Mövsümə yeni tamaşa ilə başlandı

 

Salyan Dövlət Kukla Teatrında yeni mövsümün açılışı olub. Bununla bağlı keçirilən tədbirdə çıxış edən teatrın direktoru Yavər Cəbrayılov qeyd edib ki, 2009-cu ildə bu uşaq mədəniyyət ocağının özfəaliyyət kimi fəaliyyətə başlamasının 35, dövlət statusu almasının 15 ili tamam olur. O, Cənub və Şirvan regionlarında yeganə uşaq teatrıdır. Kollektiv rayon tamaşaçılarına xidmət göstərməklə yanaşı, mütəmadi olaraq kəndlərdə və qonşu rayonlarda da çıxışlar edir.

Yeni mövsüm Rafiq Mirzənin xalq nağılı əsasında hazırladığı "Hiyləgər tülkü və xoruz" tamaşası ilə açıldı. Tamaşanın quruluşçu rejissoru müəllifin özü, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür Mehdiyevdir. Kuklaları Mədinə Ramazanova, Rauf Həsənov, Leyla Vəliyeva, Maytab Gözəlova, Qalib Məlikov, Əlizamin Həsənli və başqaları canlandırıblar.

 

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 7.