Unudulmaz nəğmələr

 

Bülbül Fondunda "İstiqlal" ordenli, xalq artisti Polad Bülbüloğlunun "Oxuyardı BülbülE Oxuyur Polad Bülbüloğlu" adlı CD-nin təqdimat mərasimi keçirildi. Rafiq Babayev adına səsyazma studiyasında hazırlanmış yeni CD-də mahnıları aranjiman edən bəstəkar Siyavuş Kərimidir. Yeni layihədə musiqi həvəskarlarına Azərbaycan xalq mahnıları təqdim olunub.

Polad Bülbüloğlu bildirdi ki, onun yaradıcılığında musiqinin bir çox janrına aid örnəklər - ciddi simfonik əsərlər, baletlər, mahnılar, instrumental melodiyalar yer alıb. Lakin buna baxmayaraq vaxtilə ölməz Bülbülün böyük şövqlə oxuduğu Azərbaycan xalq mahnılarını, el havalarını yeni musiqi çələngində bir araya toplayaraq pərəstişkarlara təqdim etməyin zərurətini duyub. Yeni aranjimanda təqdim olunan mahnılardan bir neçəsini də canlı ifa edən Polad Bülbüloğlu söylədi: "Əlbəttə, nə mənim səsim Bülbülün avazı kimi məlahətlidir, nə də elə geniş vokal imkanlarım var. Sadəcə olaraq, doğma ellərə bəslədiyim sevgimi, ata yurduna olan müqəddəs duyğularımı əks etdirmək üçün qəlbimi titrədən o unudulmaz vətən nəğmələrinə müraciət etdim. Həm də bu mənim övladlıq borcumdur".

Xalq artisti Arif Babayev həm Polad Bülbüloğlunu, həm də məclis iştirakçılarını təbrik edərək dedi: "Polad böyük Bülbülün oğludur, onun mənəvi varisidir, o oxuduqca mən həyəcanlanırdım. Bir Allah bilirdi ki, xəyalım hara qanadlanırdı. Arzulayıram ki, Bülbülün ruhu dolaşan doğma Qarabağda bir daha bu nəğmələri eşidək".

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Moskvada yaşayan həmyerlimiz Rafik Rəhimov və başqaları yeni CD ilə bağlı öz fikirlərini söylədilər. Yeri gəlmişkən, "Palmali" şirkətlər qrupunun sponsorluğu ilə işıq üzü görən disk satış üçün deyil, dostlara hədiyyədir.

Yüksək səviyyədə hazırlanmış "Oxuyardı Bülbül...EOxuyur Polad Bülbüloğlu" adlı CD-nin içində Polad Bülbüloğlunun yaradıcılığını əks etdirən açıqcanın olması da bəstəkarın musiqi fəaliyyəti haqqında ətraflı bilgi vermək baxımından dəyərlidir. Burada Azərbaycan mədəniyyətinə uzun illər xidmət edən Polad Bülbüloğlunun yaradıcılığına güzgü tutulur. Bu güzgünün ilk görüntüsündə "Gəl, ey səhər" deyib işıqlı sabahlar arzulayan yaraşıqlı, şux bir gəncin pərdə-pərdə ucalan harayı eşidilir. Sonda isə saçları bəyazlaşmış musiqi xadiminin Xarı bülbüllə bağlı dilləri dolaşan həqiqət libaslı bir əfsanənin ibrətamiz mənaları açılır. Dünyanın heç harasında göyərməyən bu çiçəyə Şuşadan ayrı həyat yoxdur. Mənalı sonluqdur. Dünyalarca məşhurlaşsaq, zirvələrə ucalsaq belə ruhumuzun ünvanı Vətən, doğma yurd bizi özünə çəkməkdədir.

O gün axşam Bülbül Fonduna toplaşanlar həqiqətən xoş bir təəssürat yaşadılar. Həm yeni ifaya qulaq asdılar, həm evlərinə sovqat apardılar (CD nəzərdə tutulur), həm də bir xiffətli arzunun gerçəkləşməsinə inandılar. vaxtsa belə bir gün mütləq Şuşada olacaq.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 7.