ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə
həsr edilmiş simpozium keçirilmişdir
ABŞ-ın
Massaçusets ştatındakı nüfuzlu Tafts Universitetinin
Fletçer Hüquq və Diplomatiya Məktəbində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə həsr
edilmiş ikigünlük simpozium təşkil edilmişdir.
Müzakirələrin
ilk günü çıxış edən ekspertlər
bölgədə vəziyyəti Gürcüstandakı ötənilki
böhranın təsiri nöqteyi-nəzərindən
araşdırmışlar. Erməni və amerikalı natiqlərlə
yanaşı, ölkəmizin Los-Anceles şəhərindəki
baş konsulu, Fletçer məktəbinin məzunu Elin
Süleymanov, Azərbaycan Respublikası Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin şöbə
müdiri Gülşən Paşayeva, Azərbaycan Diplomatik
Akademiyasının nümayəndəsi Fariz İsmayılzadə,
Bakı Dövlət Universitetinin professoru Erkin Qədirli və
digərləri Dağlıq Qarabağa dair sülh prosesində
çətinliklər, perspektivlər və yanaşmalar, eləcə
də bölgənin tarixi və təmsil olunan xalqların
etnik kökləri barədə fikir mübadiləsi
aparmışlar.
Simpoziumun ikinci
günü qapalı müzakirələrlə davam
etmişdir.
Azərbaycanı təmsil
edən natiqlər vurğulamışlar ki, həll edilməmiş
münaqişələr Avrasiya bölgəsinin sabitliyinə
davamlı təhdid olaraq qalmaqdadır. Gürcüstanda 2008-ci
ilin böhranı bunu bir daha nümayiş etdirmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq prinsiplərinə əsasən uzunmüddətli
nizamlanması tapılmadığı təqdirdə bölgənin
inteqrasiyası və inkişafından söhbət gedə
bilməz. Diqqətə çatdırmışlar ki, Azərbaycan
və Gürcüstan fəal şəkildə həyata
keçirdikləri regional layihələrin hesabına irəlilədiyi
halda, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə
son qoymaması onu digər bölgə dövlətlərindən
xeyli geridə qoyur. Azərbaycan-Gürcüstan uğurlu əməkdaşlığı
Ermənistan da daxil olmaqla, bütün bölgə dövlətləri
üçün qonşuların biri-biri ilə münasibətlərdən
bəhrələnməsi modeli ola bilər.
Simpozium iştirakçıları onu da qeyd etmişlər
ki, münaqişə iştirakçısı olan dövlətlərin
vətəndaş cəmiyyətləri arasında dialoqun
yaradılması, eləcə də beynəlxalq ictimaiyyətin
münaqişənin həllində davamlı iştirakı
Azərbaycan və Ermənistan liderləri arasında
aparılan sülh danışıqlarına müsbət təsir
göstərə bilər.
Simpoziumun təşkilatçılarından biri olan Münaqişələrin Transformasiyası üzrə "İmagine" mərkəzinin həmtəsisçisi Jalə Sultanlı müzakirələrin nəticələrini AzərTAc-a şərh edərkən bildirmişdir: "Qarşımıza qoyduğumuz məqsəd Dağlıq Qarabağ münaqişəsi və bölgəyə aid mühüm məsələlər üzrə konstruktiv söhbət üçün imkan yaratmaq idi. Münaqişə iştirakçısı olan tərəflərin ekspertləri və gənc tədqiqatçıları iki gün ərzində geniş spektrli rəylərdən ibarət fikir mübadiləsi aparmışlar. Bunu, müsbət amil kimi dəyərləndiririk."
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2009.-29 sentyabr.- S. 5.