Türkdilli ölkələrin Parlament Assambleyasının Bakı sammitinin iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək sammitinin iştirakçıları sentyabrın 28-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə türkdilli ölkələrlə əlaqələrə böyük önəm verdiyi xüsusi vurğulanmışdır.

Qonaqlar ümummilli liderin arxivindən götürülmüş şəxsi eksponatlarla da tanış oldular. Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar fondun ziyarətçilərinin marağına səbəb olmuşdur. Ümummilli liderin Naxçıvanda və Moskvada işlədiyi dövrlər, ulu öndərin neft strategiyası barədə də ətraflı məlumat verilmişdir.

Ekspozisiya ilə tanışlıqdan sonra qonaqlar fonda xatirə hədiyyələri təqdim etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 4.