Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammiti keçirilmişdir
Sentyabrın 29-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) birinci ümumi iclası keçirilmişdir. İştirakçılar əvvəlcə Milli Məclisdəki Heydər Əliyev xatirə zalına baxmışlar. Burada qonaqlara ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkələrin, dövlət və hökumət nümayəndələrinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilmişdir.
Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri Xatirə kitabına ürək sözlərini yazmışlar.
Sonra sammit öz işinə başlamışdır.
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov tədbiri açaraq iştirakçıları salamlamış, səmərəli və uğurlu iş arzulamışdır. O ümidvar olduğunu bildirmişdir ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar ilk addımlarını atan təşkilatın səmərəli fəaliyyəti üçün möhkəm təməl yaradacaqdır.
O.Əsədov demişdir ki, müasir dünyada regional inteqrasiya prosesləri getdikcə daha geniş vüsət alır. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması və fəaliyyətə başlaması xalqlarımızın tarixində son dərəcə mühüm bir hadisədir. Əslində, bölgələrimizin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyin və əməkdaşlığın vacibliyini ön sıraya çıxarmışdır. İndiyədək ölkələrimiz arasında siyasi dialoqun ən mühüm platforması türkdilli dövlət və hökumət başçılarının mütəmadi keçirilən zirvə toplantıları olmuşdur. Bu toplantılar bölgələrimizin siyasi, iqtisadi, mədəni və digər problemlərinin həllinə, türk birliyi ideyasının gerçəkləşməsinə mühüm töhfələr vermişdir.
Eyni kökdən olan, ortaq milli mədəni dəyərləri bölüşən dost və qardaş xalqlarımızın parlament məclisi də ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin genişlənməsinə kömək göstərəcək, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə yol açacaqdır. Təşkilatımızın fəaliyyəti bölgələrimizin hərtərəfli inkişafına, dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə yönələn işlərə dəstək verəcəkdir.
Milli Məclisin Sədri bildirmişdir ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artmışdır. Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası dövlətlər arasında siyasi dialoqun inkişafına sanballı töhfələr verir. Hesab edirəm ki, TÖPA-nın fəaliyyəti bu baxımdan da səmərəli olacaqdır.
Bu Assambleya parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrimizin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır. Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələr həyata keçirilməkdədir. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri uğurla fəaliyyət göstərir, digər enerji-nəqliyyat layihələrinin tamamlanacağı gün uzaqda deyildir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarına tərəqqi və inkişaf gətirəcəkdir.
O.Əsədov vurğulamışdır ki, uğurlardan və nailiyyətlərdən danışarkən problemləri də yada salmaq lazımdır. Mən ilk növbədə Azərbaycanın qarşılaşdığı davakar millətçilik və etnik separatizm problemini nəzərdə tuturam. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Azərbaycan bu münaqişənin hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında dinc vasitələrlə həll edilməsi yoluna sadiqdir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaqdır. İnanıram ki, bölgələrimizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcəkdir.
Qazaxıstan Parlament Məclisinin sədri Oral Muxamedjanov bugünkü tədbiri türkdilli ölkələrin birliyi istiqamətində atılan mühüm hadisə kimi qiymətləndirmişdir. O demişdir ki, müstəqilliyimizi bərpa etdikdən sonra əlaqələrimiz bütün sahələrdə, yeni müstəvidə inkişaf etməyə başlamışdır. Biz müxtəlif beynəlxalq təşkilatlarda faydalı əməkdaşlıq edirik. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların üzvləriyik. Lakin Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması bizim birliyimiz istiqamətində çox mühüm addımdır. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Bu ideyanı dəstəklədiklərinə görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla digər türkdilli ölkələrin dövlət başçılarına minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, TÖPA gələcəkdə çox böyük nüfuza malik olacaqdır və biz digər türkdilli dövlətlərin parlamentlərini də üzv qəbul edəcəyik. O.Muxamedjanov türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsinin, sərmayə qoyuluşunun artırılmasının vacibliyini vurğulamışdır.
Qırğızıstan Parlamentinin sədri Aytibay Taqayev çıxışa başlamazdan əvvəl bu yaxınlarda İstanbulda baş vermiş təbii fəlakət zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə nümayəndə heyətinə başsağlığı vermişdir.
O demişdir ki, ötən müddət ərzində həyata keçirdiyimiz işlər nəticəsində zəngin təcrübə toplamışıq. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Bu baxımdan TÖPA-nın gələcəkdə nümunəvi bir təşkilata çevriləcəyinə heç bir şübhəm yoxdur. Keçən ilin noyabrında İstanbulda Assambleyanın yaradılmasının razılıq sazişini imzalamışıq və həmin vaxtdan bütün dünyada sosial vəziyyət baxımından çox ciddi dəyişikliklər baş vermişdir. Dünyada yaşanan maliyyə böhranı bütün ölkələrdə olduğu kimi, bizim ölkələrimizin iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. TÖPA-ya üzv olan ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi bizim fəaliyyət istiqamətimizin ən mühüm tərəfi olmalıdır. Müsbət nəticələr əldə etmək üçün səylərimizi birləşdirməli və ümumi şəkildə ortaq hərəkətlər etməliyik. Çoxsahəli ticarət, iqtisadi və investisiya əməkdaşlığımızı artırmaq üçün türkdilli dövlətlərin potensialından geniş istifadə edilməlidir.
A.Taqayev zəngin təbii və insan sərvətləri olan türkdilli dövlətlərin potensialına və inkişafına görə dünyanın çox vacib bir hissəsi olduğunu bildirmiş, gələcəkdə tranzit sisteminin yaradılması, kommunikasiya xətlərinin birləşdirilməsi, regionda ekoloji, təbii, texnogen və təhlükəsizlik problemlərinin həlli ilə bağlı rəy və təkliflərini bildirmişdir.
Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin Assambleyanın Bakı sammitinin keçirilməsi üçün yaradılmış şəraitə və yüksək təşkilatçılığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, əsrlər boyu bizim ortaq dəyərlərimiz olmuşdur, lakin bir sıra siyasi səbəblər üzündən təəssüf ki, 1992-ci ilə qədər arzu edildiyi şəkildə bir araya gələ bilməmişik. Türk dilində danışan dövlətlərin başçıları 17 il bundan əvvəl bir araya gəlmişlər.
Həmin vaxtdan aramızdakı ortaq dəyərlərdən güc alan əlaqələrimiz inkişaf etməyə başlamış, bütün sahələrdə çox gözəl münasibətlər qurmuşuq. Bu əlaqələrimiz yerləşdiyimiz ərazinin də beynəlxalq aləmdə əhəmiyyətini artırmışdır. 2006-cı ildə Antalyada keçirilən zirvə toplantısında türkdilli dövlətlərin parlamentlərinin də bir araya gəlməsi ideyası irəli sürülmüşdür. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü bu təklifi dəstəklədiklərinə görə cənab İlham Əliyev və Kurmanbek Bakiyevə təşəkkürümü bildirirəm. Çünki bu dəstək olmasaydı, TÖPA-nı yarada bilməzdik.
TBMM-in sədri demişdir ki, Assambleyanın yaranması digər təşkilatların və birliklərin də formalaşmasına təkan verəcəkdir. Kənd təsərrüfatı, ticarət, enerji sahələri əsas olmaqla, iqtisadi əlaqələrimiz də genişlənəcəkdir.
M.Ə.Şahin demişdir ki, TÖPA-nın ikinci ümumi iclası 2010-cu ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçiriləcəkdir. Bu toplantılar əlaqələrimizi daha da inkişaf etdirəcək və biz daha yaxın təmasda işləyəcək, bir-birimizin problemlərinə daha yaxından və həssas şəkildə yanaşacağıq. Bir araya gəlməkdən bir sıra vəzifələr irəli gəlir ki, biz onları mütləq yerinə yetirməliyik. Biz hər birimizin problemlərinə daha həssaslıqla yanaşmalıyıq. Eyni zamanda, parlamentlərimizin TÖPA çərçivəsində bir araya gəlməsi çox ciddi təcrübə mübadiləsini də ortaya çıxaracaqdır.
Daha sonra iclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, Assambleyanın Nizamnaməsi, Katibliyinin Əsasnaməsi, təşkilatın büdcəsi təsdiqlənmiş, baş katib və onun müavinləri seçilmişdir.
Assambleyanın növbəti, ikinci ümumi iclasının 2010-cu ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınmışdır. Həmin iclasda təşkilata sədrlik Azərbaycandan Qazaxıstana keçəcəkdir.
Sammitdə birinci ümumi iclasın Bakı Bəyannaməsi qəbul olunmuşdur.
TÖPA-nın ümumi iclasının sonunda Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv dövlətlərin parlamentlərində akkreditə olunmuş Jurnalistlər Assosiasiyası yaradılmışdır.
Bununla da sammit öz işini başa çatdırmışdır.
Tədbir başa çatdıqdan sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri mətbuat nümayəndələri üçün brifinq keçirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 30 sentyabr.- S.
2.