Geniş tərkibdə görüş

 

Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü başa çatdıqdan sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Rumıniya Prezidenti Trayan BESESKU dövlətimizin başçısını salamlayaraq dedi:

- Cənab Prezident, əvvəlcə mənim dəvətimi qəbul etdiyinizə və ölkəmizə rəsmi səfərə gəldiyinizə görə Sizə və nümayəndə heyətinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, bu günə qədər iki ölkənin hökumətləri çox yaxşı iş aparmışdır və bundan məmnunam. Bunun nəticəsində ölkələrimiz arasında bu gün bir neçə vacib sənəd imzalanacaqdır. Mən Sizə, Sizin həyat yoldaşınıza və nümayəndə heyətinizə bir daha ölkəmizə "Xoş gəlmisiniz!" deyirəm.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə təşəkkür edərək dedi:

- Çox sağ olun, cənab Prezident. İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Mən çox şadam ki, yenidən Sizin gözəl ölkənizdəyəm və bu gün imzalanacaq sənədlər ikitərəfli münasibətlərimizin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. Mən çox şadam ki, Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, yüksək səviyyədədir və gələcək inkişaf üçün də çox gözəl imkanlar vardır. Onu da qeyd etmək istəyirəm ki, mən son 4-5 ildə beşinci dəfədir ki, Rumıniyadayam və bu, özlüyündə çox gözəl göstəricidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 2.