Gəncə ad gününə yeni uğurlarla gəlib

 

Qədim Gəncə daha bir boy ucaldı. 2503-cü ad gününə həvəslə, ruh yüksəkliyi ilə, yeni uğurlarla gəlib. Bütün şəhər al-əlvan libasa bürünüb. Hələ bir gün öncə el adətincə küçələri, məhəllələri, meydanları dolaşan nağaralı-zurnalı carçılar hamını şəhərin ad gününə dəvət edirdi. Gəncəlilər neçə vaxtdır bu tarixi günü intizarla gözləyirdilər.

Budur, növbəti ad günü gəlib çatdı. Bəzənib-düzənmiş şəhər elliklə ayağa qalxıb. Hamı meydanlara, parklara, bağlara axışır. Yaxınlardan, uzaqlardan gələn mötəbər qonaq da çoxdur. Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin, Türkiyə dövlətinin Azərbaycandakı səfiri Hulusi Kılıç, Belorusun ölkəmizdəki səfiri Nikolay Potskeviç, Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov, deputatlar, ziyalılar tədbirə qatılıblar.

Möhtəşəm tədbir sentyabrın 27-də ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması, Nizami Gəncəvi və Cavad xan məqbərələrinin ziyarət olunması ilə başlandı. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bayram iştirakçılarını salamladı. Xalqın tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətindən minnətdarlıqla danışdı.

İnsanlar Nizaminin yeni bərpa edilmiş abidəsi önünə axışdı. Gəncə Dövlət Dram Teatrı artistlərinin ifasında şairin ölməz əsərlərindən ibrətamiz parçalar səsləndi, ən zərif duyğular, ən ülvi arzular, ən uca mətləblər tərənnüm olundu. Ənənəvi Nizami poeziya bayramı hər ürəkdə minbir xatirə yaratdı.

Mir Cəlal Paşayev muzeyinin geniş həyətində də özgə büsat var idi. Gəncəli sənətkarların ifasında klassik musiqi səsləndi. El şənlikləri bütün şəhəri əhatə edərək Xan bağında, Füzuli parkında, Novruz meydanında, İstiqlal xiyabanında, musiqili fəvvarələr kompleksində, müxtəlif guşələrdə insanların ürəklərini oxşadı.

Ad gününün ən coşğun, ən təntənəli hissəsi sentyabrın 28-də Gəncə darvazalarının önündə oldu. "Qədimi" toplar gurladı. Söz-sənət, güc-qüvvət "məclisi" açıldı. Bu yerlərin iki nəhəngi - Nizami Gəncəvi ilə Cavad xan yada düşür. Gəncənin həmişə qələmi də iti olub, qılıncı da! Yenicə ekran həyatında əzəmətlə canlanan Cavad xan şahbaz atla sürəkli alqışlar altında meydana daxil olur. Qəhrəmanlar diyarının mərd oğulları öz hünərlərini nümayiş etdirirlər. Baxdıqca ulu tarixin ən önəmli səhifələri bir-bir varaqlanır. Bu şanlı səhifələr əsrlərin dərinliyindən xəbər verir. Hələ eramızdan əvvəl, Makedoniyalı İsgəndərin dövrünə qədər bu yerlər Şərqlə Qərbi birləşdirən karvan yolunun üzərində iri bir yaşayış məskəni olub. İllər, əsrlər boyu inkişaf edərək tədricən şəhər formasına düşüb.

Yeddinci əsrin yadigarı Comərd Qəssab məqbərəsi, müqəddəs İmamzadə türbəsi, 712-ci ildə Gəncədə hazırlanmış və indi Sankt-Peterburq Ermitajında saxlanılan gümüş dirhəm, bu gün də çağlayan qədimi kəhrizlər, möhtəşəm sarayların qalıqları, körpülər, neçə-neçə digər dəyərli abidə bu yerlərin ulu tarixindən xəbər verir. Gəncə "Arranın anası kimi" tanınırdı. Onuncu yüzilliyin əvvəllərində Arranın paytaxtı Gəncəyə köçürüldü. Sonra bu qədim şəhər Şəddadilər və Atabəylər dövlətlərinin paytaxtı oldu.

Səyyahlar, tarixçilər, müsafirlər Gəncə haqqında o qədər gözəl sözlər deyiblər ki... Ərəb alimi İbn Hövqəl yazırdı: "Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişdir. Davranışları xoşdur, alimləri dost tuturlar". Qədim Gəncə dünya mədəniyyətinə ölməz Nizami, Məhsəti xanım, Əbül-Üla Gəncəvi kimi söz-sənət sahiblərini bəxş edib.

Gəncə zəlzələsinin özü də bir tarixdir. Məşhur zəlzələ 1139-cu ildə baş verib. Kəpəz dağının qoynunda əsrarəngiz Göygöl yaranıb. Gürcülər fürsətdən istifadə edərək Gəncə qapılarını aparıblar.

O zaman Gəncədə təqribən iki yüz min nəfər yaşayırdı. Şəhər indiki Nizami məqbərəsinin ətrafında yerləşirdi. Monqolların amansız basqınlarından sonra yerlərini dəyişməli oldular.

1606-cı ildə Gəncənin yeni ünvanı yarandı. İran hökmdarı Şah Abbasın gəlişi ilə şəhər əvvəlki ərazidən təqribən yeddi kilometr kənarda, indiki yerində qərar tutdu. Həmin dövrdə azərbaycanlı memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi ilə Cümə məscidi, Çökək hamam, karvansara kompleksi tikildi, yaşayış evləri ucaldıldı, bazar-satış mərkəzi yaradıldı, küçələr, körpülər, bağlar salındı.

1804-cü ilin yanvarın 3-də isə Gəncənin tarixinə qanlı bir səhifə yazıldı. Təpədən-dırnağa kimi silahlanmış rus ordusu Gəncəyə hücum çəkdi. Qüvvələr qeyri-bərabər idi. Elin mərd oğlu Cavad xan son damla qanına kimi vuraşaraq oğlu Hüseynqulu ağa ilə birlikdə qala divarının bürcündə canını qurban verdi.

Amansız rus işğalı ilə müstəqil Gəncə xanlığına son qoyuldu. Şəhərin adı dəyişdirilib Yelizavetpol oldu. Rus çarının fərmanı ilə Gəncə adının çəkilməsi yasaq edildi. Gəncə sözünü deyən hər kəs bir ədəd qızıl pul ödəməli idi. Kim idi baxan?! Bir də görürdün ki, bir dəliqanlı qızıl kisəni ataraq ucadan qışqırdı: Gəncə, Gəncə, Gəncə!..

Qədim Gəncə həmişə mərd-mübariz, hünərli-qeyrətli olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk dirçəlişi də bu qəhrəman şəhərin adı ilə bağlıdır. 1918-ci ilin iyun-avqust aylarında burada bir sıra dövlət strukturları formalaşdı, milli ordu yaradıldı və məhz Gəncədən gedən hərbi qüvvənin köməyi ilə sentyabr ayının 15-də Bakı şəhəri rus-erməni qoşunlarından azad edildi.

Gəncə xalqın soy-kökünə, milli dəyərlərə, adət-ənənələrə fanatikcəsinə bağlı bir diyardır. Əbəs deyildir ki, el arasında belə bir deyim yaranıb: Bakı Azərbaycanın paytaxtıdırsa, Gəncə Azərbaycan ruhunun mərkəzidir.

Milli soy-kökümüzə bu dərin məhəbbətin nəticəsidir ki, şəhər gününün qeyd edilməsi kimi gözəl bir ənənə yaranıb. Gəncə hər dəfə bu bayrama yeni-yeni töhfələrlə gəlir. Şəhər başdan-başa yenidən qurulur. Bir-birindən yaraşıqlı binalar, abad küçələr, prospektlər, abidələr, muzeylər, məscidlər, bağlar, parklar şəhərə əvəzsiz yaraşıq verir. Əzəmətli çinarlar bu yerlərin iftixarıdır. Yaşı iki yüzə çatan Xan bağını dünyanın ən nadir ağac və gül növləri bəzəyir.

Bayrama yığışanlar dönə-dönə dedilər ki, son illərdə Gəncənin tərəqqisinə, abadlığına, quruculuq işlərinə xüsusi fikir verilir. Burada, sözün əsl mənasında, torpaq üzərində tarix yazılır. Əsaslı bərpa olunan, yeni yaranan abidələrin bir neçəsini yada salaq: Comərd Qəssab məqbərəsi, Cavad xan türbəsi, Dədə-Qorqud guşəsi, Gəncə emblemi meydanı, işıq və güc rəmzi olan Şir-Günəş kompleksi, müasir görkəmli Xan bağı, qızılı işləməli Ay-ulduz abidəsi, Gəncə qapıları...

Bütün bunları xatırladıqca xalqın ümummilli lideri Heydər Əliyevin dərin mənalı sözləri yada düşür: "Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk".

Bu müdrik sözlər Gəncənin şəhər günündə dəfələrlə iftixarla səsləndi. Xüsusən mərkəzi meydanda təşkil olunmuş tədbirdə ulu öndər Heydər Əliyevlə yanaşı onun layiqli davamçısı Prezident İlham Əliyevin Gəncəyə olan qayğı və məhəbbətindən geniş söhbət açıldı.

Ulu öndərin adını daşıyan əzəmətli meydan başdan-başa canlı muzeyə bənzəyirdi. Bir yanda Gəncə mətbəxi, bir tərəfdə xalqın məişətini əks etdirən səhnələr, tətbiqi sənət nümunələri, müxtəlif sərgilər adamı valeh edirdi. Digər tərəfdə folklor kollektivləri, Göygöl ansamblının ifaçıları, rəqqaslar, məzhəkəçilər, kəndirbazlar, idmançılar öz məharətlərini göstərirdilər. Qonaqlar da az deyildi. Sankt-Peterburq şəhərindən gələn balabançılar dəstəsi, Belorusun milli musiqiçiləri, Bakı Dövlət Sirkinin, Musiqili Komediya Teatrının kollektivləri, Qusarın rəqs qrupu, Masallının "Halay" folklor ansamblı, Şəkinin zurnaçıları Gəncənin bayramına xoş ovqat gətirdilər. Bir azdan isə texniki idman cəmiyyətinin paraşütçüləri öz məharətlərini göstərdilər.

Axşamüstü respublikanın tanınmış ifaçılarının iştirakı ilə açıq havada bayram konserti verildi. Sürəkli atəşfəşanlıqla Gəncənin ad günü başa çatdı.

Qədim Gəncənin 2503-cü ildönümü bu hünərvər diyarın adına layiq qeyd olundu. Nizami yurdu daha böyük hünərlə, inamla və ilhamla öz zəngin həyatının yeni bir pilləsinə qədəm qoydu.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S.6.