır. Bu heyvanlar yerə göydən
gətirilmişdir. Göydəki on iki bürcdən birinin
Buğa, digərinin Şir, üçüncüsünün
Qoç adlandırılması da həmin heyvanların
göy mənşəli olmaları ilə bağlıdır.
Bürclərə bu adları tanrılar vermişlər. Biz
buğanın göydən gətirilməyi səhnəsi ilə
"Bilqamıs və göyün buğası"
dastanından tanışıq. Maraqlıdır ki, həmin
buğa məhz göyün buğası, yaxud Anın
buğası adlandırılmışdır.
Şumerlər tikdikləri
ev və sarayların qapısının ağzında buğa
heykəlləri qoyurdular. Onlar düşünürdülər ki, heykəllər
pis, qorxulu ruhların, qara və şər qüvvələrin
saraylara girmələrinin qarşısını alır.
Saraya, yaxud evə girmək istəyən pis ruhlar
qapının ağzında qoyulmuş heykəlləri
görüb qorxudan geri qayıdırdılar.
Buğa heykəlləri
Şumerin əksər şəhərlərindən
tapılmışdır. Onların çoxu gəcdən
hazırlanmışdır. Bəzilərinin
hündürlüyü 3 metrdən də çoxdur.
Bu heykəllərin əksəriyyəti
qanadlıdır. Digər tərəfdən, buğa heykəllərində
qəribə bir üslub da müşahidə olunur. Onların
çoxu buğa bədənində insan başı ilə səciyyələnir.
Buğa heykəllərindəki qanad və insan başı mənasız
deyildir, başqa sözlə, heykəllərin bütün mənası
bundadır. Şumer heykəltəraşı burada əsl
müdriklik göstərmiş, qeyri-adi sənət əsərləri
yaratmışdır. Heykəltəraş
hazırladığı heykələ qanad qoymaqla
buğanın göy mənşəli olduğu, göydən
gətirilməsi fikrini çatdırmışdır.
Buğa bədəni ilə insan başının sintezləşdirilməsi
isə ağılla gücün birliyini ifadə edir. Şumer
heykəltəraşı bununla demək istəmişdir ki, təkcə
ağılla və fiziki güclə qələbə qazanmaq
olmaz. Qələbə o yerdə qazanılır ki,
ağılla güc bir-biri ilə qırılmaz şəkildə
birləşir. İnsan başlı buğa və şir heykəlləri
bu birliyin əyani nümunəsidir.
İngilis arxeoloqu L.Vulli
Ur şəhərindəki arxeoloji qazıntılar zamanı
çar ailəsinin qəbrindən Abarginin arvadı
Subadın arfasını tapmışdır. Arfanın baş tərəfinə
gözəl işlənmiş buğa başı bərkidilmişdir.
Arfaya bərkidilmiş buğa başına təkcə bəzək
elementi kimi baxmaq doğru deyil. Onun həm də qoruyucu
funksiyası olmuşdur. Buğa başı Subadın
özünü və arfasını pis ruhlardan, gözdən
və bədnəzərdən qorumuşdur. Bu inam Azərbaycanda
indi də var. Xüsusilə kənd yerlərində evlərin
qapısının və pəncərəsinin üstünə
buğa və qoç buynuzları bərkidirlər ki, pis
ruhlar evə girməsin. Deməli, heyvan başının,
xüsusilə onun buynuzlarının qoruyucu gücünə
inam şumerlərdən dövrümüzə qədər gəlib
çatmışdır.
Şumerdə
tapılmış şir heykəlləri də sayca
çoxluq təşkil edir. Onların arasında realist üslubda işlənmiş
heykəllər azdır. Bağdad muzeyində saxlanan bir heykəl
buna yaxşı nümunədir. Şir heykəllərinin
böyük əksəriyyəti həm qanadlı, həm də
insan başlıdır. Qanad buğada olduğu kimi, şirin də
göy mənşəliliyinin göstəricisidir. Şir heykəllərinin
hündürlüyü də maraq doğurur. Onlardan bəzilərinin
hündürlüyü 3 metrə çatır.
Qoruyucu ruh sayılan
şir heykəlləri ən çox sarayların və evlərin
giriş qapılarında qoyulmuşdur. Aşşurbanipalın sarayının
həm dəhlizə girişində, həm də birinci
qapısında qoyulmuş şir heykəllərinin yalnız
qoruyucu funksiya daşıdığına heç bir
şübhə yoxdur. Bu heykəllər girişin və dəhlizin
sağında və solunda sıra ilə
düzülmüşdür. Hamısı qanadlı və
insanbaşlıdır. Hətta bəziləri beşayaqlıdır.
Onlar elə qoyulmuşdur ki, saraya və evə girən adamlar
mütləq bu heykəllərlə üz-üzə gəlirlər.
Bu zaman insanlardakı pis ruhlar oradan qaçır, göz, nəzər,
nəfs və s. öz mənfi təsir gücünü
itirir. Saraya girən adam, bir növ, bütün bu şeylərdən
təmizlənmiş olur. Şumerlər, həmçinin, pəncərələrin
üstünə də şir başları qoyurdular ki, pis
ruhlar oradan evə girməsinlər.
Qoruyucu ruhlardan
danışarkən bir fakta da diqqət yetirmək
lazımdır - bütün heykəllər buğaya və
erkək şirə aiddir. Bu o deməkdir ki, inək və dişi şir qoruyucu ruh
sayılmamışdır.
Ümumiyyətlə,
şumerlərdə belə bir inam olmuşdur ki, qoruyuculuq
funksiyası canlıların yalnız erkəklərinə
aiddir. Burada çox
güclü bir məntiq var. Dişi heyvan həm qarnında
bala gəzdirir. Onun özünü və balasını
qoruyan lazımdır. Qoruyucu ruhların seçilməsində
mühüm məsələlərdən biri də
heyvanların tanrılarla ilişgili olmasıdır. Göy mənşəli
olsa belə, şumerlər heyvanı qoruyucu hesab etmirdilər.
Elə heyvanlar var ki, onlar da göy mənşəli hesab
edilirdi, ancaq bir dənə də heykəli yoxdur. Bəs, bu nə
ilə bağlı olmuşdur? Qoruyucu heykəllərin
tanrılarla bağlılığı məhz burada üzə
çıxır. Şumer mətnlərində deyilir ki,
Enlilin ləqəbi Buğa olmuşdur. Xıdırın
(Mardukun) ləqəbi isə Qoçdur. Buğa bürcü
Enlilin, Şir bürcü Ningirsunun, Qoç bürcü
Xıdırın şərəfinə
adlandırılmışdır. Onda belə nəticəyə
gəlmək olar ki, şumer heykəltəraşları
qanadlı və insan başlı buğa heykəlində
Enlili, qanadlı və insan başlı şir heykəlində
Ningirsunu, qanadlı və insan başlı qoç heykəlində
Xıdırı nəzərdə tutmuşlar. Deməli, bu
heykəllərdə Tanrı, insan və heyvan obrazları
sintezləşdirilmişdir.
Bakının qədim
binalarının qapılarında şir heykəlləri, pəncərələrinin
üstündə şir və insan başları var. Bunların
da qoruyucu ruhlar olduğuna heç bir şübhə yoxdur. Bu
cür mədəniyyət oxşarlıqları, hətta bir
çox eyniliklər Şumer-türk etnogenetik
bağlılığını təsdiqləyən dil,
yazı, epik-lirik, sosial-fəlsəfi düşüncə,
digər mənəvi və maddi mədəniyyət abidələri
ilə birlikdə çox böyük elmi dəyərə
malikdir.
İslam SADIQ,
filologiya elmləri namizədi
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 7.