Prezident İlham Əliyev
Rumıniya Senatının
sədri Mirça Coana ilə görüşmüşdür
Sentyabrın 29-da
Prezident İlham Əliyev Rumıniya Senatının sədri
Mirça Coana ilə görüşmüşdür.
Mirça Coana bildirdi
ki, ölkəsi Azərbaycan ilə ikitərəfli münasibətlərə
böyük önəm verir və əlaqələrimiz
strateji xarakter daşıyır. Azərbaycan Prezidentinin
Rumıniyaya rəsmi səfərinin əhəmiyyətini
vurğulayan Senatın sədri dedi ki, "Azərbaycan
bütün sahələrdə mühüm dövlətdir,
bizə dost ölkədir".
Ümummilli lider Heydər
Əliyevin Azərbaycanın inkişafında əvəzsiz
xidmətlərini xüsusi qeyd edən Mirça Coana ölkəsinin
Azərbaycan ilə əlaqələrinin bundan sonra da daim
inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Prezident İlham Əliyev
Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin
uğurla inkişaf etdiyini dedi. Siyasi, iqtisadi əlaqələrimizin
genişləndiyini, enerji sahəsində əməkdaşlığın
yaxşı perspektivlərinin olduğunu bildirən dövlətimizin
başçısı səfər çərçivəsində
prezidentlərin imzaladığı "Azərbaycan
Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannamə"nin
əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu sənəd
geniş sahələri əhatə edir, əlaqələrimizin
ruhunu əks etdirir. Prezident İlham Əliyev Bəyannamənin
əlaqələrimizin bundan sonra da genişlənməsinə
öz töhfəsini verəcəyini bildirdi.
Dövlətimizin
başçısı ikitərəfli münasibətlər
baxımından qarşıda böyük birgə layihələrin
olduğunu dedi və bildirdi ki, Avropaya inteqrasiya məsələlərində
Rumıniya Azərbaycana dəstək verir.
Görüşün
sonunda Mirça Coana Rumıniya Senatının 140 illiyinə
həsr olunmuş xatirə medalını Prezident İlham Əliyevə
təqdim etdi.
Azərbaycan Prezidenti
Senatın xatirə kitabına ürək sözlərini
yazdı.
AzərTAc
Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 1.