2. Azərbaycanın qiymətli kağızlar bazarı böhranın təsirlərindən effektiv qorunur

 

Qlobal maliyyə böhranının kifayət qədər zərər vurduğu sahələr sırasında yer alan fond birjaları, qiymətli kağızlar, səhm bazarı hələ də artıq bir ilini arxada qoymuş ressesiyadan əvvəlki halına qayıda bilməkdə problemlər yaşayır. Bunun nəticəsidir ki, dünyanın ən aparıcı birjalarında indekslər tez-tez dəyişməkdə və bir çox hallarda bir neçə bənd aşağı düşməkdədir.

Eləcə də istər transmilli, istərsə də regional və lokal səviyyədə fəaliyyət göstərən şirkətlərin, müəssisələrin, bankların səhmləri böhrandan əvvəlki dövrlə müqayisədə hələ də xeyli dəyər itirmiş vəziyyətdədir.

 

Dünyanın aparıcı şirkət və müəssisələri səhm ucuzlaşmasının əsirliyində

 

İndiki qlobal maliyyə böhranının başlanğıc mərkəzinin ABŞ olduğu nəzərə alınarsa, fond birjalarında əhəmiyyətli enişin ilk olaraq burada qeydə alınması da təbii xarakter daşıyırdı. Başlanan qlobal maliyyə böhranı ABŞ-ın qiymətli kağızlar, səhm bazarına ciddi təsir göstərdiyi üçün elə müəssisələr var idi ki, onların birjalarda yaşanan ajiotaj üzündən itirdikləri məbləğin miqdarı milyardlarla dollar həcmində ölçülürdü. Məsələn, qlobal maliyyə böhranının başlandığının müjdəçisi hesab olunan "Lehman Brothers" bankının özünü müflis elan etməsindən dərhal sonra onun səhmləri az qala 90 faizə kimi ucuzlaşdı. Bunun ardınca "Dow Jones", NASDAQ, S&P kimi birjalarda indekslərin böyük sürətlə dibə vurması halları qeydə alınmağa başladı. Əlbəttə ki, belə vəziyyət artıq birjalarda arzuolunmaz bir dövrün başlanmasından, səhm və qiymətli kağızlar bazarının ressesiya mərhələsinə qədəm qoymasından xəbər verirdi.

Təsadüfi deyil ki, iflas olmuş "Lehman Brothers"in ardınca ABŞ-ın digər iri maliyyə nəhəngləri də artıq səhmləri ilə bağlı ciddi problemlər yaşamağa başlayırdı. Məsələn, ölkənin ən iri banklarından biri olan "Morgan Stanley"in səhmləri 24,2 faiz düşmüşdü ki, bu da 1998-ci ildən bəri ən aşağı göstərici hesab olunurdu. "Goldman Sachs" sərmayə bankının səhmlərində isə 18,9 faiz eniş qeydə alınmışdı. Analoji tale ilə ABŞ-ın bir çox iri maliyyə müəssisələri və şirkətləri, qiymətli kağızlar sektoru, həmçinin Britaniyanın HSBC, İspaniyanın "Santader", Yaponiyanın "Nomura Holdings İnc." bankları, Çinin "CİTİC Securities" broker şirkəti və dünyanın onlarca aparıcı müəssisəsi də üzləşmişdi.

Problemin daha təhlükəli tərəfi ondan ibarət idi ki, səhmlərin belə kəskin ucuzlaşmasına baxmayaraq, onları almaq istəyənlərin sayı elə də çox deyildi. Bu da müəssisələr üçün iflas təhlükəsini qaçılmaz edirdi. Bu vəziyyətdə proseslərin gedişinə müdaxilə etmək məcburiyyətində qalan dövlət çox vaxt müxtəlif müəssisə və bankların səhmlərini özü almaq məcburiyyətində qalırdı. Məsələn, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) "American İnternational Group İnc." sığorta nəhəngini xilas etmək üçün səhmlərinin 79,9 faizinin qarşılığında ona 85 milyard dollar məbləğində kredit vermişdi. Lakin görülən tədbirlər başlanmış maliyyə böhranının aradan qaldırılması üçün kifayət etmədi. Nəticədə böhranın bir ilini arxada qoymasına baxmayaraq, birja indekslərində, qiymətli kağızlar bazarında hələ də investorları, şirkət və müəssisələri qane edən durum formalaşmayıb. Bunu "Dow Jones", NASDAQ, S&P kimi birjalarda qeydə alınan indekslər və onların tez-tez aşağı düşməsi də sübut edir.

 

Asiya, Avropa, MDB-nin iqtisadi nəhənglərinin qiymətli kağız böhranı

 

Əlbəttə ki, ABŞ-da yaranan bu vəziyyət dünyanın digər dövlətlərinə təsir göstərməyə bilməzdi. Elə buna görə idi ki, Asiyanın iqtisadi nəhənglərindən sayılan Yaponiyada "Nikkei" indeksi ötən ili 42 faizlik çöküşlə başa vurdu ki, bu da rekord göstərici sayılır. Ölkənin bir çox aparıcı şirkətlərinin səhmləri isə sürətlə ucuzlaşmağa başladı. Məsələn, dünyada kifayət qədər yaxşı tanınan "Sony Corporation"ın səhmləri rekord səviyyədə - 8,2 faiz azaldı.

Honkonqun "Hang Seng" indeksi 7,22 faiz, "MSCI Asia Pacific"in məcmu indeksi isə böhran nəticəsində ilk olaraq 2,5 faiz azaldı. Bundan başqa, Yaponiyada, Çində, eləcə də bir çox Asiya ölkələrində qiymətli kağızlar bazarında enmə halları qeydə alınmağa başladı ki, bu, həmin ölkələrin hökumətlərini hadisələrin gedişinə müdaxiləyə vadar etdi. Lakin burada da görülən tədbirlər istənilən effekti vermədi və bunun nəticəsidir ki, hazırkı dövrdə də Asiya ölkələrində qiymətli kağızlar bazarında elə də ürəkaçan vəziyyət formalaşmayıb.

ABŞ-dakı böhran Rusiyanın fond bazarlarına da güclü zərbə endirməkdə idi. İlk dövrlərdə Rusiya birjalarında səhmlərin böyük həcmdə dəyərdən düşməsi nəticəsində Rusiyanın Maliyyə Bazarları üzrə Federal Xidmətinin göstərişi ilə RTS və MBVB fond birjalarında hətta müəyyən dövrlərdə ticarət dayandırıldı. Analitiklər bildirirdi ki, bazardakı vəziyyətin bərpası üçün pul bazarındakı likvidlik böhranını aradan qaldırmaq lazımdır. Elə bu məqsədlə Rusiya hökuməti milyardlarla rubl həcmində vəsait ayırsa da, indiyə kimi yaranan çətinliyin aradan qalxdığını söyləmək mümkün deyil. Böhranın Rusiyaya təsirindən sonra bu ölkənin də qiymətli kağızlar bazarında sürətli ucuzlaşma qeydə alındı. Bir çox nəhəng şirkətlərin, məsələn, "Qazprom"un, "LUKoyl"un, "Rosneft"in səhmləri kəskin şəkildə ucuzlaşdı. Böhranın cari il ərzində Rusiyaya təsirini davam etdirməsi bu ölkənin qızıl-valyuta ehtiyatlarının az qala 300 milyard dollar həcmində "əriməsinə" səbəb olub. Postsovet ölkələrindən valyuta ehtiyatları nəzərəçarpacaq dərəcədə azalan və qiymətli kağızlar bazarında ucuzlaşma problemi yaşayan digər ölkələr sırasında Qazaxıstanın, Ukraynanın, Belarusun da adını çəkmək olar.

Təxminən eyni bir mənzərə qlobal maliyyə böhranının təsirlərinə ən çox məruz qalan məkanlardan biri kimi Avropada da özünü göstərdi. Bu qitənin aparıcı fond bazarlarında, məsələn, London birjasında hələ ötən ilin son rübündən başlayaraq ciddi indeks enişləri qeydə alınmağa başladı. Böhranın öz təsirlərini daha qabarıq şəkildə hiss etdirdiyi cari il ərzində isə birjalarda, qiymətli kağızlar bazarında geriləmə halı daha geniş vüsət aldı. Məhz bu səbəbdən Almaniya, İtaliya, Fransa, Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə ən aparıcı şirkətlərin bir çoxu belə müflis olmaq təhlükəsilə üz-üzə qalmışdı. Onların bir çoxunu sözügedən ölkələrin hökumətlərinin ayırdıqları maliyyə yardımı və ucuzlaşmış səhmlərin alınması xilas edə bildi.

Ancaq indiyə kimi də görülən tədbirlər Avropanın aparıcı birjalarında, qiymətli kağızlar bazarında mövcud problemləri aradan qaldıra bilməyib. Məhz bunun nəticəsidir ki, son 1,5 il ərzində dünya fond birjaları indeksləri təxminən 50 faiz dəyərdən düşüb. Tədqiqatlar göstərir ki, bu, həm bazar kapitallaşmasının azalması, həm də əməliyyatların sayının azalması ilə bağlıdır.
Artıq investorlar qiymətli kağızlara böhrandan əvvəlki dövrdə olduğu kimi etibar etmir. Elə sözügedən bazarda böhranın təzahürlərinin hələ də davam etməsinin önəmli səbəblərindən biri də bu amillə bağlıdır. Dünyanın aparıcı maliyyə institutlarının proqnozlarına görə, qiymətli kağızlar bazarında vəziyyət gələn ilin ortalarında tam yaxşılaşa bilər. Çünki məhz həmin dövrdə qlobal maliyyə böhranının təsirlərinin tam neytrallaşdırılacağı gözlənilir.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, qlobal böhranın hədəfinə tuş gələn əsas sahələrdən biri qiymətli kağızlar bazarı olub və bu sahədə yaranan problemlər hələ də davam etməkdədir. Lakin sözügedən bazar üzrə heç də bütün ölkələrdə problem yaşandığını da söyləmək olmaz və bunun ən bariz nümunələrindən biri kimi Azərbaycan çıxış edir.

 

Azərbaycanın dünya böhranı fonunda inkişaf etdirdiyi daha bir sahə

 

Araşdırmalar göstərir ki, qlobal iqtisadi böhranın sarsıtdığı əsas sahələrdən biri olan qiymətli kağızlar bazarında da Azərbaycanda proseslərin inkişafı müsbət istiqamətdədir. Hələ böhranın təzahürlərini qabarıq şəkildə nümayiş etdirməyə başladığı 2008-ci ildə, eləcə də sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranına yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu həm beynəlxalq maliyyə qurumları, həm də özəl investorlar, analitiklər qəbul edirlər. Elə bunun nəticəsidir ki, ötən ildən başlayaraq dünyanın bir çox ölkələrində qiymətli kağızlar bazarında böhran yaşandığı halda, Azərbaycanda bu sahədə sabit artım baş verib. Ötən ilin sonunun yekunları göstərir ki, qiymətli kağızlar bazarının həcmi 11 milyard manat olub. Bunun 9 milyard manatdan bir az çoxunu dövlət qiymətli kağızları, 2 milyard manata qədərini isə korporativ qiymətli kağızlar təşkil edib.

Cari il ərzində də bu sahədə dinamik inkişaf qeydə alınıb. Belə ki, maliyyə sektorunda təmsil olunan şirkətlərin dinamik kapitallaşması prosesi nəticəsində korporativ qiymətli kağızların artımı baş verib. Həmçinin il ərzində sözügedən sferada bazara yeni alətlər çıxarılıb. Məsələn, Mərkəzi Bank ipoteka kreditləri mexanizmini bərpa edib. Stabil iqtisadi artım şəraitində bütün bunlar xarici investorların Azərbaycan bazarına olan maraqlarının qorunub saxlanmasında mühüm rol oynayıb.

Azərbaycanda cari il ərzində qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynayan amillərdən biri də İpoteka Fondunun istiqrazları olub. Xatırladaq ki, cari ilin iyunun 1-dən adi ipoteka kreditlərinin verilməsi prosesinə başlanılıb, bunun ardınca sosial ipoteka bərpa olunub. 2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın verilməsi üçün 14 milyon manat nəzərdə tutulub və onun artıq xeyli hissəsi müvəkkil banklara verilib. Xatırladaq ki, sosial ipotekanın alınmasına şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər və onlara bərabər şəxslər, dövlət qulluğunda ən azı 3 il iş təcrübəsi olanlar, elmlər namizədləri və ya doktorluq elmi dərəcəsi olan şəxslər, idman sahəsində xüsusi xidmətləri olan şəxslər iddia edə bilər. Bundan əlavə, sosial ipotekanın alınmasına Müdafiə, Milli Təhlükəsizlik nazirlikləri hərbi sistemində, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətində ən azı 3 il qulluq edən şəxslər iddia edə bilər. Sosial ipoteka 30 il müddətinə veriləcək və kreditin maksimal həcmi 35 min manatdır.

Adi ipoteka üçün əlavə maliyyə mənbələrinin cəlb edilməsi məqsədilə cari il iyunun 16-da ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB) İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi prosesi həyata keçirilib. Hərraca 15 milyon manat həcmində adlı, faizli istiqraz çıxarılıb. Bir istiqrazın nominal satış qiyməti 1000 manat təşkil edib. İllik gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə buraxılıb və onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir. İpoteka Fondunun istiqrazları elə hərraca çıxarıldığı ilk gündən onlara tələbat kifayət qədər böyük olub.

Ümumiyyətlə, indiyədək İpoteka Fondunun xətti ilə ipoteka kreditləşməsi yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçirilirdi. Ancaq başqa mənbələr hesabına da bu sahəyə vəsait cəlbini təmin etmək üçün İpoteka Fondu tərəfindən emissiya edilmiş istiqrazlar dövriyyəyə buraxılıb. Bir məqamı da qeyd edək ki, fondun tələblərinin kifayət qədər ciddi olması nəticəsində hazırda çox sağlam və keyfiyyətli kredit portfeli formalaşıb. Bu günədək Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditləri üzrə bir dəfə də defolt halı müşahidə olunmayıb. Bu amillər isə sözügedən istiqrazların yerləşdirilməsi ilə bağlı investorların marağının gücləndirilməsinə xidmət edib.

Məhz bunun nəticəsidir ki, 16 iyun 2009-cu il tarixində bu istiqrazların yerləşdirilməsi üzrə keçirilmiş ilk hərracda 15 milyon manat məbləğində istiqrazın yerləşdirlilməsinə baxmayaraq, bazarda 8 daxili investor ümumi məbləği 22 milyon manat olan təkliflə çıxış edib. 14 iyul 2009-cu il tarixdə isə istiqrazların yerləşdirilməsi üzrə ikinci hərrac keçirilib və bu dəfə 5 milyon manat məbləğində istiqraz yerləşdirilib. Lakin ilk hərracda olduğu kimi, yenə də istiqrazlara tələbat yüksək olub.

27 iyul 2009-cu il tarixində Bakı Fond Birjasında İpoteka Fondunun ümumi həcmi 55 milyon manat təşkil edən, istiqrazların növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır. Hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 2 dəfədən çox üstələyərək 10 977 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Növbəti yerləşdirmə isə cari il avqustun 24-də olub. Bu dəfə də istiqrazların növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda 2 investor iştirak etsə də, sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 7 994 707 manat təşkil edib. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 30 milyon manata çatıb. Bu da ölkəmizdə qiymətli kağızlar bazarının inkişaf etdiyinin daha bir göstəricisi hesab olunur.

Bununla yanaşı, gələcəkdə xaricdə Azərbaycana məxsus istiqrazların da yerləşdirilməsi gözlənilir. Əsasən xarici investorlara satılacaq bu istiqrazlar avrobondlardır. Ümumiyyətlə, Azərbaycan hökuməti qiymətli kağızlar bazarını canlandırmaq üçün ciddi tədbirlər görməkdədir. Bu addımlar və ölkənin fond bazarında görüləcək işlər barədə isə cari ilin mayında xarici təşkilatlarla ölkəmizdə geniş müzakirələr aparılıb. Belə ki, Bakıda "Azərbaycan kapital bazarının inkişafı" mövzusunda donorların ilk yığıncağı keçirilib. Bununla yanaşı, müvafiq rəsmi qurumlar tərəfindən qiymətli kağızlar bazarına çıxışı asanlaşdırmaq və onu populyarlaşdırmaq üçün də xeyli tədbirlər görüb. Məsələn, qiymətli kağızlar bazarı üzrə qanunvericiliyin "Böyük 20-liy"in London sammitində qəbul olunan qaydalarına uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb.

 

Azərbaycan qiymətli kağızların idarə edilməsindən qazanır

 

Digər sevindirici hal isə ondan ibarətdir ki, dünyada müşahidə olunan maliyyə böhranının Azərbaycan Dövlət Neft Fondunun (ADNF) xaricdə saxlanılan vəsaitlərinə heç bir təsiri olmayıb. Qeyd edək ki, fondun vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlarda saxlanılır. Ancaq həmin vəsaitlər qiymətli kağızların elə seqmentində saxlanılır ki, böhranın səhm bazarından fərqli olaraq, bu seqmentə təsiri yoxdur. Buna görədir ki, ötən il həmin kağızların idarə edilməsindən fondun 300 milyon dollar mənfəəti olub. Beləliklə də hətta əmtəə birjalarında neftin qiymətində qeydə alınan gözlənilməz dəyişikliklərə baxmayaraq, 2008-ci il Azərbaycanın Neft Fondu üçün uğurlu olub. Fondun gəlirlər üzrə proqnozu özünü tam doğruldub. Ötən ilə kimi fonda gələn 20 milyard dollar vəsaitin 14 milyard dolları məhz 2008-ci ildə daxil olub. Cari il ərzində də bu sahədə yüksək göstəricilər qeydə alınmaqdadır.

Bütün bunlar qiymətli kağızlar bazarında da Azərbaycan rəhbərliyinin kifayət qədər düzgün və ən xırda detallarına qədər düşünülmüş bir siyasət yeritdiyini göstərir. Elə bunun nəticəsidir ki, istər ötən il, istərsə də cari il ərzində ölkəmizdə qiymətli kağızlar bazarında da inkişaf qeydə alınıb.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 5.