Bakıda Türkdilli Ölkələrin
Parlament Assambleyasının
şura iclası keçirilmişdir
Türkdilli Ölkələrin
Parlament Assambleyasının Bakıda keçiriləcək
sammitində iştirak etmək üçün Azərbaycanda
səfərdə olan Türkiyə Böyük Millət Məclisinin
sədri Məhmət Əli Şahin, Qazaxıstan Parlamenti Məclisinin
sədri Oral Muxamedjanov və Qırğızıstan
parlamentinin sədri Aytibay Taqayev sentyabrın 28-də Milli Məclisə
gəlmişlər.
Əvvəlcə
qonaqlarla Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Oqtay Əsədov arasında təkbətək
görüş olmuşdur.
Sonra assambleya
şurasının iclası keçirilmişdir.
Milli Məclisin Sədri
Oqtay Əsədov qonaqları səmimiyyətlə
salamlamış və həmkarlarını əlamətdar
hadisə münasibətilə təbrik etmişdir.
Milli Məclisin Sədri
demişdir ki, 2008-ci il noyabrın 21-də İstanbuldakı
Dolmabağça sarayında Türkiyə Böyük Millət
Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin
Parlament Assambleyasının I konfransı keçirilmişdir.
Bununla da dili, dini, adət-ənənələri, müştərək
keçmişi olan xalqların daha da yaxınlaşması
istiqamətində yeni bir addım atılmışdır.
Həmin iclasda
assambleyanın birinci sammitinin Bakıda keçirilməsi qərara
alınmışdır. Sammitin Bakıda keçirilməsi
bizim üçün mühüm əhəmiyyət kəsb
edir.
Görüşdə
bildirilmişdir ki, türkdilli ölkələrin yerləşdiyi
coğrafiya dünyanın siyasi və iqtisadi həyatında
olduqca əhəmiyyətlidir. Bu qurum türkdilli ölkələr,
eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın
möhkəmləndirilməsi, mühüm məsələlərdə
ortaq mövqedən çıxış edilməsi
baxımından çox əhəmiyyətlidir.
Sentyabrın 29-da
Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk
iclası keçiriləcəkdir. İclasda Azərbaycan,
Türkiyə, Qazaxıstan və Qırğızıstan
parlamentlərinin sədrləri çıxış edəcəklər.
Türkdilli Ölkələrin
PA-nın birinci ümumi iclasında qurumun daimi katibliyinin
yaradılması və Bakı bəyannaməsinin
imzalanması gözlənilir.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 4.