Sentyabrın 29-da
Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının
sədri xanım Roberta Anastase ilə
görüşmüşdür.
Xanım Roberta Anastase
dedi ki, ikitərəfli əməkdaşlığımız
inkişaf edir, getdikcə genişlənən parlamentlərarası
əlaqələr isə bu münasibətlərə töhfə
verir. Ölkələrimiz beynəlxalq
təşkilatlar çərçivəsində
uğurla əməkdaşlıq
edir.
Deputatlar
Palatasının sədri Azərbaycan Prezidentinin Rumıniyaya
rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. O, Heydər
Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək
qiymətləndirdi, bildirdi ki, ölkələrimiz arasında
mədəniyyət sahəsində əməkdaşlığı
daha da inkişaf etdirmək lazımdır.
Prezident İlham Əliyev
dedi ki, əlaqələrimiz bütün sahələrdə
uğurla inkişaf edir. Parlamentlərarası əlaqələrin
əhəmiyyətinə toxunan dövlətimizin
başçısı bildirdi ki, bu sahədə də əməkdaşlığımız
tərəqqi edir. İkitərəfli münasibətlərin
inkişafı üçün möhkəm hüquqi baza
vardır.
Dünən
imzalanmış "Azərbaycan Respublikası və
Rumıniya arasında strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannamə"
ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini
əhatə edir və bu sənəd münasibətlərimizin
inkişafına töhfə verəcəkdir.
Heydər Əliyev
Fondunun Rumıniyadakı fəaliyyətinə toxunan Prezident
İlham Əliyev dedi ki, bu, əməkdaşlığımızın
intensivliyinin göstəricisidir.
Dövlətimizin
başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində
Rumıniyanın mövqeyini xüsusi vurğuladı.
Azərbaycan Prezidenti
ölkələrimizin iqtisadi, o cümlədən energetika sahəsində
əməkdaşlığına toxundu, Rumıniyanın
Avropaya inteqrasiya məsələlərində ölkəmizə
verdiyi dəstəyi qeyd etdi.
Əlaqələrimizin
möhkəm siyasi əsasının olduğunu vurğulayan
Prezident İlham Əliyev diqqətə çatdırdı
ki, bu da ölkələrimiz arasında müxtəlif istiqamətlərdə
əlaqələrin inkişafına təkan verir.
AzərTAc
Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 1.