Ölkədə
uşaqların sağlam, dünyagörüşlü, kamil səviyyədə
böyüməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı
ilə 2009-cu il Uşaq ili elan edilmişdir.
Bu yaxınlarda isə
ölkə başçısı "Məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi ilə əlaqədar əlavə
tədbirlər barədə" yeni sənəd
imzalamışdır. Hazırda respublikada 100 mindən
çox uşağı əhatə edən 1604 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd etmək
lazımdır ki, uşaq bağçalarının yenidən
qurulması, onların lazımi avadanlıqlarla təchiz edilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
son illər Salyan rayonunda da xeyli işlər
görülmüşdür. Belə ki, 15 uşaq
bağçasının hamısı əsaslı şəkildə
təmir olunmuş, onlara yeni avadanlıqlar verilmişdir. Həmin
uşaq müəssisələrinə 715 uşaq gəlir və
onlarla 101 nəfər tərbiyəçi məşğul
olur.
Bu günlərdə
rayonun Qaraçala qəsəbəsində yeni uşaq
bağçası istifadəyə verilmişdir. Müasir
tipli, 36 uşaq yerli, hər cür avadanlıqlarla təchiz
edilmiş bağçanın istifadəyə verilməsi ilə
əlaqədar keçirilən tədbiri Salyan Rayon İcra
Hakimiyyətinin başçısı Rasim Bəşirov
açmışdır.
Sonra "Salyan OYL"
LTD şirkətinin meneceri Tariyel Yolçiyev, şəhid
Qubad Eyvazovun anası Minayə Eyvazova və başqaları
çıxış edərək uşaqlara göstərilən
diqqət və qayğıya görə ölkə Prezidenti
cənab İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər.
Seyran CAVADOV
Azərbaycan.- 2009.- 29
sentyabr.- S. 6.