Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxarestdəki Lulia Haşdeu adına Milli Kollecdə olmuşdur

 

Sentyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Buxarestdəki Lulia Haşdeu adına Milli Kollecdə olmuşdur.

Məktəbin kollektivi, Təhsil Nazirliyinin, Buxarestin ikinci sektoru meriyasının nümayəndələri binanın qarşısında Mehriban xanımı səmimiyyətlə qarşıladılar.

Məktəbli qızlar Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim etdilər. Şagirdlər Azərbaycanın və Rumıniyanın dövlət himnlərini oxudular.

Heydər Əliyev Fondunun prezidenti məktəblilərlə xatirə şəkli çəkdirdi.

Sonra Mehriban xanım Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə təşkil edilmiş kompüter otağına baxdı.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Lulia Haşdeu adına Milli Kollecə 30 kompüter dəsti və bir proyektor hədiyyə etmişdir. Kompüterlərin hamısının internetə çıxışı vardır. Kompüter otağı Azərbaycana aid əyani vəsaitlə təmin edilmişdir.

Məktəbin kollektivini kompüter otağının istifadəyə verilməsi münasibətilə təbrik edən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verdi.

Mehriban xanım dedi ki, fondun dəstəyi ilə Azərbaycanda 300-dən çox məktəb binası tikilmişdir. Lulia Haşdeu adına Milli Kollecdə yaradılmış kompüter otağı Heydər Əliyev Fondunun beynəlxalq sahədə fəaliyyətinin daha bir göstəricisidir.

Mehriban xanım Əliyeva diqqətə çatdırdı ki, bu, Heydər Əliyev Fondunun Rumıniyada təhsillə bağlı həyata keçirdiyi sonuncu layihə deyildir. Fondun təşkilatçılığı ilə yaxın vaxtlarda bir neçə rumın məktəbli Azərbaycana səfər edəcək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olacaqdır. Azərbaycana səfər edəcək məktəblilər arasında Lulia Haşdeu adına Milli Kollecin şagirdləri də vardır. Eyni qaydada, bir neçə azərbaycanlı məktəbli Rumıniyaya səfər edəcəkdir.

Təhsil ocağının kollektivi adından Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim edildi.

Göstərdiyi dəstəyə görə Mehriban xanıma minnətdarlıq edən məktəbin direktoru və Rumıniya Təhsil Nazirliyinin nümayəndəsi Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirdilər. Məhz Heydər Əliyev Fondunun dəstəyi nəticəsində Lulia Haşdeu adına Milli Kollec Buxarestdə ən müasir kompüter sinfi olan məktəbdir.

Onlar ümidvar olduqlarını bildirdilər ki, Heydər Əliyev Fondu Rumıniyada təhsillə bağlı layihələrini davam etdirəcəkdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Buxarestə yenidən səfər etməyindən məmnunluğunu bildirərək, qonaqpərvərliyə, xoş münasibətə görə təşəkkür etdi.

Azərbaycanın birinci xanımı əmin olduğunu bildirdi ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələr bundan sonra da inkişaf edəcəkdir.

Mehriban xanıma bir daha minnətdarlıq edən məktəblilər dedilər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış kompüter otağı onların təhsildə yeni-yeni uğurlar qazanmalarına kömək edəcəkdir.

Kollektiv Mehriban xanımı səmimiyyətlə yola saldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 3.