Sentyabrın 28-də
Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin və
Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin
imzalanması mərasimi başa çatdıqdan sonra dövlət
başçılarının birgə mətbuat konfransı
olmuşdur.
Prezidentlər əvvəlcə
bəyanatla çıxış etdilər.
Rumıniya Prezidenti
Trayan Beseskunun bəyanatı
- Əvvəlcə sizin
hamınızı salamlamaq istəyirəm. Mən hörmətli cənab Prezident Əliyevə,
onun xanımına və onları müşayiət edən
nümayəndə heyətinə ölkəmizə səfər
etdiklərinə görə öz minnətdarlığımı
bildirmək istəyirəm. Mən, eyni zamanda, cənab
Prezidentə minnətdaram ki, dəvətimi qəbul edib
ölkəmizə rəsmi səfərə gəlmişdir.
Mən hesab edirəm ki,
cənab Prezidentin budəfəki səfəri bizim dörd ildən
çox müddət ərzində gördüyümüz
böyük işlərin bir növ
yekunlaşdırıcı səfəridir. Eyni zamanda, qeyd etmək istəyirəm
ki, son illər ərzində ölkələrimiz arasında
prezidentlər və hökumətlər səviyyəsində
görülmüş bir çox işlər Azərbaycan ilə
Rumıniya arasında ikitərəfli əlaqələrin daha
da möhkəmləndirilməsinə xidmət etmişdir.
Bu gün biz çox
vacib bir sənədi imzaladıq. Bu, strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannamədir.
Bundan əlavə, hökumətlər arasında digər
mühüm sazişlər imzalandı. Bu sazişlər bizim
siyasi dialoqumuza, həmçinin enerji sahəsində əməkdaşlığımıza,
iqtisadi sahədə işbirliyimizə, sərmayə
qoyuluşuna, təhlükəsizliklə bağlı əməkdaşlığımıza
və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı yardıma aiddir. Bizim enerji sahəsindəki
əməkdaşlığımız təkcə Nabukko layihəsinin
həyata keçirilməsi istiqamətində atılan
addımlarla məhdudlaşmır. Biz, eyni zamanda,
Rumıniyanın Konstansa limanında maye qaz terminalının
yaradılması ilə də bağlı bir çox
işbirliyi qurmuşuq və əməkdaşlıq edirik.
Eyni zamanda,
biz regional məsələlərə də toxunduq. Biz regionda dondurulmuş
münaqişələr, xüsusən də, Dağlıq
Qarabağ münaqişəsi məsələsini nəzərdən
keçirdik. Biz bir daha bildirmək istəyirik ki, bununla
bağlı Rumıniyanın mövqeyi dəyişməz
olaraq qalır. Rumıniya hesab edir ki, dondurulmuş
münaqişələrin həlli yalnız və yalnız
dinc yolla, mövcud beynəlxalq hüquq norma və prinsipləri
əsasında, dövlətlərin ərazi
bütövlüyünə hörmətlə yanaşma əsasında
baş tutmalıdır. Sağ olun.
Azərbaycan Prezidenti
İlham Əliyevin bəyanatı
- Hörmətli cənab
Prezident!
Hörmətli
xanımlar və cənablar!
İlk növbədə,
cənab Prezident, məni Rumıniyaya dəvət etdiyinizə
görə, mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə görə Sizə
öz təşəkkürümü bildirirəm. Rumıniya ilə Azərbaycan
arasında ikitərəfli münasibətlər çox
uğurla inkişaf edir və bu gün imzalanmış strateji
tərəfdaşlıq haqqında bəyannamə, deyə
bilərəm ki, son illər ərzində
görülmüş işlərin məntiqi nəticəsidir.
Mən əminəm ki, bu gün imzalanmış bütün
sənədlər gələcək əməkdaşlığın
uğurlu inkişafı üçün də yaxşı əsas
yaradır. İkitərəfli münasibətlərin
inkişafı üçün çox gözəl imkanlar,
çox böyük potensial vardır və biz gələcək
illərdə bu potensialdan səmərəli şəkildə
istifadə edəcəyik.
Bu gün həm təkbətək
görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin
iştirakı ilə keçirilmiş görüşdə
bütün vacib məsələlər müzakirə edildi və
gələcək əməkdaşlıq haqqında çox
vacib qərarlar qəbul edildi. Siyasi əlaqələr, qeyd etdiyim kimi, çox yüksək
səviyyədədir.
Əminəm ki, iqtisadi
sahədə yeni, gözəl layihələr icra
olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq
uğurludur və bu əməkdaşlığın gələcəyi
daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin
neft-qaz yataqları vardır və Azərbaycanın
resursları dünya və Avropa bazarlarına uğurla
çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə
beynəlxalq təcrübəyə əsaslanmış
müqavilələr imzalanarsa, gələn ildən
başlayaraq Azərbaycan qazı Avropa İttifaqının
bazarına çıxarıla bilər.
Enerji resurslarının
şaxələndirilməsi həm istehlakçılar, həm
də istehsalçılar üçün vacibdir və bizim
maraqlarımız bu işdə üst-üstə
düşür. Əminəm ki, Nabukko və digər layihələr
uğurla icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq,
eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında
imzalanmış strateji tərəfdaşlıq haqqında
Memorandumda da öz əksini tapıb və Avropa
İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə
enerji amili çox mühüm yer tutur. Mən fürsətdən
istifadə edərək, Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlərin inkişafında xüsusi
rol oynadığına görə Rumıniyaya və cənab
Prezident, şəxsən Sizə öz minnətdarlığımı
bildirmək istəyirəm.
Eyni zamanda, Siz qeyd
etdiyiniz kimi, bütün dondurulmuş münaqişələrin,
o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq
prinsiplərin rəhbər tutulması və ölkələrin
ərazi bütövlüyünə hörmətlə
yanaşılması mövqeyi çox böyük əhəmiyyətə
malikdir və buna görə mən Sizə minnətdaram. Dünyada
bütün məsələlər, o cümlədən
münaqişələr ancaq beynəlxalq hüquq normaları
əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər
bütün tərəflər beynəlxalq hüquq
normalarına riayət etsələr, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli
həll oluna bilər və Azərbaycanın işğal
olunmuş bütün torpaqları işğalçı
qüvvələrdən tezliklə təmizlənə bilər.
Cənab Prezident,
göstərdiyiniz qonaqpərvərliyə görə bir daha
Sizə minnətdaram və əminəm ki, gələcək əməkdaşlığımız
da çox uğurlu olacaqdır.
* * *
Sonra dövlət
başçıları jurnalistlərin suallarını
cavablandırdılar:
YUNİS ORUCOV (Azərbaycan
Televiziyası): Mənim sualım Rumıniya Prezidentinədir.
Cənab Prezident, Siz bu
gün azərbaycanlı həmkarınızla strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannaməni
imzaladınız. Sizcə bu sənəd ikitərəfli
münasibətlərimizə hansı töhfəni verəcək?
Bu sənədin ümumilikdə perspektivlərini nədə
görürsünüz? Təşəkkür edirəm.
TRAYAN BESESKU: Bildirmək
istəyirəm ki, bizim strateji tərədaşlıq
haqqında bu cür razılaşmamız cəmi iki ölkə
ilə vardır. Yəni, bu strateji tərəfdaşlıq
siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə
aparılır. Onlardan biri Birləşmiş Ştatlar,
ikincisi isə Fransadır. Mən bununla bağlı qeyd etmək
istəyirəm ki, bu gün cənab Prezidentlə
imzaladığımız bu bəyannamə əsasında, o
cümlədən digər mühüm razılaşmaları
nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz
iki ölkə arasında qəbul olunacaq siyasi qərarların
həyata keçirilməsi üzrə planı tərtib edəcəklər.
Bir növ, yol xəritəsi. Bu yol xəritəsinin gələcəkdə
həyata keçirilməsini təhlil etdikdən sonra biz belə
bir qənaətə gələcəyik ki, atılmış
bu addımlar uğurlu oldu, yoxsa yox?!
Mən burada həddindən
artıq nikbin sözlərlə çıxış etmək
istəməzdim. Sadəcə, deyə bilərəm ki, bu
gün Prezident Əliyevlə bizim imzaladığımız
strateji tərəfdaşlıq haqqında bu bəyannamədə
əks olunmuş müddəalar bir növ, göstərici, bələdçi
xarakteri daşıyır. Qeyd etmək istəyirəm ki, həmin
sənəddə əks olunmuş müddəalar çox
real müddəalardır və onlar hər iki ölkənin
milli maraqlarına, o cümlədən Avropa
İttifaqının maraqlarına uyğun gəlir. Hesab edirəm
ki, əgər biz həmin prioritetləri həyata keçirə
bilsək, iki ölkə arasında strateji tərəfdaşlıq
böyük uğura çevriləcəkdir. Eyni zamanda, orada
təcəssüm olunmuş prinsipləri Rumıniya nəinki
öz milli maraqları prizmasından görür, eyni zamanda,
Rumıniya hesab edir ki, bu sənəd Avropa
İttifaqının enerji və xarici siyasətinə də
töhfə verir, Avropa İttifaqının Qara dəniz
regionundakı, o cümlədən "Şərq tərəfdaşlığı"
təşəbbüslərinə də xidmət edir.
Çox sağ olun. Mən
bir daha Prezident Əliyevə bu bəyannaməni
imzaladığına görə minnətdarlığımı
bildirmək istəyirəm.
MÜXBIR (Rumıniya): Mənim
sualım Prezident Əliyevədir. Siz mətbuat
üçün bəyanatınızda Azərbaycanın neft
və qaz ehtiyatlarının daşınmasında tranzit məsələlərini
də qeyd etdiniz. Mən bilmək istərdim, Sizin fikrinizcə,
Nabukko layihəsinin həyata keçirilməsi Konstansa-Triest
layihəsinin reallaşmasına nə kimi töhfə verə
bilər?
İLHAM ƏLİYEV:
Bilirsiniz, bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan
tərəfindən irəli sürülmüş və həyata
keçirilmiş layihələr gələcəkdə
başqa layihələrin icrasına da gətirib
çıxarır. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri
tikilməsəydi və bir sözlə, əgər bu dəhliz
açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-Ərzurum qaz
kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum
qaz kəməri tikilməsəydi, bu gün Nabukko haqqında,
ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki
Nabukko layihəsinin icrası ancaq Azərbaycanın bu gün
mövcud olan qaz infrastrukturunu işə salması ilə
bağlıdır. Beləliklə,
biz görürük ki, bir uğurlu layihə o biri layihənin
icrasına gətirib çıxarır. Şübhə
yoxdur ki, əgər Nabukko layihəsi uğurla icra olunarsa,
regionda şaxələndirmə məqsədilə tikiləcək
digər kəmərlərin inşasına da gətirib
çıxaracaqdır. Bugünkü danışıqlarda həm
Nabukko layihəsi, eyni zamanda, Konstansa-Triest layihəsi
müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə
öz dəstəyini vermişdir və mən bu gün də
bunu bir daha təsdiq etdim.
TRAYAN BESESKU: İcazənizlə,
mən bu cavaba da əlavə olaraq öz şərhlərimi
vermək istərdim. Azərbaycanın
Dövlət Neft Şirkəti Avropa İttifaqı ölkələrində
öz fəaliyyətini Rumıniya vasitəsilə genişləndirmək
fikrindədir. Burada, bu layihənin həyata keçirilməsində
Dövlət Neft Şirkəti hesab edir ki, Konstansada hazırda
xam neftin saxlanılması üçün bizim tutumların
genişləndirilməsi imkanı mövcuddur. Dövlət
Neft Şirkəti bu sahədə işləmək arzusunu
bildirmişdir. Beləliklə, Dövlət Neft Şirkəti
öz resurslarını mövcud iki mümkün yol ilə nəql
edə biləcəkdir. Bu yollardan bir variant o ola bilər ki, Azərbaycan
Dövlət Neft Şirkəti Konstansada özü, yəni,
artıq tranzit olunmuş enerji
daşıyıcılarının emalı üzrə
Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə
özü məşğul ola bilər və bunu rumın həmkarları
ilə həyata keçirə bilər. Bu, birinci variant.
İkinci variant isə Dövlət Neft Şirkəti Konstansa
vasitəsilə, Konstansada xam neftin saxlanılma tutumu həcminin
daha da artırılması yolu ilə tranzit edib, daha sonra isə
onu Triestə istiqamətləndirə bilər.
Eyni zamanda,
bildirmək istəyirəm ki, Gürcüstanda - Supsa
limanında böyük bir terminal vardır. Hazırda həmin
terminalda yüksək tonnajlı tankerlər lövbər sala
bilir. Mən şəxsən özüm xam neftin həmin
tankerlərə doldurulmasını görmüşəm. Xam
neft həmin tankerlərlə Bosfor və Dardanel
boğazlarından keçməklə Avropa bazarlarına
çatdırılır. Hesab
edirəm ki, bu da düzgün bir yoldur.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 2.