Sentyabrın 28-də
Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında -
"Kotroçen" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəsmi
qarşılanma mərasimi olmuşdur.
Rumıniyanın və
Azərbaycanın dövlət bayraqlarının
dalğalandığı meydanda dövlətimizin
başçısının şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti
Trayan Besesku və xanımı Mariya Besesku Azərbaycan
Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı
sarayın önündə səmimiyyətlə
qarşıladılar.
Fəxri qarovul dəstəsinin
rəisi Azərbaycan Prezidenti İlham Əliyevə
raport verdi.
Hərbi orkestrin
ifasında Azərbaycanın və Rumıniyanın dövlət
himnləri səsləndi.
Dövlət
başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Prezident İlham Əliyev
rumın əsgərlərini salamladı.
Rumıniyanın
dövlət və hökumət nümayəndələri Azərbaycan
Prezidentinə, ölkəmizin nümayəndə heyətinin
üzvləri Rumıniya Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi
hərbi marşın sədaları altında dövlət
başçılarının qarşısından
keçdi.
Prezidentlər rəsmi
foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 1.